Bakı və Ankara Kremlə ortaq mesaj verdi: Türk İttifaqı Azərbaycandan yadelli ordunu çıxarır...
Azərbaycan Cənubi Qafqaz regionu üzərində şəriksiz liderlik statusunu möhkəmləndirməkdə davam edir. Rəsmi Bakı son illərdə bir çox önəmli regional problemlərini həll etməyə nail olub. Üstəlik, Azərbaycan bütün dünyaya və eləcə də, Cənubi Qafqazda geopolitik maraqları olan nəhəng dövlətlərə bəzi geopolitik problemlərin siyasi metodlarla deyil, məhz hərbi yolla həllinin mümkün olduğunu da sübut edib. Xüsusilə də, regional problemlərin həlli qarşısında əsas əngəl rolunda məhz “sülh yolu ilə nizamlanma variantları”ndan danışan həmin nəhəng dövlətlər olduğuna da eyham vurub. Və bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə münbit şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun II Qarabağ savaşında tarixi qələbə qazanması, eləcə də, erməni separatizmi və terrorziminin sığınacaq yerinə çevrilmiş “boz zona”nın bırdəfəlik ləğv edilməsi Cənubi Qafqazda yeni geopolitik mərhələnin əsasını qoyub. Belə ki, 2020-ci ilə qədər rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi barədə düşünmək məcburiyyətində idi. ABŞ və Qərb isə Rusiya ilə ortaq şəkildə Ermənistanı himayə edərək, “Qarabağ məsələsi” üzərindən Azərbaycana təzyiqlər göstərməyə çalışırdılar. Nəticədə rəsmi Bakı Azərbaycanın milli maraqları çərçivəsində bəzi önəmli addımların atılmasında daha ehtiyatlı davranmalı olurdu.
Ancaq indi Azərbaycanın Cənubi Qafqazda hərbi-siyasi üstünlük qurması üçün elə bir ciddi geopolitik problem qalmayıb. Belə ki, rəsmi Bakı Azərbaycanın ərazi bütöblüyünü təmin edib, “boz zona”nı sıradan çıxartmaqla, “erməni layihəsi”nin ləğvinə də nail olub. Yəni, Azərbaycana qarşı ABŞ və Qərbin, eləcə də, Rusiyanın əsas təzyiq mexanizmləri artıq mövcud deyil. Və bu, rəsmi Bakıya maksimum müstəqil xarici siyasət kursu yürütməyə imkan verir. Maraqlıdır ki, hazırda rəsmi Bakı daha çox iki önəmli hərbi-siyasi və geopolitik problemin aradan qaldırılmasına çalışır. Onlardan birincisi, Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması ilə Cənubi Qafqazın ümumiyyətlə, regiondan kənar güclərin təsirlərinə tamamilə qapadılmasından ibarətdir. Bu səbəbdən də, ABŞ, Avropa Birliyi və bu regiona məhz Ermənistan üzərindən yerləşməyə can atan Fransa Cənubi Qafqazdakı sülh prosesini pozmaqda xüsusi canfəşanlıq edir. Və rəsmi Bakı israrla bu kənar güclərin müqavimət cəhdlərini dəf etməklə məşğuldur. Azərbaycan üçün ikinci önəmli məqansa, birbaşa Rusiya sülhməramlı qüvvələri ilə bağlıdır. Belə ki, rus sülhməramlılar hələ də Azərbaycan ərazilərində qalmaqdadır. Hətta onları erməni separatizmi və terrorizminin “boz zona”sından geriyə qalan sonuncu əlamət də hesab etmək olar. Yəni, Kremlin vaxtilə ssenariləşdirib, yaratdığı “erməni layihəsi”ni tamamilə qapatmaq üçün məhz rus sülhməramlıların Azərbaycandan ən qısa müddətdə çıxarılması olduqca vacibdir. Və hazırda bu məsələnin də həlli ilə bağlı proses davam edir, hətta gerisayım mərhələsi də başlanmış kimi görünür.
Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində müvəqqəti dislokasiyası 10 noyabr üçtərəfli anlaşması ilə tənzimlənir. Həmin anlaşmaya görə isə rus sülhməramlılar ən uzağı 10 noyabr 2025-ci ilə qədər Azərbaycanın Qarabağ iqtisadi rayonunda qala bilərlər. Rəsmi Bakı bu müddətin uzadılması barədə Rusiyaya müraciət etməzsə, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması qaçılmaz xarakter daşıyır. Və bu məsələ hazırda daha da aktuallaşmış kimi görünür. Çünki üçtərəfli anlaşmada rus sülhməramlıların bölgəyə yerləşdirilməsinə səbəb kimi göstərilmiş faktorlar artıq mövcud deyil. Azərbaycan ordusu “boz zona”da olan silahlı erməni terrorçuları tərksilah edib, Ermənistan ordusunun tör-töküntülərini isə ölkə ərazisindən çıxarıb. Ona görə də hazırda rus sülhməramlıların Azərbaycan ərazsində hər hansı fəaliyyət missiyası qalmayıb. Və bir çox müşahidə məntəqələri də ləğv edilmiş rus sülhməramlılar bölgədə tamamilə lazımsız hərbi kontingent sayıla bilər. Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının vacibliyi barədə açıq mesajlar verməkdədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da açıq mətnlə vurğulayıb ki, rus sülhməramlıların ölkə ərazisində dislokasiya müddəti 10 noyabr 2025-ci ildə sona çatacaq. Bu isə o deməkdir ki, rəsmi Bakı artıq indidən rus sülhməramlıların dislokasiya müddətinin heç bir halda uzadılmayacağının mesajını verməyə ehtiyac duyur. Və bununla Kremlə Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərindən çıxarılmasına hazırlaşmağa başlamasının vacibliyinə işarə edir.
Əslində, bu barədə ilk qətiyyətli tələb hələ iyun ayında NATO-nun mənzil-qərargahında gündəmə gətirilmişdi. Belə ki, NATO dövlət başçılarının zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə rus sülhməramlıların məhz 2025-ci ildə Azərbaycanı tərk edəcəyini bəyanlamışdı. Türkiyə prezidenti onu da vurğulamışdı ki, Rusiyanın bununla bağlı hüquqi öhdəliyi mövcuddur və rəsmi Ankara ona sadiq qalınacağına əmindir. Və bununla Kremlə mesaj verilmişdi ki, rus sülhməramlılarla bağlı məsələ həll edilib, onlar mütləq Rusiyaya geri dönməli olacaqlar. İndisə, bu məsələ ilə bağlı vəziyyət daha da aydınlaşıb. Kremlin vaxtı uzatmaq üçün hər hansı hüquqi və siyasi səbəbi, hətta bəhanəsi belə, qalmayıb. Əslində, rus sülhməramlılar onsuz da öz funksiyalarını yerinə yetirmirdilər. Onlar üçtərəfli anlaşmaları kobud şəkildə pozaraq, silahlı erməni terrorçular üçün döyüş mövqeləri qurmaqla məşğul olurdular. Yəni, rus sülhməramlıların bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi prosesi ilə hər hansı əlaqəsi mövcud deyildi. Və bu baxımdan, indi ümumiyyətlə, lazımsız hərbi kontingent vəziyyətinə düşmüş rus sülhməramlıların daha tez bir zamanda bölgəni tərk etməsi vacibdir. Elçin XALİDBƏYLİ, Kremlin Azərbaycan ərazisində rus sülhməramlıların müvəqqəti dislokasiya müddətini uzatmaq üçün hər hansı hüquqi və siyasi səbəbi, hətta bəhanəsi belə, qalmayıb... Üçtərəfli anlaşmaları kobud şəkildə pozan, sülhə deyil, daha çox savaşa xidmət edən rus sülhməramlılar hazırda bölgədə lazımsız hərbi kontingentə çevrilib, onların ən qısa zamanda Azərbaycan ərazisini tərk etmələri qaçılmazdır...
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu