MƏXİ QARABAĞ DANIŞIQLARIı: ABŞ və Rusiyanın GİZLİ planı var?

Əliyevlə Paşinyan arasında ilk rəsmi görüş Moskvada, yoxsa Vaşinqtonda olacaq, böyük sülhə aparan “cığır” hansı paytaxtda açılacaq? Rusiya və Ermənistan KİV - lərinin, politoloqların Qarabağla bağlı son gözləntiləri...

 

Dünən öz işinə başlayan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində (15-17 fevral) Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan bir araya gələcəyi gözlənilir. Bu, işğalçı ölkədə hakimiyyət dəyişikliyindən sonra onlar arasında sayca üçüncü görüş olacaq. Bundan qabaq nazirlər ötən ilin dekabrında Milanda və bu ilin yanvarında Parisdə baş tutub. İlk təmas “tanışlıq” məqsədi güdsə də Parisdəki 4 saatlıq görüşdə “xalqları sülhə hazırlamağın zəruriliyi” haqda anlaşma əldə edilib.

Yəni hər iki görüş bilavasitə Qərbin patronajlığı ilə reallaşıb. Görünür bu da Moskvada qısqanclıq və narahatlıq yaradıb. Odur ki, XİN rəhbərlərinin budəfəki görüşünə Rusiya xarici işlər naziri Sergey Lavrovun da qatılacağı haqda məlumat diqqət çəkir. Digər iki həmsədr dövlətin - ABŞ və Fransanın xarici siyasət idarələri başçılarının Münhen görüşündə iştirakı isə gözlənilmir. 

Bəzi ehtimallara görə, Rusiya baş diplomatının görüşə qatılması nizamlama prosesini sürətləndirmək istəyindən yox, ona pəl vurmaq niyyətindən qaynaqlanır. Ona görə ki, konfliktin həlli hələlik rəsmi Moskvanın xarici siyasət prioritetləri sırasına daxil deyil. O səbəbdən son vaxtlar Qərbin məsələdə artan fəallığı Moskvanı təşəbbüsün əldən çıxmasını əngəlləmək üçün hərəkətə gətirib. Hərçənd son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ mövzusunda konstruktivliklə bir araya sığmayan absurd açıqlamalar verməklə sülh prosesinə kövrək inamı sarsıdıb...   

Münhen Təhlükəsizlik Konfransı ile ilgili görsel sonucu

*****

Maraqlıdır ki, bu arada Rusiyanın Lenta.ru saytı Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə gizli danışıqların başladığına dair geniş analitik material dərc edib. Yazıda bildirilir ki, danışıqlar masası ətrafında baş verənləri yalnız təxmin etmək mümkündür. “Ancaq bir şey gün kimi aydındır ki, bağlı qapılar arxasında yeni nələrsə müzakirə olunur - hər iki tərəfi maraqlandıran və potensial olaraq münaqişənin həllini daha da yaxınlaşdıra bilən bir variant. Dolayı əlamətlərlə artıq indidən bəzi nəticələrə gəlmək mümkündür. Ən mühüm nəticə belədir: aydındır ki, ”Madrid prinsipləri" gündəmdən çıxarılıb və ya onun üzərində ciddi şəkildə işlənilib", - deyə portal iddia edib.

Erməni nəşri “Qraparak” qəzeti isə yazıb ki, məhz Münhen danışıqlarından sonra Nikol Paşinyanla Əliyev arasında ABŞ-da rəsmi danışıqlar baş tuta bilər. Qəzet onu da iddia edib ki, Rusiya və ABŞ-ın Dağlıq Qarabağ probleminin həllinə dair mövqelərinin zidd olmasının reallığı əks etdirmir.

Bu iddiada müəyyən həqiqət payı var. Həm ABŞ, həm də Rusiya Qarabağda müharibənin alovlanmasında maraqlı deyil. Ancaq Rusiyadan fərqli olaraq, Amerika, Qərb milyardlar yatırdığı bölgədə konfliktin tezliklə həllini istəyir. Çünki Vaşinqtonda onun da fərqindədirlər ki, yalnız bu halda Azərbaycan, Ermənistan və Gürcüstan, bütövlükdə region Rusiyanın orbitindən uzaqlaşa bilər.

Demək, münaqişənin həllində ABŞ-ın fəallığını, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü təşkil eləmək istəyini niyyət olaraq, ciddi qəbul eləmək lazım gəlir. ABŞ prezidenti Donald Trampın ötən ay Nikol Paşinyana göndərdiyi məktubda da Qarabağla bağlı, İrəvanın qonşularla əlaqələri normallaşdırmasının vacibliyi ilə bağlı Ağ Evin mesajı aydın şəkildə əksini tapıb.

