“İranı Azərbaycan qarışdırır” - Separatçıların YENİ PLANI
İranda yaşanan son hadisələr müxtəlif versiyaları gündəmə gətirdi: ekspert qrupları aksiyaların İran daxilində siyasi hesablaşmadan tutmuş, ABŞ başda olmaqla xarici qüvvələrin “idarəolunan xaos” nəzəriyyəsinə uyğun həyata keçirdiyi kimi fərqli baxışlar ortaya qoyurlar. Əslində Yaxın Şərqdə cərəyan edən siyasi toqquşmalar fonunda İrandakı aksiyalar bundan sonra da politoloji müstəvidə müzakirə mövzusu olaraq qalacaq. Lakin bizi narahat edən məqam baş verənlərin Azərbaycana bağlanması, dolayısı ilə Bakı-Tehran xəttində çatların yaranmasına hesablanmış iddiaların ortaya atılmasıdır.
Absurd iddia: “İrandakı iğtişaşlar ABŞ və İsrail tərəfindən Azərbaycan ərazisindən idarə olunur”.
Azərbaycan dövlətinin apardığı siyasət, həmçinin, mövcud situasiya bu iddianın absurd olduğunu açıq şəkildə ortaya qoyur.
- Azərbaycanın xarici siyasətində işğalçı Ermənistan istisna olunmaqla bütün qonşu dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq, daxili işlərinə qarışmamaq, əməkdaşlıq müstəvisini genişləndirmək prioritet istiqamətdir.
- İndiyə qədər ABŞ-İran qarşıdurmasında Azərbaycanın platforma olması haqda müxtəlif iddialar ortaya atılıb. Lakin bu iddiaların əsassızlığı, rəsmi Bakının bu prosesdə yer almadığı elə rəsmi Tehran tərəfindən də təsdiqlənib. Belə demək mümkünsə, Azərbaycan-İran əlaqələri bu sınaqdan uğurla çıxıb və hazırda iki ölkənin münasibətləri yüksək səviyyədir.
- Bu iddianın ortaya atılmasında “arqument” kimi Azərbaycan-İsrail münasibətlərinin yaxşı olmasından istifadə edilir. Bəli, Azərbaycan İranla əməkdaşlıq etdiyi kimi, İsraillə də öz maraqlarına uyğun münasibətlər qurur. Lakin bu, hansısa regional proseslərdə müstəvi olmaq deyil. Əslində Azərbaycan Prezidenti İlham Əliyevin Qüds məsələsində BMT qətnamələrini dəstəkləməsi Azərbaycanın müstəqil siyasət apardığını və iddia edildiyi kimi İsraillə münasibətlərdə hər hansı öhdəliyimizin olmadığını bir daha sübut etdi.
- Hazırda regionda Azərbaycan-İran-Rusiya üçtərəfli iqtisadi formatı formalaşır. Üç ölkə liderinin birbaşa iştirakı ilə həyata keçirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bütün region üçün böyük iqtisadi layihədir. Bu layihə çərçivəsində Azərbaycan, İran və Rusiya liderlərinin bu ilin birinci yarısında yeni görüşü gözlənilir. İranla böyük iqtisadi layihələrə imza atan Bakı nədən hansısa təhlükəli oyunlarda iştirakçı olsun?!
Göründüyü kimi, belə iddialar absurddur və bunun absurd olduğunu İran tərəfi də anlayır. Lakin bu iddianı ortaya atan şəxsin kimliyini və məqsədini araşdıranda ortaya maraqlı faktlar çıxır.
İsmayıl Şabanov: Azərbaycanı İrandakı proseslərə “bağlayan” bu şəxs Rusiyada “Talış diasporu” adlanan təşkilatın sədridir. Şabanov 1965-ci ildə Azərbaycanın Lənkəran rayonunun Havzava kəndində doğulub.
V.P.Qoryaçkina adına Moskva dövlət kənd təsərrüfatı universitetini bitirdikdən uzun müddət aqronom kimi çalışıb. Həmçinin, SSRİ-də komsomol və partiya işində fəal olub. SSRİ-nin dağılmasından sonra isə Rusiyada “Talış diasporu” təşkilatını yaradıb. Lakin onun ötən il Ermənistana sığınan və özünü talış kimi təqdim edən Şahin Mirzəyev kimi talış etnik qrupuna heç bir aidiyyətinin olmadığı deyilir. Sadəcə olaraq, o da Əlikram Hümbətov, Fəxrəddin Aboszadə və digər separatçılar kimi talış vətəndaşlarımızın adından pul qazanmaq üçün istifadə edir.
İ.Şabanov vaxtilə “Rusiya bizim ümidimizdir” deyir, İrəvanda keçirilən konfransa canlı olaraq bağlanır, daha sonra “Azərbaycanda talışlar və tatların hüquqları tapdanır” kimi iddiaları ilə çıxış edirdi. Bu gün isə İranda baş verənləri Azərbaycanla bağlayır.
