“Ermənilər ağıllarını başlarına yığsınlar, yaxın 1 həftə, 10 gün ərzində...”

“Ermənilər ağıllarını başlarına yığsınlar, yaxın 1 həftə, 10 gün ərzində...”  

Ermənistanın arxasında duran və ona dəstək olan dövlətlər yaxın zamanda bu oyunun sonunu görəcək və mövqelərindən geri çəkiləcək. O zaman Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaq”. 

 

"AzerTaym.az" bildirir ki,bu fikirləri “Yeni Sabah”a Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması perspektivini şərh edərkən bildirib. O deyib ki, Ermənistanın havadarları hər yolla sülh prosesinə mane olurlar: 

“Məsələ bundan ibarətdir ki, 30 il dünyanın gözü qarşısında Azərbaycan torpaqları işğal altında qalıb. 1 milyon vətəndaşımız evindən, yurd-yuvasından didərgin düşüb, 300 min azərbaycanlı Azərbaycan torpaqları olan indiki Ermənistandan qovulub. Birləşmiş Millətlər Təşkilatının bu barədə 4 qətnaməsi vardı. Ancaq buna baxmayaraq, bütün beynəlxalq təşkilatlar bu problemi həll edə bilmədi. Nəhayət, Azərbaycan yeni reallıq yaratdı. Ona görə də, qalib dövlət olaraq, Azərbaycan Respublikasının haqqı var desin ki, dünya bu reallığı qəbul etməlidir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bütün əraziləri üzərində suveren hüququnu bərpa edib, indi isə 30 il torpaqlarını xarabalığa çevirən bir dövlətə sülh təklif edir. Amma Ermənistanı gizli və aşkar şəkildə dəstəkləyən, hələ də yanında olan qüvvələr güclənməkdə olan Azərbaycan və türk dövlətləri, bu dövlətlərin birliyinin yaranmasından əndişəyə düşür. Özlərini demokratiya, hüquq mələkləri hesab edənlər hərc vəchlə Azərbaycan və Ermənistan arasında olacaq sülhə əngəl olurlar. Təbii ki, belə bir halda biz öz haqq və hüquqlarımızı yerinə yetirməyə çalışacağıq. Ancaq heç kəsə baxmadan məsələni həll etmək fikri doğru deyil. Doğrudur ki, dövlətimiz hər mənada, istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qarşı tərəfi diz çökdürməyə qadirdir. Bütün resursları yox dərəcəsində olan Ermənistanı 1 həftə, 10 gün ərzində diz çökdürmək Azərbaycan üçün çətin proses deyil. Lakin Azərbaycan bu günə qədər hər bir addımını beynəlxalq hüquq çərçivəsində atıb. Biz işğalçı deyilik, bütün dünyaya sülh istədiyimizə son ana qədər göstəririk. İstəyimiz Cənubi Qafqazda rifah və asayişi qoruyub saxlamaqdır. Dövlət başçımızın da dediyi kimi, biz Zəngəzura, dədə-baba torpaqlarımıza qayıdacağıq, amma, tankla, topla deyil. Maşınlarımıza, qatara minib oraya gedəcəyik. Bu belə olacaq”. 

Xalq artisti vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh bağlamağa məcbur olacaq: 

“Heç bir Azərbaycan vətəndaşı Ermənistanın xəstə cəmiyyəti kimi savaş qışqırıqları sərgiləmir, amma haqqımız olanı da kimsəyə vermək fikrimiz yoxdur. Dünyada belə bir həqiqət də var ki, yaranı sağaltmağın çarəsi əməliyyat etməkdir. Ona görə düşünürəm ki, cərrahi əməliyyata ehtiyac duymadan Ermənistan Azərbaycanın sülh təklifini qəbul etməyə məcbur olacaq. Bu gün həmin dövlətin arxasında olanlar oyunun sonunu gördükləri üçün bu mövqelərindən geri çəkiləcəklər və Ermənistan Azərbaycan və Türkiyə ilə üzbəüz qalmış olacaq. Bunu orada ağlı başında olanlar başa düşürlər, ancaq başqalarının xaricdən yemlədikləri adamlar revanşist fikirlərlə yaşayırlar. Düşünürəm ki, Azərbaycan sülh şəraitində daha çox işlər görə, hədəflərə çata bilər. Biz öz potensialımızı savaşa yox, abadlığa, quruculuğa sərf etsək daha faydalı olar. Amma qarşı tərəf xoş niyyətimizi anlamayacaqsa, Ali Baş Komandanın da dediyi kimi, dəmir yumruq yerindədir”. 






Fikirlər