“AMERİKALILAR BÜTÜN SİRRİMİZİ BİLİRDİLƏR” – “Kremlin mətbuat xidməti ələ alınmışdı”

fedorov01

Vladimir Fedorovski: ”Rusiya və Qərb arasındakı vəziyyət heç vaxt bu cür təhlükəli olmayıb”

1970-ci illərdə Leonid Brejnevin ərəb dilindən tərcüməçisi, SSRİ-nin Parisdəki səfirliyində Qorbaçov yenidənqurmasının aktivisti olmuş diplomat Vladimir Fedorovski, Boris Yeltsin və Vladimir Putinlə də görüşüb. Qısa desək, o, Rusiya siyasətinin pərdəarxasını gözəl bilən bir şəxsdir.

“AzPolitika” Fedorovskinin Fransanın “Opinion” nəşrinə maraqlı müsahibəsinin tərcüməsini təqdim edir:

- Siz öz kitabınızda yazırsınız ki, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın güman edilən müdaxiləsi, Klinton administrasiyasının 1996-cı ildə Boris Yeltsinin ikinci dəfə prezident seçilməsinə göstərdiyi töhfədən çox az fərqlənər. Nəyə görə?

– Demək lazımdır ki, Rusiya siyasətinin veteranı və ABŞ-ın yaxşı bilicisi kimi, Amerikanın ittihamları məndə gülüşdən başqa heç bir hiss doğurmur. Baş verən indiki ikiüzlülük ikrah yaradır. Əvvəllər mən bunun barəsində danışmamışam, amma Bill Klintonun Boris Yeltsinin yanındakı vasitəçilərinin əslində hansı rolu oynadıqları mənə həmişə bəlli olub. Mən, Yeltsinin 1996-cı ildə Rusiya prezidenti seçilməsində böyük rol oynamış bütöv komandanı nəzərdə tuturam. Onun komandasını maliyyələşdirən oliqarx Boris Berezovski mənə hər şeyi danışıb. Mən, hətta Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdən (1985-1991) danışmıram: onun bütün danışıqlarına qulaq asılırdı və bizim hər bir sirrimiz amerikalılara məlum idi! Hətta Kremlin mətbuat xidmətinin başçısı Mərkəzi Kəşfiyat İdarəsi (CİA) tərəfindən ələ alınmışdı. Mən Amerikan sənədləri ilə yaxşı tanış olmuşam və onlar məni çaşdırır. Hillari Klintonun elektron məktubları sözsüz ki, sındırılıb, bəlkə də hətta rusiyalı hakerlər tərəfindən. Məgər həqiqətən də, bu, 2016-cı ilin noyabrındakı prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər? Düşünürəm ki, yox. Siz bunu Amerika mətbuatına deyin və sizi dərhal Vladimir Putinin tərəfdarı elan edəcəklər. Onunla mənim münasibətim heç də yaxşı deyil. Mənim ölkəmdə məni qatı qərbçi sayırlar, bəzi dostlarımı isə hətta Mərkəzi Kəşfiyyat İdarəsinin fəxri casusları adlandırırlar. Bu gün hamıya bəlldir ki, hamı hamını dinləyir. Burada günahkar yoxdur. Artıq saxta məsumluğun kənara atılmasının vaxtıdır!

- Belə görünür ki, siz Vladimir Putin və Donald Tramp arasındakı hər hansı əlaqənin mövcudluğuna inanmırsınız.

– Vaşinqtondakı Rusiya səfirinin casusluqda ittiham edilməsi məni hiddətləndirir. Mən, haradasa 20 il diplomat işləmişəm və amerikalılar yaxşı bilirlər ki, bu cür tapşırıqlar DTK casuslarının üzərinə düşür. Əminəm ki, Tramp Putinin casusu deyil. Bu barədə Amerika mətbuatının yazdıqları inandırıcı görünmür. Putindən əsl supermen düzəldirlər, ancaq o elə deyil.

- Gərginlik nə qədər uzağa gedə bilər?

