Rusiyanı “çökdürmək” üçün seçilən “QURBAN”: “Bütün ssenarilərdə Ukraynanın uduzdurulması...”
“Rusiyanın zəifləməsi Çinin güclənməsi, Çinin güclənməsi isə ABŞ-nin yox olması deməkdir”. Bu fikirləri Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə olunan proseslərin savaşın taleyinə mümkün təsirini şərh edən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Rusiya-Ukrayna müharibəsinin nəyin bahasına olursa-olsun, dayandırılmasının tərəfdarıdır: “Çünki Avropa Rusiyadan ucuz qiymətə xammal idxal edirdi. Müharibə isə istər aqrar, istərsə də digər sahələrdə böyük problemlərin yaranmasına səbəb olub. Əlavə olaraq, oyunun başında duran ABŞ Ukraynanı Rusiyanı zəiflətmək üçün qurban seçdi. Lakin ABŞ planlarının istədiyi kimi getmədiyinin fərqinə vardı. Yəni Rusiyanın zəifləməsi Çinin güclənməsi, Çinin güclənməsi isə ABŞ-nin yox olması deməkdir. Belə olan halda isə üstünlüyü yenidən Rusiyaya verməyə məcbur oldular. Həmçinin Rusiyanın Avropa və ABŞ-dakı proseslərdən ustalıqla yararlandığını da xüsusi qeyd etmək lazımdır. Artıq dünya siyasətçiləri belə Ukraynanın parçalanmaq üzrə olduğunu prqonozlaşdırırlar. Zelenski Qərbin hazırladığı oyunun bir parçası idi. Ukraynanın güclü dövlət olmasını istəmirdilər. Çünki Ukrayna taxıl və dənli bitki istehsalına görə dünya sıralamasında ilk üçlükdə qərarlaşırdı. Bu isə həm Kanada, həm ABŞ, həm də Rusiyaya mane olurdu. Yaranmış vəziyyət isə sadalanan hər bir ölkənin maraqlarına uyğundur. Zelenski isə siyasətdən uzaq biri olduğuna görə populistcəsinə ortaya düşərək Ukrayna kimi güclü bir ölkəni çökdürdü. Eyni zamanda, Ukraynada korrupsiyanın yüksək səviyyədə olduğunu da unutmaq olmaz. Onlara edilən bütün yardımlar talan edilib. Buradan da müharibənin bir biznes layihəsi olduğu görünür. Həmin layihədə isə həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən Ukrayna uduzdu. Rusiya isə siyasi qələbədən sonra hərbi müstəvidə də qalib gəlməkdədir. Xarkovun da itirilmədi ilə müharibənin taleyi tam həll olunacaq”.