SAVAŞIN 6-CI GÜNÜ: RUS ORDUSU BÖYÜK İTKİLƏR VERİR - Rusiya qoşunlarının cəmləşdiyi aerodrom “Toçka-U” ilə vuruldu + VİDEOLAR (Yenilənib)

Ukrayna Silahlı Qüvvələri Berdyansk şəhərinin aerodromuna “Toçka-U” ballistik raketi ilə zərbə endiriblər.

Bu barədə Ukrayna Ali Radasının sədri Dmitri Razumkov “Facebook” hesabında yazıb.

“Beş dəqiqə bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın böyük sayda qoşun cəmləşdirdiyi Berdyansk aerodromuna “Toçka-U” ilə zərbə endirib”, - deyə o qeyd edib.

O, həmçinin gecə saatlarında Ukrayna Su-25-lərinin Pobeda kəndi yaxınlığında Brovar ərazisini ələ keçirmək üçün irəliləyən Rusiya kolonuna zərbə endirdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanın itkilərinin sayını açıqlayıb. Dövlət başçısı feysbuk vasitəsilə xalqa videomüraciətində bildirib ki, Ukrayna Silahlı Qüvvələri indiyədək 6 minə yaxın Rusiya hərbçisini məhv edib, 200 nəfəri əsir götürüb. Onun sözlərinə görə, Rusiya real itkilərini gizlədir.

“Ukraynanın Xarkov şəhərindəki Azadlıq meydanına zərbə endirdikdən sonra Rusiya terrorçu dövlətdir. Xarkov və Kiyev indi Rusiya üçün daha vacib hədəfdir. Bizi sındırmaq, müqavimətimizi qırmaq üçün terror törədirlər. Onlar bizim paytaxtımıza doğru hərəkət etdikləri kimi Xarkova da girməyə çalışırlar. Ona görə də paytaxtın müdafiəsi dövlətimiz üçün başlıca məsələdir”, - V.Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də Rusiya qoşunları Xarkovda mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutub.

Ukrayna ordusu Kiyev səmasına yaxın ərazidə iki rus helikopterini də zərərsizləşdirib.

“AzPolitika.info” xəbər verir ki, bu görüntülər sosial şəbəkələrin Ukrayna seqmentində paylaşılıb.

Görüntülərdə Rusiya helikopterlərinin genişmiqyaslı hücumu müşahidə olunur. Ukraynalı hərbçilərin açdığı sərrast atəş nəticəsində hücuma keçmiş iki Rusiya helikopteri məhv edilib.

Həmin görüntüləri təqdim edirik:

Ukraynanın Xerson bölgəsində DƏ şiddətli döyüşlər davam edir. Gedən döyüşlər zamanı mülki infrastruktura da ciddi ziyan dəyir, bəzi hallarda isə hətta yaşayış binaları belə hədəf seçilir.

Xerson şəhərindən yayılan son görüntülərdə də Rusiya ordusu tərəfindən yaşayış binalarına zərbə endirilib.

Zərbə nəticəsində bəzi binalarda böyük dağıntılar və yanğın müşahidə olunur. Həmin görüntüləri təqdim edirik:

Ukraynanın Xarkov şəhəri növbəti dəfə raket hücumuna məruz qalıb. Sosial şəbəkədə yayılan görüntülərdə şəhərin mərkəzinə zərbə endirilməsi əks olunub.

Videodan aydın görünür ki, sözügedən ərazidə, hətta yaxınlığında belə heç bir hərbi obyekt yoxdur.

Zərbə avtomobillərin hərəkəti zamanı yolun ortasına düşür. Hadisə zamanı ölən və yaralıların olması istisna deyil.

***

 

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 6-cı günü üçün operativ vəziyyəti açıqlayıb. Məlumatda deyilir ki, ötən sutkanın əvvəlindən etibarən düşmən öz qoşunlarını yenidən qruplaşdırıb və havadan raket-bomba zərbələri endirməyə davam edib.