– Qərb və Rusiyanın münasibətlərinin yaxşı olması mühümdür. Amma vəziyyət bu cür təhlükəli olmayıb. İndi vəziyyət soyuq müharibədə olduğundan da pisdir. Onda hər iki tərəfdən manipulyasiya və dezinformasiya vardı, lakin bütün bunlara baxmayaraq, müəyyən qaydalar mövcud idi. İnsanlar özlərinin uydurduqları yalana inanmırdılar və həm də real siyasətin fərqli cəhətlərini görürdülər. İndi məndə belə təəssürat var ki, hazırda yalan danışırlar və öz yalanlarına da inanırlar. Deyirlər ki, siyasətdəki nanəciblik və axmaqlıq rolunu dəyərləndirmək olmaz, amma Obama administrasiyasının nə üçün Rusiyadan Qərbin düşməni düzəltməsini mən anlamıram. Bu, çox böyük səhv idi. Bu, həm rusiyalılar və həm də ki, Qərb üçün əlverişli deyil. İş ondadır ki, bütün bunlar çox təhlükəli nəticələr verir: Rusiyanı Çinin ağuşuna itələyirlər. Artıq onlar arasında hərbi-iqtisadi ittifaq formalaşır, lakin bu Rusiyanın mövqeyinə ziddir. Əgər, kimsə Krımın ilhaqından sonrakı sanksiyaların rusiyalıları Vladimir Putindən uzaqlaşdıracağını düşünübsə, onda o xəyal dünyasında yaşayır. Rusiyalılar sıx birləşdilər, Putinin reytinqi isə heç zaman olmadığı kimi yüksəldi. Bunu oliqarxların öz pul kisəsinə vurulan zərbədən sonra, onların Putinə nifrət bəsləyəcəkləri və onu siyasətini dəyişməyə məcbur edəcəkləri yanaşmasına da aid etmək olar. Onların prezidentə heç bir təsiri yoxdur, xalq isə onlara nifrət edir və oliqarxların cəzalandırılmasına sevinirlər.

- Siz hesab edirsiniz ki, Qərb düşməni səhv salıb?

– Qərb üçün prioritet məsələ islam radikalizminə qarşı mübarizə olmalıdır. Ərəb dünyasının mütəxəssisi kimi mən hesab edirəm ki, əgər Rusiya Suriyaya müdaxilə etməsəydi, onda İŞİD Dəməşqi tutmuşdu. Belə olan halda İŞİD Qafqazın 600 kilometrliyində olardı ki, bu da domino effektinə görə, Rusiya üçün qətiyyən qəbul edilməzdir. Hilları Klintonun yanaşmasına və müəyyənləşdirməsinə görə, Vladimir Putin şeytanlaşdırılır və o sanki ”müasir dövrün Hitleridir” və digər diktatora kömək məqsədi ilə məsələyə müdaxilə edib. Qərbdə analizlə bağlı böyük problemlər mövcuddur.

vladimir-putin

- Siz şeytanlaşdırmadan danışdınız, axı, Vladimir Putin hər halda Krımı ilhaq edib və Ukraynanın şərqində gərginlik davam edir…

– Mən özüm Ukraynadanam və bu ölkə mənim üçün çox vacibdir. Problemin kökləri ilə SSRİ-nin parçalanmasına qədər gedib çıxır. Bu parçalanma qan tökülmədən getdi, çünki Qorbaçov totalitarizm və terrordan qurtarmağı qərara almışdı. Bu, qətiyyən Qərbin qələbəsi yox, tamamilə gözlənilməz oldu. Papa II İohan Pavelin dediyi ki, göydən gəlmiş ”möcüzə” idi. Amma buna baxmayaraq, həmin tarixi şans əldən verildi. Belə nəticə çıxarıldı ki, SSRİ soyuq müharibəni uduzub və bunun nəticəsi ilə razılaşmalıdır, ona görə də Rusiya ikinci dərəcəli böyük dövlət oldu. Almaniyanın birləşməsi dövründə əldə edilmiş razılaşmalar pozulub. Burada söhbət əsasən NATO-nun yaranmış vəziyyətdən istifadə edərək genişlənməyəcəyindən gedir. Sonra biz Yuqoslaviyanın parçalanmasını, Rakət Əleyhinə Müdafiə Sistemlərini, Liviya böhranını gördük. Bu hadisələr zamanı heç kim Rusiya ilə hesablaşmayıb.

- Ukraynaya Rusiya ilə qarşıdurma törədən amil kimi, yoxsa dünyada tarazlılıq yartmaq baxımından birləşdirici həlqə kimi baxılmalıdır?

– Mən bir ukraynalı kimi ikinci variantın tərəfdarıyam, çünki əks-təqdirdə bizi fayda gətirməyən iqtisadiyyat və humanitar fəlakət gözləyir. Əgər avropalılar işi polyak və pribaltlara tapşırmazlarsa və Moskva ilə danışıqlara razılıq verərlərsə, onda böhrandan qaçmaq olar. Bu gün güc vasitəsilə dalana dirənmiş vəziyyətdən çıxmaq olarmı? Ukrayna və onun xalqının gələcəyi üçün münaqişənin saxlanılması əlverişlidirmi? Bu ölkə ciddi gərginlik ocağına dönüb və görünür ki, belə vəziyyət çox qalacaq. Mənim heç bir ümidim yoxdur. Hər şey qarşdurmaya doğru gedir. Rusiyada anti-Qərb əhvalı daima artır. Əgər Qərb Rusiyanı demokratiyaya doğru yönəltmək və orta sinfin gözləntilərini yerinə yetirmək istəyirsə, onda əlaqələr bərpa olunmalı və sanksiyalardan imtina edilməlidir. Qarşıdurma çıxış yolu deyil.

- Vladimir Putin tərəfindən Rusiyada formalaşdırılmış rejimi siz necə xarakterizə edərsiniz?

– Əlbəttə, sözsüz ki, bu avtoritar rejimdir. Mətbuat kolpak altındadır, lakin insanların söz azadlığı var. Onlar səyahət edirlər və bunu keçmişin totalitar rejimi ilə müqayisə etmək olmaz. Rusiyada həqiqi müxalifət yoxdur, çünki ölkənin əsl müzakirəyə və ideya mübahisəsinə ehtiyacı var. Sual meydana gəlir: prezidentliyə digər namizədlər sadəcə olaraq qurulmuş tamaşada rolmu ifa edirlər. Bax, hər şey belə görünür. İstənilən halda Vladimir Putini lazımı səviyyədə dəyərləndirməyiblər. Onu oliqarxların əlində marionetka hesab ediblər, amma halbuki, kuklaları onun özü oynadır. O, zamanın ruhunu tuta bilib. Ölkə yaralanmışdı və özünü təhqir olunmuş kimi hiss edirdi. Putin isə vətənpərvərlik hissləri və ya millətçilik telləri üzərində oynamağı bacardı. O, separatizm ocaqlarının olmasına baxmayaraq, Rusiyanın bütövlüyünü saxladı. O, Yaxın Şərqdə bacarıqla manevr edərək, oyunun yekununda əsas yeri tuta bilib. Ancaq Putin iki problemi həll etməyib. İlk öncə o, iqtisadiyyatın kifayət qədər şaxələnməsi üçün neft sıyığından istifadə edə bilməyib və bu onun axsayan tərəfidir. Rusiya irəlidə də təkcə neft və qaz qiymətlərindən asılı qala bilməz. O, neftdən gələn pullardan əhaliyə cüzi pay verib və bunun yerinə ordunun yenilənməsi ilə məşğul olub. Digər tərəfdən hamı yalnız ona ümid bəsləyir. Bu, onun demək olar ki, monarx sisteminin böyük zəifliyidir. İndi onun 40 yaşı olmayan şəxsləri qubernator vəzifəsinə təyin etməsinə və bu istiqamətdə yenilənmə aparmasına baxmayaraq, onun xələfi üçün hədsiz çətin olacaq.

 

 






Fikirlər