Kəlbəcər və Zəngilanın hasilat sahələrində GENİŞLƏNMƏLƏR aşkar edilib

“Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir.

2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır.

Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”. Modern.az xəbər verir ki, bunu “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

R.Nəbiyev qeyd edib ki, bütün bunlarla yanaşı, peyk proqramlarının biznes layihəsi kimi özünü doğrultması istiqamətində verdiyiniz tapşırıqların icrası da davamlı şəkildə həyata keçirilir: “Dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir.

 Rəqib peyk operatorlarından fərqli olaraq, “Azerspace-1” üzərindən yayımlanan kanalların məzmun seçiminə xüsusi həssaslıqla, etik və milli mənəvi dəyərlər prizmasından yanaşırıq. Bu, bizim tam kommersiya istiqamətində çalışmağımıza məhdudiyyətlər yaradır. Lakin biz bu itkiləri ölkəmizdə digər sahələrin inkişafı hesabına kompensasiya etməyə çalışırıq. Belə ki, Sizin idman sahəsində yürütdüyünüz uğurlu siyasətin nəticəsi olaraq, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin müsbət təsirlərindən faydalanan sahələrdən biri də peyk yayımı sahəsidir”.

ASC sədri xatırladıb ki, 2015-ci ildə vətənimizdə keçirilən ilk Avropa Oyunları, həmçinin ötən ilin ən önəmli idman hadisələrindən biri olan IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları “Azerspace-1” peyki üzərindən yayımlandı: “Bu da “Azərkosmos”un “İSB” və “Tata Communications” kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu.

“Azərkosmos” qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyimiz dörd il ərzində biz bu əlverişsiz mövqeyi üstünlüyə çevirməyə çalışmışıq. Fəaliyyətimizi Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edirik. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir.

Cənab Prezident, Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Göstəriş verdiyiniz istiqamətlərdə, yəni kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsi, eləcə də torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələr həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi ilə ötən il pilot layihəsi olaraq, respublikanın dörd rayonunda 5 növ kənd təsərrüfatı məhsulunun məhsuldarlığı proqnozlaşdırılıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsi hazırlanıb. Bu il isə layihənin bütün ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ötən il ərzində respublika üzrə bütün istixanaların peyk təsvirləri vasitəsilə monitorinqi də aparılıb, istixana altında olan torpaq sahələrinin dəqiq sahəsi müəyyən edilib və elektron xəritəsi hazırlanıb”.

O əlavə edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi aparılıb və bu il analoji layihənin daha bir neçə rayonda icrası nəzərdə tutulur: “Həmçinin ötən “Bakutel” sərgisində verdiyiniz tapşırıqların da icrasına – yəni, pivot suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və respublika üzrə meşələrin monitorinqinə başlanılıb”.






Fikirlər