Qarabağ ermənilərinin geri dönməsi üçün müzakirələr aparılır? - Zaxarovanın müəmmalı açıqlaması

Qarabağ ermənilərinin geri dönməsi üçün müzakirələr aparılır? - Zaxarovanın müəmmalı açıqlaması

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bir uzun qaranlıq tuneldə olsa da, gec-tez sonunda işığın olacağına bir ümid var. Sərhəddə baş verən son silahlı insident təəssüf ki, həm işığı, həm ümidi çox sönük duruma saldı. Amma, tamam öldürmədi. Hadisəyə münasibət bildirən əksər siyasi şərhçilər son təxribatın sülh danışıqlarına mənfi təsir edəcəyi qənaətindədirlər. Məntiqlə doğru yanaşmadır. Amma, təxribatlar yalnız sərhəddə olmur ki... 
 
Diplomatiyada olan təxribatın təhlükə dərəcəsi bəzən silahlı insidentdən daha yüksək olur. Qərbdən gələn təxribatlar məlumdur: “binokl diplomatiyası”, qərəzli ittihamlar, Avropa Şurasından gələn məlum birillik sanksiya və sairə. Şimal sakit dayanırmı? Bir müddət davam edən şimal sükutu son günlər ard-arda pozulur. Əvvəlcə RF XİN müavini Mixail Qaluzin və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin eyni gündə Qarabağ ermənilərinin geri dönməsi üçün Rusiyanın “hər cür kömək göstərməyə hazır olduğunu” bəyan edirlər. Bu gün -fevralın 14-də RF XİN sözçüsü Mariya Zaxarova isə daha da irəli gedərək Qarabağ ermənilərinin geri qayıtması üçün Azərbaycanla müzakirələr aparıldığını bəyan edib. Zaxarova: “Müzakirə olunan məsələlər arasında Ermənistan əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi qaydada təmin edilməklə Qarabağa qayıtması perspektivləri, birgə patrul xidmətinin təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var”.  Qarabağda hələ də Rusiya hərbi kontingenti qalır və ermənilərin könüllü kütləvi köçündən sonra bu kontingentin ilkin funksiyası faktiki olaraq bitib və Azərbaycan ərazisini razılaşdırılmış vaxtdan əvvəl tərk etmələri məntiqli olardı. Sadəcə, bəzi geosiyasi prosesləri nəzərə alaraq 2025-ci ilin 10 noyabrınadək Qarabağda qalmaları məqsədəuyğun hesab edilir. Amma, Zaxarovanın dedikləri bu kontingentin mövcud funksiyasına uyğun deyil. “Birgə patrul xidməti” nə deməkdir? Azərbaycan vətəndaşlığını qəbul edəcək Qarabağ ermənisinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının vəzifəsidir, başqa bir dövlətin hərbi kontingentinin yox.“Mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi” deməklə, bizi vandalizmidəmi ittiham etmək istəyirlər. 1828-ci ildən başlayaraq Rusiyanın İrandan Qarabağa köçürdükləri ermənilər 30 il ərzində Azərbaycanın işğal etdikləri ərazilərində hansı mədəni irsimizi saxlayıblar? Birinci Qarabağ savaşında Xocalı qətliamında, Şuşanın işğalında yaxından iştirak etmiş Aşot Qulyanın, Xocavənddə faşist Njdenin, Bakıda azərbaycanlıların qətliamına rəhbərlik etmiş Şaumyanın heykəllərinimi mədəni irs deyib qorumalıyıq? Biz nəyin irs olduğunu yaxşı bilirik. Bakıda, Şuşada, Xankəndidə və başqa yerlərdə erməni kilsələrinin qorunub saxlanması buna misaldır.
  Zaxarova deyir ki, Azərbaycanla müzakirələr aparırıq. Azərbaycan cəmiyyətində haqlı sual yaranır: həqiqətənmi Zaxarovanın dediyi kimi Qarabağ ermənilərinin geri dönməsi və onların hüquq və təhlükəsizliyinin Rusiya sülhməramlıları tərəfindən təmin edilməsi Azərbaycanla müzakirə olunur? Zaxarova ermənilər üçün xoş olsun deyə yalanmı danışır, yoxsa bu həqiqətdir? Qaluzin, Kopırkin, Zaxarova bir-birinin ardınca eyni bəyanatlarla çıxış edirsə, deməli, Kreml Qarabağda gərginliyi ermənilərin iştirakı ilə qızışdarmağı planlayır. Mövqeyimizi bəri başdan bildirməyimiz perspektiv təhlükənin qarşısını vaxtında ala bilər.
  
 Moderator.az

 






Fikirlər