“Allah-Təala Qurani-Kərimdə “And olsun Qələmə!” deyir. Deməli, Rəbbimiz Qələmə həm and içir, həm də etibar edir. Odur ki, Qələmə sədaqətlə xidmət etmək lazımdır. Təəssüflər olsun ki, bu gün azdır bu sahədə özünə, sözünə, qələminə sədaqətli qalanlar...”
“Həsənbəy Zərdabinin ruhu şad olsun! Allah öz ömrünü Azərbaycan xalqına, onun milli mətbuatına xidmətə həsr etmiş bütün mərhum mətbuat fədailərimizə rəhmət eləsin və bu gün mətbuatımızda o tarixi ənənələri yaşadanlara uzun ömür, cansağlığı versin! Allah razı olsun!”
Bunu Moderator.az-a açıqlamasında KXCP sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu söyləyib.
“Rəhmətlik Mirzə Ələkbər Sabirin hələ 1906-cı ildə yazdığı “Ey fələk, zülmün əyandır” adlı məşhur bəhri-təvili vardır ki, orda belə deyir:
“Ey fələk, zülmün əyandır, bu necə dövri-zamandır ki, işim ahü-fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd-bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazılıb...”
Əslində üzərindən 120 ilə yaxın vaxt keçsə də, Sabirin bu əsərində dedikləri indi də öz aktuallığını itirməyib... Amma yenə də şükürlər olsun ki, bu gün Azərbaycan mətbuatında Azərbaycanımıza, dövlətimizə sevgisini, sadiqliyini, bütövlükdə qələmə sədaqəti qoruyub saxlayan, torpağımıza, vətənimizə, insanımıza xidmət edən yazarlarımız var....
Və əslində qələm sahibi olmaq çox müqəddəs bir işdir. Düzdür, bu gün artıq yazılar əsasən bilgisayarlarda işlənir, ancaq Qələm o qədər müqəddəsdir ki, Allah-Təalanın Qurani-Kərimdəki and yerlərindən biri də Qələmdir. Yaradanımız “And olsun Qələmə!” deyir. Deməli, Rəbbimiz Qələmə həm and içir, həm də etibar edir. Odur ki, Qələmə sədaqətlə xidmət etmək lazımdır. Təəssüflər olsun ki, bu gün azdır bu sahədə özünə, sözünə, qələminə sədaqətli qalanlar... Lakin həm də, öncə dediyim kimi, şükürlər olsun ki, belə qələm sahiblərimiz hələ də var...
Sizin, Moderator.az-ın simasında bütün Azərbaycan mətbuatını, xalqına, millətinə, dövlətinə xidmət edən bütün media mənsublarını təbrik edirəm. Yaxşı ki, sizlər kimi, yazarlarımız, jurnalistlərimiz var. Allah köməyiniz olsun!”, -deyə partiya lideri Milli Mətbuat Günündə öz ürək sözlərini ifadə edib.