Mərkəzi Bankın rəhbər vəzifələrində çalışmış Əkrəm Həsənov: “Beynəlxalq Bank 2005-ci ildən Eldar Mahmudovun patronajlığı altına keçmişdi”
Beynəlxalq Bankın sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin vəkili Aqil Layıcovun “Yeni Müsavat”a müsahibəsində dilə gətirdiyi həqiqətlər diqqət çəkir. Vəkilin söylədiklərindən belə anlaşılır ki, Cahangir Hacıyevin bu gün həbsdə olmasında Maliyyə Nazirliyinin rəhbərliyi günahkardır.
A.Layıcov nazirliyin rəhbər şəxslərini Beynəlxalq Bankın uğurlarına, xüsusən “Ficht”, “Standard and Poor”, “Moody’s İnternational” beynəlxalq reytinq təşkilatlarının qiymətləndirmələrində Maliyyə Nazirliyindən önə çıxmasını həzm edə bilməməkdə, qısqanclıqda suçlayıb. Bildirib ki, Maliyyə Nazirliyi rəhbərliyi Beynəlxalq Bankla əlaqəli ölkə rəhbərliyinə doğru olmayan məlumatlar verib və nəticə etibarı ilə bu gün bank ağır duruma düşüb, müvəkkili həbs edilib.
Vəkilin fikirlərinə vaxtilə Mərkəzi Bankda, “Bank VTB”də rəhbər vəzifələrdə çalışmış, hazırda “Antikollektor” şirkətinin rəhbəri olan Əkrəm Həsənovun münasibətini öyrəndik. Ə.Həsənov deyir ki, dövlət orqanları arasında qısqanclıq, gizli mübarizənin olması sirr deyil:
- Ara-sıra belə mübarizələr açığa çıxır. Beynəlxalq Bankla Maliyyə Nazirliyi, Mərkəzi Bank arasında da həmişə ciddi ziddiyyətlər olub. Mərkəzi Bankda çalışdığım 5 il ərzində bu mübarizənin təzahürlərini daim görmüşəm.
- Detallarını aça bilərsiz?
- Mərkəzi Bank illərlə Beynəlxalq Bankı ölkədə fəaliyyətdə olan digər bankları yoxladığı kimi yoxlaya bilmirdi. Çünki Cahangir Hacıyevin böyük nüfuzu, gücü vardı. Ona görə də Beynəlxalq Bank Mərkəzi Bankın göstərişləri, qanunlar və normalarla hesablaşmırdı. Beynəlxalq Bank faktiki olaraq bank nəzarətini həyata keçirən orqanı saymırdı. Hətta Mərkəzi Bankla Beynəlxalq Bank arasında məhkəmə çəkişməsi də olmuşdu. Əgər eyni addımları istənilən digər bank atsaydı, Mərkəzi Bank həmin bankın başından vurardı. Beynəlxalq Bankın Maliyyə Nazirliyinə qarşı da münasibəti fərqli deyildi. Beynəlxalq Bankın rəhbərliyi ilə bacarmırdılar.
- Niyə görə bacarmırdılar? Cahangir Hacıyev niyə bu qədər güclü idi?
- Ölkənin ən böyük bankını idarə edirdi. Əlində güclü maliyyə vəsaiti vardı. Digər dövlət orqanları ilə güclü əlaqələr qura bilmişdi. Sonra da bəllidir ki, Eldar Mahmudovla qohum oldular. Bu onu bir qədər də gücləndirdi. Beynəlxalq Bank dövlət orqanları ilə münasibətdə özünü elə dövlət orqanı kimi aparırdı. Mərkəzi Bank digər bankların filiallarını bağlayanda, cərimələyəndə, lisenziyalarını geri alanda Beynəlxalq Bankda yoxlama apara, heç bir sanksiya tətbiq edə bilmirdi. Beynəlxalq Bankın filial rəhbərlərini belə illik attestasiyadan keçirə bilmirdilər. Məcbur olub yazırdılar ki, attestasiyadan keçdilər. Əgər söhbət qısqanclıqdan gedirsə, bu, adamların bir-birinə qarşı etirazı ola bilər. Amma hesab edirəm ki, günahın böyük hissəsi Cahangir Hacıyevdədir.
“Mərkəzi Bank və Maliyyə Nazirliyinin rəhbər işçiləri Cahangir Hacıyevin sağ-solunda əyləşdirilməlidir”
|
- Cahangir Hacıyevin Mərkəzi Bankın sədri olacağı haqda məlumatlar da belə bir qisqanclığın ortaya çıxmasına səbəb ola bilərdimi?
- Bankirlərin arasında söhbətlərimiz zamanı biliyi, savadı olmayanı Cahangir Hacıyev kimi biri ilə əvəzlənməsinin düzgün olmadığını demişəm. Vaxtilə “Bank VTB”nin sədrinin 1-ci müavini çalışdığım dövrdə “AzMeCo” Metanol Zavodunun rəhbəri Nizami Piriyev gəlib bankdan 20 milyon kredit istədi. 2010-cu il idi və İdarə Heyəti sədrinin müavini kimi buna çox kəskin etiraz etdim, bildirdim ki, bu boş bir layihədir, sadəcə pulun yeyilməsinə hesablanıb. Amma nə oldu? Beynəlxalq Bank “Bank VTB”yə qarant dayandı və həmin 20 milyon Nizami Piriyevə verildi. Müqavilədə pulun 1 ilə qaytarılması nəzərdə tutulurdu. Təbii ki, həmin müddət bitəndən sonra pulu qaytarmadılar. Əvvəlcədən aydın idi ki, pulu Beynəlxalq Bank qaytaracaq və ödədi də. Mən Rusiya bankının Azərbaycandakı nümayəndəliyinin sədr müavini kimi görürdüm ki, «AzMeCo» dağılmış bir şeydir, bura pul vermək olmaz. Bəs sən, Beynəlxalq Bank, bunu görmürdün? Görürdünsə, bu boş layihəyə necə qarantiya verirdin?
Deməyim odur ki, öz praktikamda Beynəlxalq Bankın yeyilib-dağıdılmasını görmüşəm. Mən bu olaydan sonra “Bank VTB”nin rəhbərliyindən getdim. İndi qısqanclıqdan söhbət düşəndə, mümkündür ki, belə hallar olub, amma ümumilikdə göz qabağında olan odur ki, Cahangir Hacıyev bankı dağıdırdı. Beynəlxalq Bankda bu hadisələr baş verəndən sonra Nizami Piriyevi tutdular. Amma ilk gündən bəlli idi ki, o pullar qayıtmayacaq. Azərbaycan xalqı gərək bilsin ki, Beynəlxalq Bankdan «AzMeCo»nun, Hacı İbrahim Nehrəmlinin götürdüyü pulların böyük hissəsi heç vaxt geri qayıtmayacaq. O pulları dağıdıblar. Bunu edən isə Cahangir Hacıyevdir.
- Yəni Cahangir Hacıyev bunları özbaşına edib?
- Əlbəttə ki, yox. Beynəlxalq Bank kimə tabe idi? Maliyyə Nazirliyinə. Maliyyə Nazirliyi əvvəllər də, indi də Beynəlxalq Bankın Müşahidə Şurasının sədridir. Bütün iri məbləğli maliyyə kreditlərinin verilməsinə Müşahidə Şurasının razılığı lazımdır. Bunu qanunlar tələb edir. Yaxşı, Cahangir Hacıyev krediti verir, bəs Maliyyə Nazirliyi hara baxır? Məsələnin başqa tərəfi də var. Əgər Beynəlxalq Bank Maliyyə Nazirliyinin tabeçiliyində olaraq iri məbləğli kreditlərin verilməsinə qol çəkməyə məcbur edirsə, bunun da bir bədəli olmalı idi. Bunun adını qısqanclıq da, saymamazlığın qarşılığı da qoymaq olar. Amma məsələnin bu tərəfi də var ki, Cahangir Hacıyevi Elman Rüstəmovla müqayisə etmək olmaz.
- Niyə müqayisə etmək olmaz?
- Bu gün gedib Mərkəzi Bankda da yoxlama aparsalar, oradan xeyli zir-zibil çıxacaq. Cahangir Hacıyev də eyni şeyləri edib. Amma Elman Rüstəmov formal olaraq tabe olduğu qurumla hesablaşıb.
- Cahangir Hacıyev bu addımları atarkən savadına, biliyinə əsaslanıb, yaxud digər məqamlar var?
- Son 10 ildə Eldar Mahmudova arxalanıb. Özbaşına olmayıb.
- Axı Cahangir Hacıyev Eldar Mahmudovla 2012-ci ildə quda olub?
- Yadınızdadırsa, 2005-ci ildə Hacı Məmmədov Cahangir Hacıyevin həyat yoldaşını oğurlamışdı. Zamirə Hacıyevanı girovluqdan azad edən kim olmuşdu? Əməliyyata kim rəhbərlik etmişdi? Eldar Mahmudov. Həmin dövrdən Beynəlxalq Bank Eldar Mahmudovun patronajlığı altına girmişdi. Bununla belə, Cahangir Hacıyev çox bilikli, öz sahəsini bilən adamdır. Onu Elman Rüstəmovla müqayisə etmək olmaz. Cahangir Hacıyev kifayət qədər peşəkar, öz maraqları uğrunda hər şeyə gedə bilən kadrdır. Onun Beynəlxalq Bankın rəhbərliyinə gəlməsi də təsadüfi deyildi. Beynəlxalq Bank çox böyük bankdır və orada vəzifəli şəxslərin çoxunun qohumları işləyir.
Bankın o dövrdəki rəhbəri Fuad Axundovun bir səhvi onun kreslodan saldı. Cahangir Hacıyev orada işi qura bildi. Lakin sonradan pula hərislik, pulun gözü örtməsi o boyda bankın çökməsinə gətirib çıxardı. Amma buna görə təkcə Cahangir Hacıyevin cavabdeh olması fikrini bölüşmürəm. Bu gün onu ittiham edənlər, illərlə əməllərinə göz yumanların - Mərkəzi Bank və Maliyyə Nazirliyinin rəhbər işçiləri Cahangir Hacıyevin sağ-solunda əyləşdirilməli, onlardan da həmin əməllərə görə cavab istənilməlidir.