Pul qazanmağın üsulu – separatizm və talışların adından istifadə
Şabanovun əsas fəaliyyəti indiyə qədər Rusiyada olub. Onun ən fəal olduğu dövr isə 2013-cü il idi. Hələ o vaxt Şabanov Milli Şuraya dəstək mesajı ünvanlamışdı. Məqsədi isə Azərbaycanlı biznesmenlərin Rusiyada yaratdığı və Milli Şuraya dəstək verən “Milyarderlər ittifaqı”nın xətti ilə pul qazanmaq idi. Məlumatlara görə, Şabanov maliyyə yardımı alacağı vədi qarşılığında Rusiyada yaşayan talış biznesmenlərin “Milyarderlər ittifaqı”na dəstəyini təmin edəcəyi haqda söz veribmiş. Proses davam etməsə də onun müəyyən qədər qazanc götürdüyü məlumdur.
Şabanov 2015-ci ildə Rusiya və Türkiyə arasındakı təyyarə qalmaqalı zamanı yenidən meydana atıldı. Rusiya telekanallarının birində verilişə qatılan Şabanov Türkiyənin Rusiya təyyarəsini vurmaqla terrora dəstək verdiyini, Azərbaycanın da Türkiyəyə dəstək verməklə eyni addım atdığını iddia edərək, talışların hüquqlarının pozulduğu kimi qeyri-real, absurd fikirlər səsləndirilib. Sonda isə talış gənclərini Azərbaycan dövlətinə qarşı çıxmağa çağırıb.
İsmayıl Şabanovun səsi bir də Əlikram Hümbətov və Fəxrəddin Aboszadə ilə birlikdə Ermənistanda “talışşünaslıq” işinə dəstək verməyə başlayanda çıxdı. 2016-cı ilin 3 mart tarixində İrəvanda “Ani Plasa” hotelində keçirilən “Azərbaycanda yaşayan köklü xalqlar: reallıqlar və perspektivlər” adlı konfransa canlı bağlanan Şabanov yenə eyni iddialarını davam etdirdi.
Sonrada onunla Fəxrəddin Abozsadənin arasında müəyyən anlaşılmazlıqların olduğu, daxili qarşıdurmaların baş verdiyi haqda məlumatlar yayıldı. Görünür, mübarizə pulun bölüşdürülməsi üzərində gedir. Çünki Əlikram Hümbətovla Fəxrəddin Aboszadənin Azərbaycana qarşı separat fəaliyyətləri ermənilər tərəfindən maliyyələşdirilir. Belə ki, Hollandiyada yaşayan Hümbətov Avropadakı erməni diasporunun, Rusiyada yaşayan Aboszadə isə bu ölkədəki erməni biznesmenlərin açıq dəstəyini alır. Vaxtilə Rusiya hökumətindən maliyyə dəstəyi almaq cəhdləri baş tutmayan Şabanovun İrəvandakı konfransa qatılması Hümbətov və Aboszadəyə ayrılan maliyyədən pay götürmək niyyətindən qaynaqlanırdı. Məhz ermənilərdən alınan pulun bölüşdürülməsində problem yaranandan sonra Şabanov fars etnik qrupuna aid olan tatların hüquqlarının müdafiəsinə başladı. Onun bununla İrandan dəstək almağı planlaşdırdığı aydın görünür. Əslində “İrandakı hadisələrin Azərbaycandan idarə olunmasına” dair iddialara bu kontekstdən baxmaq mümkündür.
O da mümkündür ki, pul bölgüsündə kənarda qalan Şabanov Azərbaycan-İran münasibətlərini pozmağa hesablanan və Ermənistanın maraqlarına uyğun iddia ilə çıxış etməklə ermənilərin Hümbətov və Aboszadəyə ayırdığı maliyyədən ona da verilməsini təmin etməyi düşünür.
Amma bu iddianın Ermənistana qədər gedib çıxdığı da istisna deyil. Ermənistanın Azərbaycandan getmiş və etnik azlıqların adını istismar edən separatçılardan istifadə etmək cəhdləri daim davam edir. İstisna deyil ki, Şabanovun səsləndirdiyi iddia məhz erməni xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Məqsəd həssas dönəmdə Azərbaycan-İran münasibətlərini pozmaq və Bakının Tehranla birgə həyata keçirdiyi regional layihələri sıradan çıxarmaqdır.
Ortada ermənilərdən pul qopartmaq üçün onlarla birgə hərəkət edən satqınların oynadığı təhlükəli oyun var. Lakin satqınların milləti – vətəni olmur və təbii ki, belə iddialar Azərbaycan-İran münasibətlərinə xələl gətirə bilməz.