Kreml həmin sarayın sahiblərinin adlarını açıqlamaqdan imtina etdi
“Gelencikdəki saray sahibkarlara aiddir, Kreml onların adlarını açıqlamayacaq”. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Həqiqətən, bu böyük bir obyektdir, Gelencikdə yaxşı tanınır və bu obyektin birbaşa və ya dolayı yol ilə bir və ya bir neçəsi sahibkara aiddir. Ancaq razılaşmalısınız ki, yəqin ki, Kremlin bu şəxslərin adlarını açıqlamaq hüququ yoxdur və bunu etmək istəmirik. Bu, sadəcə səhv olar”,- deyə Peskov qeyd edib. O əlavə edib ki, Gelencik yaxınlığındakı sarayla əlaqəli əlavə məlumatlar xüsusi mülkiyyət hüququ nəzərə alınmaqla səlahiyyətli orqanlardan əldə edilə bilər. Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı 19 yanvarda “Putinin sarayı” adlı araşdırma videosu yayımlayıb. Videoda Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılır. Araşdırmada iddia olunur ki, Qara Dənizin eksklüziv Gelencik buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar). Rusiya Prezidenti Vladimir Putin isə bu yaxınlarda filmdə bəhs edilən sarayın özünə və yaxınlarına aid olmadığını açıqlamışdı.