Rüstəm İbrahimbəyovdan Milli Şurada baş verənlərə REAKSİYA...
“Milli Şuranın tərkibində baş verənləri sosial şəbəkələrdən oxuyuram. İş ondadır ki, proseslərin içində deyiləm, Milli Şura daxilində nələrin baş verdiyindən ətraflı məlumatım yoxdur. Ancaq Milli Şura daxilində açıq söhbətlərin aparıldığı barədə mənə məlumatlar gəlir. Ona görə də Eldəniz Quliyev Milli Şuradan istefa verib”. Bu fikirləri Modern.az-a tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Şura daxilində baş verənlərə münasibət bildirərkən deyib. Rüstəm İbrahimbəyov baş verənlər barədə son 2-3 gündə Cəmil Həsənli ilə əlaqə saxlamadığını da bildirib: “Milli Şuranın fəxri sədri olaraq qalıram. Milli Şuradan istefa vermək fikrim yoxdur. Düşünürəm ki, ölkədə vəziyyət dəyişsə, Milli Şuranın da vəziyyəti düzələr. Bir söz də deyim. Mən Bakıda olanda heç vaxt Milli Şura üzvləri ilə görüşmürəm. Ancaq Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşürəm. Cəmil Həsənli də son vaxtlar Amerikada yaşayır. Onunla da ancaq telefon əlaqəsi yaradıram”. Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmadığını da deyib: “Siyasətlə heç vaxt məşğul olmamışam. Mənim işim yaradıcılıqdır. Sadəcə olaraq həmin vaxtlar ziyalı kimi proseslərə qoşulub xalqın vəziyyəti ilə maraqlandım. Milli Şura vaxtilə mənim təşəbbüsümlə yarandı. Axırıncı 3-4 il olar ki, siyasətlə heç məşğul olmuram. Ancaq yaradıcı işlərimlə məşğulam”. Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun 2013-cü ilin prezident seçkilərində Milli Şura tərəfindən vahid namizədliyi irəli sürülüb. Lakin onun eyni zamanda Rusiya vətəndaşı olması prezidentliyə namizədliyinə əngəl olub və Milli Şura professor Cəmil Həsənlinin namizədliyini irəli sürüb.