Ermənistan uğrunda mübarizədə Moskvanın yeni blits - uğuru; Ermənistandakı anti-Rusiya etirazlarının daha bir motivi; şimal qonşumuz təcavüzkar ölkənin Qərblə məhdud hərbi əlaqələrini də nəzarətə götürür...
Ermənistanda aprel döyüşlərindən sonra anti-Rusiya etirazları davam edir. Xəbər verdiyimiz kimi, bu dəfə Moskvanın Ermənistanın hava məkanını da nəzarətə almasına hədəflənmiş ortaq Hava Hücumundan Müdafiə (HHM) Sistemi yaratmaq barədə İrəvanla imzalanan sazişin ratifikasiyası ərəfəsi qonşu ölkədə narazılıq baş qaldırıb.
İrəvanda srağagünkü aksiya iştirakçıları öz əllərində “Toprağı, havanı verməyəcəyik!”, “Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik!”, “Növbəti satqınlıq addımı!” yazılmış plakatlar tutublar. Aksiya iştirakçılarından biri Tiqran Xzmalyan deyib ki, sazişin imzalanması ilə Ermənistan hədəf olacaq. “Sazişin imzalanması səhv addımdır, xəyanətdir. Bu razılaşmanı imzalamaqla biz yalnız Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik” - Xzmalyan bildirib. Onun sözlərinə görə, bu razılaşma ilə Ermənistanın gələcəyi sakit şəkildə Rusiyaya satılacaq.
***
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya müdafiə naziri Sergey Şoyqu ilə onun erməni həmkarı Seyran Ohanyan arasında imzalanmış müqavilə məhz srağagün Ermənistan parlamentində ratifikasiya edilməli idi. Lakin etirazlardan sonra prosedurun təxirə salındığı bəlli olub.
Etirazlar isə əslində gündəmdən çıxmayıb. Bəzi təhlilçilərə görə, bu aksiyaların arxasında xüsusən də 4 günlük aprel savaşından sonra Rusiya-Ermənistan münasibətlərini korlamağa, lap dəqiqi, işğalçı ölkəni Moskvadan qoparmağa çalışan Qərb, ABŞ dayanır. Bundan ötrü, yəni Rusiya əleyhinə narazılıq dalğasının güclənməsi üçün böyük paraların ayrıldığı da yayılan iddialar sırasındadır.
***
Ermənistan parlamentinin üzvü, “Azad demokratlar” Partiyasının lideri Xaçatur Kokobelyan ortaq HHM sisteminin yaradılmasını Ermənistan üçün məqbul hesab etməyənlər arasındadır. Onun sözlərinə görə, belə bir sistem Ermənistanı özünün müstəqil HHM sisteminə malik olmaq və onu inkişaf etdirməkdən məhrum edir.
“Bu anlaşma həmçinin bizim bu sahədə üçüncü ölkələr və onların təhlükəsizlik sistemləri ilə əməkdaşlığımızı məhdudlaşdırır. Bundan əlavə, Rusiya belə bir sistemi bizə qonşu olan ölkələrə münasibətdə tətbiq edə bilər ki, bu da bizim maraqlarımıza uyğun deyil” - erməni deputat qeyd edib.
Onun fikrincə, bu da hələ hamısı deyil. “Daha bir mühüm problem var: məsələ ondadır ki, sənəd Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik sistemləri arasında əngəl yaradır. Bu isə yolverilməzdir” - o bildirib. Kokobelyan bu xüsusda Ermənistanın Müdafiə Nazirliyinin arayışını inandırıcı saymadığını da söyləyib.
“Arayışdan sonra mənim narahatlığım daha da dərinləşdi. İstənilən halda biz bilirik ki, sənəd Dağlıq Qarabağın HHM sisteminə şamil edilməyəcək. Bu da hesab edirəm ki, qəbuledilməzdir. Milli Məclis Ermənistanla Dağlıq Qarabağın təhlükəsizlik sistemlərini ayıran sənədləri qəbul etməməlidir. Şəxsən mən sənədin əleyhinə səs verəcəyəm” - erməni deputat sonda əlavə edib.
***
İrəvandakı Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Meqrabyan isə sözügedən anlaşmanın Rusiyanın Cənub Hərbi Dairəsinin birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə daxil olduğunu deyir: “O sistem ki, ora Şimali Qafqaz, Abxaziya, Cənubi Osetiya və işğal olunmuş Krım daxildir. Yəni söhbət qeyri- sabit və Rusiyanın qonşu dövlətlərdə zəbt elədiyi ərazilərdən gedir”.
Ekspert sözünə davam edərək bildirir: “Faktiki surətdə bu, o anlama gəlir ki, Ermənistan öz səmasının açarını Moskvaya təqdim edir. Rusiya və NATO ilə indiki münasibətlər kontekstində bu, həmçinin o anlama gəlir ki, Moskva belə bir sazişlə Ermənistanı NATO üçün düşmən əraziyə çevirir. Bu zaman İrəvan NATO-nun mənzil-qərargahı ilə olduqca vacib bir kommunikasiya (əlaqə-red.) kanalını itirmiş olacaq. O əlaqə kanalı ki, həmişə Ermənistanın milli təhlükəsizliyinin mühüm elementi olub. Yeri gəlmişkən, bu kanal apreldəki 4 günlük müharibə zamanı situasiyanın normallaşmasına çox kömək edib - o vaxt Ermənistanın müdafiə nazirinin müavini (Tonoyan-red.) Brüsselə səfər edərək orda yüksək səviyyədə görüşlər keçirmişdi”.
***
Göründüyü kimi, Rusiya Ermənistanla ortaq HHM sistemi yaradıb onun hava məkanını öz nəzarətinə götürməklə yanaşı, həm də faktiki şəkildə Ermənistanın NATO ilə əsas əlaqə kanalını qapatmış olub. Necə deyərlər, “Qərbə boylanan” ərköyün işğalçını bu cür cəzalandırıb. İrəvanda bu müqavilə əleyhinə Qərbin (ABŞ-ın) təşkil etdiyi iddia olunan etirazların bir motivi yəqin ki, budur.
Belə demək mümkünsə, Ermənistan uğrunda mübarizədə Rusiyanın Qərb (NATO, ABŞ) üzərində növbəti blits-uğurunu qeyd eləmək olar. Alyansın Cənubi Qafqazda möhkəmlənməkdə olması fonunda ikiqat məntiqlidir. Hər halda, müqavilə Ermənistan parlamentində yəqin ki, ratifikasiya ediləcək - hər cür etirazlara rəğmən. Çünki Ermənistan rəhbərliyi sənədin əleyhinə deyil, heç ola da bilməz. Buna, sadəcə, cəsarəti çatmaz. Səbəblər aydındır yəqin ki.
Nəhayət, bu, rəsmi Bakıya da NATO ilə əlaqələrdə diqqətli olmaqla bağlı bir mesaj sayıla bilər.