Qeyd olunur ki, Rusiya qoşunları hazırda mülki və hərbi obyektlərə hücum üçün diversiya-kəşfiyyat qruplarını geniş tətbiq edir. Şimal istiqamətində düşmənin şimal-şərq tərəfdən paytaxta daxil olmasının qarşısını almaq üçün müdafiə döyüşləri aparılır.

Çerniqov şəhəri ətrafında Rusiyanın ayrı-ayrı diversiya-kəşfiyyat qrupları qeydə alınıb, onlar zirehli texnikanın dəstəyi ilə şəhərə daxil olmağa can atıblar, lakin Ukrayna qüvvələri tərəfindən məhv ediliblər.

Digər istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin tankları və mexanikləşdirilmiş hissələri aviasiyanın və artilleriyanın dəstəyi ilə müdafiə döyüşlərini davam etdirirlər. Düşmənə bütün atəş vasitələri ilə zərbələr endirilir.

Slobajan şəhərində mexanikləşdirilmiş briqadalar və desant-həmlə qoşunları Rusiya işğalçılarının canlı qüvvəsini və texnikasını operaitv şəkildə məhv edirlər, onların şəhərə daxil olmasının qarşısını alırlar.

Kiyevin müdafiəsinə cəlb edilmiş qüvvələr qruplaşması şəhəri müdafiə etməkdə, müdafiə xəttini saxlamaqda və dövlət infrastrukturunun kritik mühüm obyektlərini qorumaqda davam edir, düşmənin əsas bölmələrinin paytaxta yaxınlaşmasına imkan vermir. Beynəlxalq hüquq normalarına zidd olaraq Ukrayna ordusunun, milli qvardiyasının və polisinin formasını geyinərək terror-diversiya əməliyyatları həyata keçirməyə çalışan Rusiya diversantlarının aşkar olunaraq məhv edilməsi davam etdirilir.

Ukrayna qoşunlarının möhkəm müdafiəsi düşmənin mənəvi ruhunu sürətlə aşağı salır və onun qələbə iradəsini sındırır. Rusiya qüvvələrinin sıralarından fərarilik halları, bütöv bölmələr halında əsir düşmə artır.

Ukrayna qoşunlarının Şimal komandanlığı isə özünün Facebook səhifəsində ötən gün axşam saatlarında Sum vilayətinin Lebedinıy şəhəri ətrafında Rusiya ordusunun 90-a yaxın tankının, 20 “Qrad” qurğusunun və 8 yanacaqdaşıyan avtomobilinin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən endirilən raket zərbələri ilə məhv edildiyini bildirir.


“Bu, rusların yanacaq bazası idi. “Habelə “Qrad”ların mövqeləri məhv edildi”, - komandanlıq bildirib və həmin zərbələrin videosunu paylaşıb.

Xarkov vilayətinin Derqaç rayonunda isə yerli polis əməkdaşları iki Rusiya zirehli texnikasını məhv ediblər.

“Derqaç rayonunun ərazisinin az bir hissəsi bu gün müvəqqəti olaraq Rusiya işğalçılarının nəzarətinə keçib, amma bunun heç bir əhəmiyyəti yoxdur. Düşmən texnikası orada da tüstülənir. Ukrayna hərbçiləri, milli qvardiyaçılar, polis, ərazi özünümüdafiə dəstələri, vətəndaşlar heç vaxt Ukraynanın işğalı ilə barışmayacaqlar. Biz hamımız düşməni məhv edəcəyik, hətta onların nəzarətinə keçən ərazilərdə”, - yerli polis bildirib. 

Və məhv edilən Rusiya zirehli texnikasının görüntülərini paylaşıb.

 

 

Müdafiə naziri Aleksey Reznikov isə bildirib ki, döyüş əməliyyatlarının beşinci sutkasının arxada qaldığı bir vaxtda Rusiya qoşunlarının sıralarında aqoniya başlayıb. Və onlar bunu gizlədə bilmirlər.

