- SON DƏQİQƏ Dünya ŞOKda: İran ABŞ-ı vurdu?

İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgərinin öldüyü, çoxlu sayda əsgərin yaralandığı bildirilib. ABŞ prezidenti Co Bayden İranı günahlandırsa da, İran ittihamları rədd edib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp məsələyə münasibət bildirib. “Biz III Dünya müharibəsinin astanasındayıq”, - o  bildirib.

Musavat.com xəbər verir ki, CNN TÜRK "Dünya şokdadır: İran ABŞ-ı vurdu?" sərlövhəli məqalə dərc edib.

Məqalədə CNN TÜRK-ün Vaşinqton nümayəndəsi Yunus Paksoy gedən prosesləri açıqlayıb:

"Ağ Ev 3 ABŞ əsgərinin öldürüldüyünü, ən azı 25 əsgərin yaralandığını təsdiqləyib. Bayden vaxt itirmədən İranı günahlandırdı. Bu, yaxın günlərdə, həftələrdə və bəlkə də, aylarda baş verəcək hadisələrin kodlarını ehtiva edir.

ABŞ prezidenti Co Bayden deyib: "Dünən gecə İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub. Çoxlu əsgər yaralanıb. Biz hələ də bu hücumlarla bağlı faktları toplamağa çalışsaq da, bilirik ki, onlar Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirilib".

Paksoy qeyd edib ki, bu açıqlamada çox əhəmiyyətli bir məqam var:

"Bayden "terrorla mübarizə əzmimizə davam edəcəyik və əmin olun ki, məsuliyyət daşıyanları seçdiyimiz vaxt hesaba çəkəcəyik" deyir. Hətta iki cümlə birlikdə oxunmalıdır: "Biz bunun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən dəstəkləndiyini bilirik" və “Biz onlardan istədiyimiz şəkildə və istədiyimiz vaxt, seçdiyimiz yerdə və vaxtda hesab istəyəcəyik”. Bu, gərginlik baxımından çox vacib bir nüansdır. Oktyabrın 7-də Qəzzada törədilən qırğından bu yana, Suriya və İraqdakı ABŞ bazalarına 158 hücum edilib, heç bir ABŞ əsgəri ölməyib və ya ciddi xəsarət almayıb. Yalnız bir subpodratçı infarktdan ölmüşdü. Oktyabrın 7-dən bəri ilk dəfə olaraq ABŞ əsgərləri birbaşa düşmənin atəşi nəticəsində həlak olur.

Məsələ ilə bağlı reaksiyalar gəlməyə başlayıb. ABŞ senatoru Qrem deyib: “Nə qədər ki, Bayden administrasiyası iranlılara bunu etməməyi deyir, iranlılar bunu edir. Ağ Evin ritorikasına İranda heç kim qulaq asmır. Mən Bayden administrasiyasını İran daxilində mühüm hədəfləri vurmağa çağırıram".

CNN TÜRK-ün Vaşinqton nümayəndəsi bildirib ki, ABŞ-da siyasətin dili çox sərtləşə bilər, çünki ən yüksək rütbəli konqresmenlərdən və senatorlardan mesajlar gəlir ki, İrana birbaşa zərbə vurulmalıdır, İrana hücum edilməlidir:

"Daxili siyasətdə çaşqınlıq yaşayan Bayden administrasiyası artıq xarici siyasətdə daha çox təzyiq hiss edəcək. Seçkilərə 9 ay qalıb və ABŞ əsgərlərindən 3-ü ölür, 25-i isə yaralanır. Onların arasında ağır yaralananlar da var. Hesab və cavab verməli olan bir Bayden administrasiyası var. Hesabatların hazırda Pentaqon, CENTCOM və Ağ Ev arasında aparılacağı güman edilir".






Fikirlər