Rusiya telekanalı niyə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarını “unudub”?; ekspert “siyasi məsələdir” deyir
Bir müddətdir ki, Kreml hakimiyyətə yaxınlığı ilə seçilən “Rossiya-24" kanalı 2017-ci ildə dünyada keçiriləcək ən mühüm yarışların statistikasını verirlər. Bu statistikada hətta dünya ictimaiyyətinə çox az məlum olan yarışlar da yer alsa da, Azərbaycanda keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunları statistikadan kənarda qalıb. Belə ki, kanalda bu oyunlarla bağlı hər hansı bir informasiya verilmir. Bir məqamı da qeyd edək ki, kanalın istənilən mövzu ilə bağlı statistikası hər zaman dəqiqliyi ilə seçilir.
Bəs bu ilin may ayında Bakıda keçirilməsi planlaşdırılan 21 idman növü üzrə 57 dövlətin 6 000-ə yaxın idmançısının mübarizə aparacağı yarış nə üçün “Rossiya-24"ün statistikasına salınmayıb?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, bu, siyasi bir məsələdir: "“Rossiya-24" kanalının Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarını öz statistikalarına salmamaları siyasi məsələdir. Bu oyunlar heç də Rusiyada keçiriləcək idman yarışlarından əskik deyil. Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları, ümumiyyətlə, İslam ölkələri tarixində ilk kütləvi idman tədbiridir. Zənnimcə, həmin televiziya bu oyunlar haqqında da mütləq məlumatlar yaymalıdır. Əgər yaymırsa, bu, Azərbaycana qarşı informasiya blokadasının bir formasıdır. Yəni onlar Azərbaycanı təbliğ etmək, ölkəmizin böyük tədbirlərə ev sahibliyi etməsi ideyasını Rusiya ictimaiyyətinə çatdırmaq istəmirlər. Bu xətt televiziyanın öz rəhbərliyinin xətti, eyni zamanda Kremlin hansısa bir siyasi dairələrindən verilmiş göstəriş də ola bilər. Çünki burada qərəz, məkr və Azərbaycana qarşı informasiya blokadasının elementləri var. Bu baxımdan, hesab edirəm ki, məsələ ilə bağlı Azərbaycan tərəfi fəal olmalıdır. Bu məsələ Azərbaycan televiziyalarında, kütləvi informasiya vasitələrində işıqlandırılmalı və qərəzin səbəbini açan geniş yazılar dərc olunmalıdır”.
Politoloq bildirib ki, rus televiziyasının görməməzlikdən gəlmək planı pozulmalı və ona qarşı ciddi təbliğat kampaniyası aparılmalıdır: “Bəllidir ki, Rusiya kütləvi informasiya vasitələrinin hamısı pul qarşılığında iş görürlər. Azərbaycana qarşı isə tam olaraq informasiya blokadası həyata keçirirlər. Təkcə Qarabağ məsələsini qeyd etmirəm. Digər məsələlərdə də bu, belədir. Ancaq bunun əksi olaraq, ermənilərin ən xırda bir məsələsini də işıqlandırırlar. Doğrudur ki, Rusiya telekanallarının çoxunda ermənilər işləyirlər. Ancaq düşünürəm ki, bunun məsələyə bir o qədər də təsiri yoxdur. Ermənilər burada sözsüz ki, müəyyən rol oynayırlar. Ancaq bu, siyasi kursdur və siyasi rəhbərliyin verdiyi göstərişlərdir. Müəyyən mənada ermənilər bu məsələyə təsir göstərə bilsələr belə, Rusiyanın özü istəməsə, bunu ermənilər təkbaşına həyata keçirə bilməzlər”.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin də mövqeyini almağa cəhd göstərdik. Lakin zənglərimizə cavab verilmədi.