Bolton Azərbaycan prezidenti İlham Əliyev Paşinyan ile ilgili görsel sonucu

Həmçinin Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton keçən ilin oktyabrında İrəvanda olarkən Paşinyana eyni mesajları çatdırmışdı. Bundan əlavə, yanvar ayında Bolton Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyana telefon açaraq Qarabağ məsələsini müzakirə eləmişdi. İndi isə Rusiyanın aktivliyi müşahidə edilir.

Bu mənada Qarabağ ətrafında gizli bir fəallığın olduğu istisna deyil. O ayrı məsələdir ki, bu fəallıq müsbət nəticələrə gətirəcəkmi? Münhen görüşü böyük sülhə aparan “cığır”ı aça biləcəkmi?

Bir şey dəqiqdir ki, yaxın zamanda Əliyevlə Paşinyanın rəsmi görüşü reallaşmalıdır. Ancaq bunu ABŞ, yoxsa Rusiya təşkil edəcək? Hələlik sual açıq qalır. O da var ki, indiyədək Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında ən yüksək səviyyədə baş tutan onlarla təmas sülhü yaxınlaşdırmayıb.

Bolton Paşinyan ile ilgili görsel sonucu

*****

Politoloqların bu xüsusda gözləntiləri fərqlidir.

“Münhendə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşə Rusiya Xarici işlər naziri Sergey Lavrovun da qatılacağı gözlənilir. Lakin mən bu görüşdən də nəticə gözləmirəm”. Bunu politoloq Elxan Şahinoğlu Rusiya mediasında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair gizli danışıqların başlaması haqda yayılmış iddianı teleqraf.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya bir sıra məsələlərin həllində aktivlik nümayiş etdirməyə çalışır: “Mümkündür ki, bu üçlü görüşə qədər Rusiya münaqişə tərəfləri arasında hansısa məsələni razılaşdırmağa çalışır. Bu da belə bir iddianın ortaya çıxmasına şərait yaradır, ya da bunu bilərəkdən ortaya atırlar. Amma mən bu görüşdən də nəticə gözləmirəm. Çünki Nikol Paşinyan açıq formada danışıqlardan çəkilmək istədiyini bildirir və iddia edir ki, danışıqlar Qarabağdakı separatçı rejim və Azərbaycan arasında aparılmalıdır. Belə olan halda hansı nəticədən söhbət gedə bilər?”

“Münhen görüşü xarici işlər nazirləri üçün iki ölkənin dövlət rəhbərlərinin görüşünün təşkili və onların qəbul edəcəyi qərarların hazırlanmasına zəmindir”. Bunu isə politoloq Fikrət Sadıqov deyib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən yalnız Rusiyanın XİN rəhbəri Sergey Lavrovun görüşdə iştirakına toxunan politoloq xatırladıb ki, Rusiyanın həmsədr dövlət, Ermənistanın müttəfiqi və Azərbaycanın strateji tərəfdaşı kimi Dağlıq Qarabağ məsələsində konkret maraqları var.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Bir çox qərarların qəbulu Moskvanın rolu və iştirakından, bu prosesə təzyiqindən asılıdır. Lavrovun görüşdə iştirakı təsadüfi deyil. Bu, ona işarə edir ki, Rusiyanın regionda maraqları var və məsələ bu maraqlar çərçivəsində həllini tapmalıdır. Əlbəttə, ilk növbədə biz öz maraqlarımızı nəzərdə tuturuq. Rusiyanın Minsk Qrupunun həmsədri kimi görüşdə iştirakı müəyyən müsbət fon yarada bilər”, - deyə o qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanın əsas məqsədi ilk növbədə işğal olunmuş 7 rayonun boşaldılması ilə bağlıdır:“Ermənistanın yeni rəhbərliyi bunu dərk etməlidir. Ondan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu ilə bağlı danışıqlar davam edə bilər. Bunu dəfələrlə bəyan etmişik və bu, bizim qəti mövqeyimizdir”.

Bakının bu qəti mövqeyini Ermənistanın yeni rəhbərliyi də yaxşı bilir. Daha vacibi odur ki, vasitəçi dövlətlər, ələlxüsus Rusiya da bunu bilsin və boş yerə, münaqişə tərəfləri arasında quru danışıqlar xətrinə danışıqlar təşkil edib konfliktin həllini uzatmasın. Axı zaman indi həm də vasitəçi dövlətlərin ziyanına işləyir...   (“Yeni Müsavat”) 

 






Fikirlər