"Nikol oyun qurub, İrəvanın taleyi qorxuludur" - Minçenko
Ermənistan, Qazaxıstan və Moldova kimi postsovet ölkələrindəki vəziyyət narahatlıq doğurur. AzerTaym.az axar.az-a istinadən bildirir ki, bunu "Minçenko konsaltinq" şirkətinin prezidenti Yevgeni Minçenko "Rusiyanın qonşu ölkələrlə əlaqə və dostluq reytinqi"nin təqdimatında deyib. Minçenko vurğulayıb ki, ümumilikdə tədqiqatın aşkar etdiyi əlaqə dinamikası həyəcanverici görünür: "Qazaxıstan bir vaxtlar postsovet məkanında inteqrasiyanın qabaqcılı, keçmiş prezident Nazarbayev bir vaxtlar Avrasiya inteqrasiyasının və bir çox digər inteqrasiya proseslərinin yaradılmasının əsas ideoloqu olub. Bütün bunların fonunda Qazaxıstanın reytinqinin aşağı düşməsi olduqca qorxulu görünür. Ermənistandakı vəziyyət təkcə Rusiya ilə münasibətlər nöqteyi-nəzərindən deyil, həm də bütövlükdə ölkənin gələcək taleyi baxımından qorxuludur. İrəvan elə bir oyun qurub ki, bütün səhvləri, səhv hesablamaları Rusiyaya aid edilir. Daimi tərəddüd, bəzi fikirləri atıb, sonra onlara geri qayıtmaq Ermənistandakı vəziyyəti açıq şəkildə xarakterizə edir. İrəvanın indiki hökumətinin üslubu Trotskinin 1918-ci ildəki hərəkətlərini xatırladır. Nə sülh, nə də müharibə şəraitində ordunu dağıtmaq və müttəfiqlərlə mübahisə etmək bu gün Paşinyanın fəaliyyətini səciyyələndirir".