“Müqavimətin 122-ci saatı...Raketlərlə və reaktiv yaylım atəşi sistemləri ilə dinc şəhərlərin atəşə tutulması bunu göstərir ki, onlar artıq Ukrayna döyüşçüləri ilə döyüşmək qabiliyyətində deyillər. Ancaq dinc sakinlərlə, axırıncı qorxaqlar kimi. Bu hərbi cinayətdir”,-Reznikov özünün Facebook səhifəsində yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı  barədə məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 710 nəfər zərərsizləşdirilib, 200 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 77 artilleriya qurğusu, 7 hava hücumundan müdafiə sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə məlumatda vurğulanıb.

***

Ukrayna ordusunun Hərbi Hava Qüvvələri ötən sutka ərzində qarşı tərəfin 5 qırıcısını, zirehli texnika kolonunu, yanacaq olan bir kolonunu, hava hücumundan müdafiə sistemini, bir helikopteri məhv edib, qanadlı raketini vurub. Bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində böyük itkilər verib.

Vasilkov və Brovarıya hava hücumu zamanı ukraynalı qırıcı pilotlar Rusiyaya məxsus iki təyyarəni vurublar. Ukrayna qırıcılarının işi S-300 zenit-raket bölmələri tərəfindən işğalçıların üç təyyarəsini vuraraq başa çatıb. İlkin məlumatlara görə, onlar Su-30 və Su-35-dir.

Qeyd edilir ki, Kiyev yaxınlığında “Buk” M-1 zenit-raket kompleksi düşmənin qanadlı raketini və helikopterini vurub.

Bundan əlavə, Ukraynaya məxsus Su-25 hücum təyyarələri dəstələr şəklində çalışaraq Kiyev və Jitomir vilayətlərində zirehli kolonlara və düşmən canlı qüvvəsinə bir neçə raket hücumları həyata keçirib.

“Bombardmançı aviasiya da uğurla işləyirdi. Hərbi Hava Qüvvələrinin Su-24m təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank kolonlarına, mexanikləşdirilmiş texnikanın kolonlarına, yanacaq və sürtkü yağları olan kortejə ən azı dörd dağıdıcı bomba zərbəsi endirib”, - deyə məlumatda qeyd edilir.

Həmçinin bildirilir ki, dünən “Bayraktar” TB2 pilotsuz təyyarələrinin ekipajları üç hədəfi - düşmənin bir tankını və iki “Buk” zenit-raket kompleksini vurublar.

 

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində isə Rusiya ordusunun atəşi nəticəsində hərbi hissə dağıdılıb.

Hücum nəticəsində 70 nəfər ukraynalı döyüşçünün həlak olduğu bildirilir. Bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

Bununla yanaşı, Jivitski qarşı tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb.

Rusiya hərbçiləri Ukraynanın Xerson şəhərinin girişlərində də  blok-postlar qurublar. Bu barədə şəhərin meri İqor Kolıxayev Facebook-da yazıb.

O qeyd edib ki, Rusiya hərbçiləri şəhərdə postlar qurublar: “Şəhər faktiki olaraq mühasirəyə alınıb, bütün istiqamətlərdə çoxlu Rusiya hərbçisi, hərbi texnikası var, onlar şəhərin çıxışında postlar qurublar”.

Mer qeyd edib ki, Xerson Ukraynaya aid olub və olacaq da və indi edilə biləcək ən böyük pislik - şəhəri içəridən dağıtmaqdır.

Kolıxayev həmçinin şəhər sakinlərinə müraciət edərək onları sakit olmağa, panikaya yol verməməyə, komendant saatı zamanı çölə çıxmamağa, heç kimlə aqressiv danışmamağa çağırıb.

Rusiya piyada qoşunları şərq tərəfdən şəhərə daxil olub və daxilə doğru irəliləyir.

Bu arada Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya 70 hərbi təyyarə verəcək. Bu barədə Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən təyyarələr Polşadakı aerodromda yerləşdiriləcək. Həmçinin Avstraliya Baş naziri Skott Morrisonun sözlərinə görə, Ukraynaya 75 milyon dollar ayrılacaq.

Tayvan isə Kiyevə 27 ton tibbi preparat göndərəcək.

Ukraynada dağıdılan hərbi hissənin fotoları:






Fikirlər