Zelenskinin hamisi oliqarx Kolomoyski:“MƏN CANAVAR KİMİYƏM..."

Adi Barak, Diana Bahur Nir

Calcalist (İsrail), 23.04.2019

 

İqor Kolomoyski – Ukraynanın yeni prezidentinin seçilməsinin arxasında duran oliqarx və milyarderlə tanış olun. Şərqi Avropa ölkəsində prezident seçkilərinin son turu bazar günü keçirilib. Ona ikinci müddətə seçilməyə ümidvar olan indiki prezident Pyotr Poroşenko və öz siyasi baxışlarını heç zaman açıq ifadə etməyən və 73% səs toplayan Vladimir Zelenski qatılıblar.

Zelenski Yeni İl gecəsində populyar “1+1” telekanalında prezident qovğasına qatıldığını bildirən uğurlu aktyor və komikdir. Ona ekran vaxtı ayıran kanalın yiyəsi Kolomoyskidir.

İsrailin Ukrayna və Rusiyadakı keçmiş səfiri, Milli Araşdırmalar İnstitutunun işçisi Svi Magen izah edir: “Kolomoyski oliqarxdır. Hakimiyyətə malik olan və azdan-çoxdan qanuni yolla sərvət toplayan kəslər oliqarx sayılır. Bu, Sovet İttifaqının dağılma dövrü üçün səciyyəvidir. Kolomoyskinin telekanalı var, buna görə də hesab olunur ki, Ukraynada hakimiyyət və nüfuza sahibdir və onun fəaliyyətinin bir bölümü rejimdən qorunmağa yönəlib”.

 

Kolomoyski bank qurub, amma prezident onu milliləşdirib

 

Üç vətəndaşlığı – İsrail, Ukrayna və Kipr – olan Kolomoyski öz biznes imperiyasını qurarkən projektorların işığından uzaq durub.

Kolomoyskinin biznesi 90-cı illərdə qol-qanad atıb və televiziya, metallurgiya, neft sənayesi və bank işi kimi sahələri birləşdirib. O, Ukraynada ən korrupsiyalaşmış şəxslərdən biri kimi nüfuzunu möhkəmləndirən bir neçə hakimiyyəti zorla ələ keçirmək halları sayəsində 1,2 milyard dollar dəyərində var toplayıb. Kolomoyski “Faynenşl Tayms”-a müsahibədə bu təsviri xoşagələn adlandırıb. O deyib: “Mən canavar kimiyəm. Zəifləri və xəstələri öldürərək qidaəldə edirəm”. Rusiya 2014-cü ildə Krımı ələ keçirib Ukraynanın şərqində iğtişaşlar törətdikdən sonra Kolomoyskini ona doğma Dnepropetrovsk vilayətinə qubernator təyin ediblər. Onun sözlərinə görə, bu vəzifəni tutmağa onu məhz vətənsevərlik itələyib. O, qubernator postunda Rusiya ilə mübarizə üçün könüllülərin döyüş dəstələrini yaradıb, çünki Ukrayna ordusu ölkəni müdafiə edə bilmirdi. Lakin Poroşenko təyinatdan hansısa bir vaxt keçəndən sonra məqamdan öz biznes maraqları üçün yararlandığı və könüllülər batalyonunu şəxsi orduya çevirdiyi  əsasda Kolomoyskini işdən çıxardıb.

 

Televiziya aktyoruna dəstək

 

Kolomoyskinin də adı seçkiqabağı kampaniya zamanı Zelenskinin adı qədər tez-tez hallanıb. Artıq çoxları biznesmeni əsil qalib adlandırıb. Zelenski və Kolomoyskinin yeni prezidentin iştirakı ilə teleserial çərçivəsindən qıraqda hər hansı əlaqəni inkar etdikləri halda.

Kolomoyskinin dəstəyi, ən azı, təqdim etdiyi platforma Zelenskiyə  meydana çıxmağa və geniş kütlələrin sevgisini qazanmağa yardım edib. Aktyor namizədliyini yalnız 2019-cu ilin başlanğıcında göstərsə də, əslində, Ukrayna seçicilərinin qəlbini fəth etmək üçün onun dörd aydan daha çox vaxtı olmuşdu. Onun iştirakıyla “Xalqın xidmətçisi” televiziya serialı Kolomoyskinin kanalında 2015-ci ildən start götürüb. O orada hökumətdəki korrupsiyadan gileyləndiyi video şəbəkədə yerləşdiriləndən sonra populyarlıq əldə etdiyi yuxarı siniflərin müəllimini oynayır. Mövsüm qurtaranda həmin ad altında tammetrajlı film çıxdı, sonra isə ikinci mövsüm oldu. Tamaşaçılar Zelenskini sevdilər. Təsadüfən hakimiyyətə gələn, amma korrupsionerə çevrilməyən sadə tarix müəllimi onların xoşuna gəlmişdi.

Poroşenko və tərəfdarları iddia edirdilər ki, əslində, Zelenski müstəqil namizəd və siyasi səhnədə yeni və özünəməxsus oyunçu deyil. Onlar xəbərdarlıq edirdilər ki, onun seçiləcəyi halda Ukrayna yenidən Kremlin nəzarətinə düşəcək. Amma ukraynalılar Zelenskinin kimliyi və nəyə inandığına baxmayaraq onun ətrafında birləşdilər. Ola bilsin, seçicilər onu televiziya serialından sadə müəllimlə qarışıq salıb, korrupsiyaya bulaşmamış adam sayıblar, ya da fəaliyyətdəki hökumətə qarşı səs veriblər. Ola bilsin də, bu, zarafatdan artıq bir şey deyildi.

“Zelenskiyə dəstək cıdırlarda düzgün ata pul qoymaqdan daha böyük məsələdir. Bu, Kolomoyskinin evə, Ukraynaya yoludur. Putinlə dalaşandan və öz ölkəsində hökumət tərəfindən təqib edildikdən sonra  onun kimi İsrailə gələn oliqarxlar çoxdur. Məsələn, Leonid Nevzlin. Kolomoyski burada sahilə atılmış balıq kimidir. Onun dili, mədəniyyəti və davranış manerası İsraildəkindən fərqlənir və görünür, Ukraynadakı seçkilərin nəticələri onun xeyrinə oynayır”, – onunla bir neçə dəfə görüşmüş adam belə deyir.

Magen əlavə edir: “Kolomoyski yəhudi mənşəli olsa da, öz mövqeyində möhkəmlənərək çox ehtiyatlı olmalıdır. Onu Ukrayna prezidentinin hamisi sayırlar və ola bilsin, nüfuzlu xarici oyunçular belə bir statusda ona nəzarət edəcəklər. Gənclik onun ardınca gedir, amma bu, iqtisadiyyatı sabitləşdirmək və ölkəni yönəltməyə bəs etmir. Onun sübut etməyi gərəkdir ki, buna qabildir. Səsvermənin böyük bölümü beş il boyunca öz vədlərini yerinə yetirə bilməyən Poroşenkoya qarşı idi”.

Tərcümə Strateq.az-ındır.






Fikirlər