HÜSEYN Abdullayev Rəsul QULUYEVƏ: "Sən HARANIN İTİSƏN.."
Eks-spiker Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev arasında gərginlik yaranıb. Musavat.com istinadən xəbər verir ki, Rəsul Quliyev mühacir jurnalist Emin Hüseynova verdiyi video-müsahibəsində Hüseyn Abdullayev və keçmiş səfir Arif Məmmədovun prezidentlik şansları barədə sualı da cavablandırıb. Eks-spiker onların heç birində prezidentlik potensialını görmədiyini bildirib. “Mən onların heç birini tanımıram, amma yazılarını oxumuşam. Düzdür, hamının belə bir iddiaya düşmək hüququ var, amma mən onlarda prezidentlik potensialı görmürəm”. Hüseyn Abdullayev özünün facebook səhifəsində Rəsul Quliyevə ağır ifadələrlə cavab verib. H.Abdullayev bildirib ki, Rəsul Quliyev primitiv və özünün gülünc danışıq tərzi ilə boşboğazlıq edir: “Birincisi, sən haranın itisən ki, mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi, mənim sənə qoyduğum hörmətin səbəbi, hazırda təmsil olduğun partiyanın təsisçisi və mənə yaxın olan Ağasif İbrahimovla bağlı idi. Yoxsa sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa dılqır bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən? Mənim ümumiyyətlə özündən razı olanlardan zəhləm gedir. Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki yaşlaşanda üzünə nur, kəlamlarına müdrüklük dolar. Görünür səndə əks proses gedib. Dostlar, deməli həmin bu tip Emin Hüseynovla apardığı saat yarımlıq verilişdə adı çəkilən hər kəsə qarşı mənfi fikir bildirdi. Açığı iqtidar nümayəndələrinin məni tənqid etmələrinə və haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə müxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 il Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm. Mənim yerimə hansı iş adamı olsaydı özündən və ailəsindən başqa heç nəyi düşünməz və heç şübhəsiz kral kimi yaşayardı. Bundan sonra istədiyin qədər çərənləyə bilərsən. Mənim daha sənə ayıracaq nə vaxtım, nə də istəyim var”. Rəsul Quliyevin Azərbaycanda nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə Rəsul Quliyevin təhqir olunmasına hər hansı cavab verməkdən imtina edib. “Yeni Müsavat”ın əməkdaşına öncə “Çox böyük yazı hazırlayıram, zəlzələ yaradacaq məlumat orada yer alacaq, bir qədər gözləyin”, deyən A.Şakiroğlu bir neçə saat sonra hələlik səbrli olmağa üstünlük verdiyini bildirib.