“Koronavirus ilin sonuna kimi davam edəcək… ” – Əli Əliyev
Dünyada artıq 2 milyondan çox insan koronavirusla savaşır. Mübarizədə məğlub olanların sayı isə 130 mini keçib. Təsadüfi deyil ki, mövcud vəziyyət bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da karantin rejiminin tətbiqinə səbəb olub. Bəşəriyyətin virus qarşısında aciz qalması isə müəyyən proqnozları ortaya çıxarır. Virusun dünyanın simasını dəyişəcəyi ehtimal olunur. Ehtimal nə dərəcədə doğrudur? Qarşıda bizi hansı sınaqlar gözləyir? Yenisabah.az-ın bu və digər suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırıb: - Əli bəy, koronavirus qurbanlarının sayının sürətlə artması sübut etdi ki, dünya pandemiya ilə mübarizəyə hazır deyil. Siyasətçiləri başa düşdük, bəs elm niyə bu pandemiyanı gələcəyini proqnozlaşdıra bilmədi? - COVİD-19 elmin yaratdığı fəsaddır. Elm onun antivirusunu da müəyyən edib. Mənə görə, hazırda biloji müharibənin içərisindəyik. Burada təbii kök axtarmağa ehtiyac yoxdur. Bu, dünyada mübarizə aparan böyük güclərin yaratdığı bir fəsaddır. Təbii ki, belə fəsadlara mövcud sistemlər tab gətirə bilməz. Bioloji silah nüvə silahından, digər növ dağıdıcı qüvvəyə malik olan silahlardan geri qalmır. Tibbi görünüşün olmasına baxmayaraq, bu, ağıllı-başlı hərbdir və biz bu hərbin içərisindəyik. - Əgər belədirsə, yəqin elmin acizliyi ilə bağlı səslənən fikirlərlə razı deyilsiniz. Bir şeyi qeyd edim ki, pandemiyadan ən çox əziyyət çəkən, ən çox itki verən ölkələr səhiyyənin ən yaxşı inkişaf elədiyi ölkələrdir. Gözümüzün qabağında ABŞ, Fransa, İtaliya nümunəsi var. Bu paradoksu nə ilə izah edərdiniz? - Dəqiq bilirəm ki, bu, məhz elmin mənfi qüvvələrin əlində olmasının fəsadıdır və biz indi onu yaşayırıq. Paradoks elə mən deyəndən törənir. Düzdür, dediyim bir ehtimaldır və öz ehtimalımı səsləndirirəm. Görünür, kimlərəsə dünyanın G7 dövlətlərinin çökməsi lazımdır. Çünki elə ilk zərbəni alan onlar oldu. Saydığınız dövlətlər G7-nin üzvləridir. Böyük Britaniya və Almaniyanı da oraya daxil etmək olar ki, bu da G7 dövlətlərinin hədəfdə olduğunu göstərir. Mənim dediklərimi təsdiq edən amillərdən biri də məhz budur. - Bir həkim kimi proqnozunuz maraqlı olardı. Sizcə, bəşəriyyət koronavirus pandemiyasından nə vaxt xilas olacaq? Çətin, sıxıntılı günlərin tezliklə arxada qalacağını söyləmək mümkündürmü? - Biz virusun fəsadlarını hələ uzun müddət yaşayacağıq. Mən elə gəlir ki, tibbi fəsadlar bu və ya digər miqyasda ilin sonuna kimi davam edəcək. Amma iqtisadı zərbələr hələ yaxın 3 ildə aradan qalxmayacaq. Neftin qiymətinin düşməsi, dünyada istehsalatın dayanması, pozulmuş kommunikasiyalar göstərir ki, pandemiyadan sonra yeni düzən, yeni reallıqlar yaşamaq məcburiyyətində qalacağıq. - Bəzi fikirlər var ki, biz artıq yayda bu bəladan qurtulmuş olacağıq, yəni siz bununla razı deyilsiz? - Bu xəstəliyin miqyası azala, coğrafiyası darala bilər. Lakin antivirusun tapılacağına inanmıram. Çünki virus elə bir şeydir ki, ona yalnız orqanizm müqavimət göstərə, antitellər yarada bilir. Bunu stimullaşdıran hansısa amillər tapa bilərlər, hər halda ehtiyatlı olmaq lazımdır. Düşünürəm ki, təxminən yayın ikinci yarısından sonra virusun vüsət alması azalacaq, amma tamamilə sönməsi tezliklə mümkün olmayacaq. Fərqli dövlətlərdə miqyası kiçik olan xəstəlik halları ilə rastlaşacağıq. Yəqin ki, bu ilin sonunadək pandemiya haqqında mövzumuz olacaq. - Görülən tədbirlər sizə görə qaneedicidirmi? Hazırda tətbiq etməli olduğumuz hansısa bir tədbir varmı? - Azərbaycanda hər halda tədbirlər görülür. Bu tədbirləri kafi dərəcədə qiymətləndirmək olar. Hesab edirəm ki, Azərbaycan və kiçik dövlətlər bu müharibənin hədəfində deyillər. Əsas iqtisadi baxımdan güclü olan, səhiyyə sistemi daha yaxşı inkişaf etmiş, maliyyə sistemi oturuşmuş dövlətlər hədəfdədir. Elə sual doğuran da budur. Yəni ola bilməz ki, hava damcı yolu ilə yayılan bir xəstəlik Çindən İrana, İrandan İtaliyaya, oradan okeanın o tərəfinə adlasın və ortadakı dövlətlərin heç birinə dəyməsin. Bu, heç də inandırıcı deyil. Lakin virusun kimin tərəfindən ortaya atılması barədə bir söz deyə bilmərəm, hər halda bir az gözləmək lazımdır. Roma hüququnun sualını vermək lazımdır ki, bu, kimə sərf edir?