Duqinin qorxunc proqnozu nəyə xidmət edir? (ŞƏRH)

Duqinin qorxunc proqnozu: “O dəhşətli günə çox yaxınıq...”

"Duqinin bu açıqlaması dolayısı ilə Rusiya ordusunun zəif olmasının olduğunun etirafıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Vladimir Putinin ideoloqu Aleksandr Duqinin yenidən dünyanı nüvə müharibəsilə təhdid etməsini şərh edərkən deyib.
"Duqinin niyyəti işlətdiyi axırıncı cümlələrində gizlənir. Bildirir ki, Ukraynada qalib gələ bilməsələr, bu birbaşa nüvə müharibəsinin başlanması demək olacaq. Qərbə təklif edirlər ki, Ukraynanı Rusiyaya təslim edin və bununla da nüvə müharibəsi təhlükəsi aradan qalxsın. Bu, dolayısı ilə həm də Rusiyanın narahat olduğunu göstərir. Moskva NATO dövlətlərinin yenidən konsalidasiya olunmaqla Ukraynada daha ciddi dəstək verməsi, hətta ora ordu göndərə biləcəyindən də əndişələnir. Ukraynanı ram etmək gücündə olduğunu göstərən bir ölkə bu cür absurd ifadələr işlətməz", deyə Natiq Miri bildirib.
Həmsöhbətimizin fikrincə, Duqinin dedikləri Qərb dünyasına ciddi təsir etməyəcək:
"Çünki dünyanın yenidən şəkillənməsi mübarizəsi gedir. Rusiyanın Ukrayna üzərində qələbəsi dolayısı ilə Avroatlantik məkanın məğlubiyyəti demək ola bilər. Ona görə də Duqinin fikri sadəcə olaraq söz olaraq da qalacaq. Nüvə silahı çəkindirici məqam olaraq yararlıdır. Bundan o yana keçməsi mümkün deyil. Çünki nüvə müharibəsində qalib yoxdur". 
Qeyd edək ki, Putinin ideoloqu kimi bilinən rusiyalı strateq Aleksandr Duqin III Dünya müharibəsi başladığını və onun ilk mərhələsində olduğumuzu iddia edib: "Biz də heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Rusiyaya hücum dünyanın məhvi deməkdir. NATO indiki siyasətini davam etdirsə, məhv olma günü qaçılmaz olacaq”. 






Fikirlər