Hacıyevin məhkəməsində ŞOK - “4 MİN kredit istədim, dedilər ki, 1 MİLYON borcun var...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə baxış iclası davam etdirilib. Prosesdə şahid qismində tanınan şəxslər ifadə verib. C.Hacıyevin vəkili Fəxrdəddin Mehdiyev “Beynəlxalq Bank”ın layihələri ilə bağlı girov sazişlərinin bankdan alınaraq, “Beynəlxalq Bank”la bağlı 2008-2014-cü illər arasında Vergilər Nazirliyində açılan, yoxlamalardan sonra xitam verilən cinayət işi ilə bağlı, “Beynəlxalq Bank”ın 2013-2015-ci illərə aid illik maliyyə hesabatlarının, “Beynəlxalq bank”la “Aqrarkredit” QSC arasında imzalanmış sazişə dair sənədlərin, fiziki şəxslərin "Beynəlxalq bank”dan götürdükləri kreditlər ilə bağlı bankların mərkəzləşdirilmiş resyterindən çıxarışların, “Azərinşaat” MMC-yə ayrılan kreditlərlə bağlı ayrıca cinayət işində olan audit rəyinin alınaraq məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatətlər verib. Məhkəmə kollegiyasının qərarı ilə vəsatətlərə şahidlərin dindirilməsi başa çatdıqdan sonra baxılacağı bildirilib. Məhəkəmə prosesi şahidlərin ifadəsi ilə davam etdirilib. “İnter Tekstil”in əməkdaşı olan Zahid Bağırov deyib ki, rəhbərlikdən ona baş ofisə gedərək sənədlərə qol çəkmək tapışırılıb: “Məni bir maşınla apardılar. Fikirləşdim ki, yəqin işlə bağlı sənəddir. Heç bir işdən də xəbərim yox idi. Rəhbər kimi Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə şirkətin müdiri olan Şakir Xəlilov verib”. İfadə verən Samir Əliyev təqsirləndirilənlərdən Azad Cavadovun bacanağı olduğunu və onun şirkətində işlədiyi deyib. O, 2011-ci ildə Azad Cavadov tərəfindən banka gedərək sənədlərin imzalanması üçün göstəriş aldığını deyib: “Zavod üçün 780 min 700 manat kredit götürüldü". Prokuror bildirib ki, bu kredit üzrə 708 min manat əsas, 92 min manat faiz krediti qalıb. Dövlət ittihamçısı deyib ki, sənədlərdə həmin kreditin mənzil təmiri üçün götürüldüyü qeyd olunub. S.Əliyev isə bundan xəbəri olmadığını deyib. Azad Cavadovun iki dostu - Emin Nəbiyevin və Rasim Mehdiyevin adına istirahət mərkəzinin tikilməsi adı ilə, lakin Bakı Fındıq Zavodunun borclarını ödəmək üçün 1 milyon 450 min manatkredit götürüldüyü qeyd olunub. Dövlət ittihamçısı bu kredit üzrə 1 milyon 354 min manat əsas, 141 min manat faiz borcu qaldığını qeyd edib. Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova da ifadə verib: "2011-ci iləd Azad mənə zəng edərək “Nərimanov” filialında sənədlərə qol çəkməyimi xahiş etdi. Kreditin məbləği isə 750 min manat idi. Həmin kreditlə bağlı mənə heç vaxt zəng edilməyib". Prokuror deyib ki, həmin kredit üzrə 677 min əsas borc, 88 min isə fazi borcu qalır. “İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov ifadəsində 2014-cü ildə şirkətin mühafizəçilərinin ona yaxınlaşaraq kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər. Onlar Ş.Məmmədova deyiblər ki, banklardan kredit götürmək istəyərkən öz adlarına külli miqdardakredit borcu olduğunu öyrəniblər: "Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim". Şikrətin digər direktor müavini Valid Abdullayev ifadəsində mühafizəçilərin onun tərəfindən banklara yönləndirildiyini təsdiqləyib və bunu şirkətin direktru İbrahim Hüseynovun göstərişi ilə etdiyini bildirib. Şirkətin əməkdaşı olmuş şahid Rahib Hacıyev deyib ki, onun adına 440 min kredit götürülüb və 2013-cü ildən ödənilib. Şirkətin digər əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xaqani Axundo, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da rəhbərliyin tapşırığına əsasən kredit müqavilələrinə imza atdıqlarını və bunun qarşılığında pul almadıqlarını deyiblər. Şirkətin işçisi Nəsibov sənədlərə qol çəkdiyini, lakin bunun kredit müqaviləsi olduğundan xəbərsiz olduğunu deyib: "Bankdan öz adıma 4 min manat kredit götürmək istəyirdim, mənə dedilər ki, sənin adına 1 milyon 250 min manat kredit var". Prosesdə fasilə elan olunu *** Fasilədən sonra məhkəmə prosesi davam etdirilib. İclasda "Beynəlxalq Bank"ın Nərimanov filialının baş xəzinadarı İradə Cəfərova ifadə verib. O deyib ki, şirkətin əməkdaşları ofisə gəlib kredit müqavilələrinə qol çəkirdilər: "Sonra da biz pulu baş ofisdən götürüb verirdik. Kreditləri həmin şəxslərin özləri gəlib qol çəkib götürürdü". Dövlət ittihamçısı deyib ki, şahidlər ifadələrində krediti özləri götürmədiklərini dediklərini bildirib. İ.Cəfərova bunun mümkün olmadığını deyib. Bundan sonra Nərimanov filialının Marketinq şöbəsinin müdri Qalib Rzayev ifadə verərək 8 kreditin verilməsinə imza atdığını deyib: "Həmin vaxt filial direktoru işdə olmadığı üçün mən qol çəkdim. Həmin şəxslərin özləri gəlib, filialda qol çəkiblər". Məhkəmə prosesi sentyabrın 2-də davam etdiriləcək.