Neft böhranı xarici qüvvələri hərəkətə keçirir; Sabiq milli təhlükəsizlik zabiti rayonlarda başlamış etiraz aksiyalarına sensasion izahat verdi; hakimiyyətə və cəmiyyətə yönəlik ilginc çağırışlar: “Azərbaycanı Suriyaya, Yəmənə çevirmək üçün bütün imkanlarını ortalığa qoyublar...”
Regionlarda insanların küçələrə axışması və bahalaşmaya etiraz etməsi kifayət qədər gözlənilməz oldu. Təkcə Siyəzən rayonundakı aksiyaya müxalifətin son illərdə paytaxtda keçirdiyi aksiyada iştirak edən insanların sayından qat-qat artıq insan qatıldı. Adətən, siyasi təhlilçilər və cəmiyyətşünaslar ölkədə mitinq dövrünün geridə qaldığını, insanların küçələrə çıxmağa həvəsli olmadığını əsas gətirərək müxalifətə mitinq taktikasını “sandığa” qoymağı təklif edirdilər. Lakin Siyəzən, Lənkəran və Füzulinin bir kəndinin nümunəsində bəlli oldu ki, hər an ölkədə fors-major situasiyalar yarana və insanlar hətta müxalifətə də ehtiyac görməyərək küçələrə axışa bilərlər.
Digər üç rayonda nisbətən sakitlik yaransa da, yanvarın 15-də Quba rayonundakı məscidlərin birində “bomba həyəcanı” yaşanıb və Daxili Qoşunların nümayəndələri rayona göndərilib. Deputatlar Vahid Əhmədov və Yevda Abramov rayonda hər hansı gərginliyin olmadığını desələr də, bəzi yerlərdə bahalaşmaya etirazla əlaqədar toplantıların keçirildiyi xəbərləri yayıldı. Bu dəfə də meydanda müxalifət yoxdur.
Belə situasiyaların isə daha çox təhlükəli perspektivlər vəd etdiyi barədə fikirlər var. Hesab olunur ki, devalvasiya və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, kütləvi şəkildə işsizliyin yaranması şəraitində xarici qüvvələr çox asanlıqla xalqın vəziyyətindən istifadə edib hərəkətə keçə, onu təhrik edə, Azərbaycanla bağlı layihələrini gerçəkləşdirmək istəyərlər.
Sabiq milli təhlükəsizlik nazirinin 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər vəziyyətlə bağlı olduqca ilginc iddialarla çıxış edib. “Sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran) və Ermənistana (Füzuli) sərhəd və ya yaxın rayonlardan başlaması da çox maraqlıdır və təsadüfi sayılmamalıdır”, deyə, S.Əkbər müəllif yazısında qeyd edib. Ölkədəki durumun real təhlilinə əsaslanan materialda “yoxsa Azərbaycanın siyasi hakimiyyəti üçün qum saatı işə salınıb - gerisayım başlayıb?! Çünki ölkədə təxribat düyməsinə artıq basıldığı görüntüsü var”, - deyə, vurğulanır.
Ekspert həyəcan dolu çağırışlar edərək vəziyyətdən çıxış yollarının aranmasını zəruri sayıb. Sitat: “Daxilən qırılqan, xarici təsirlərə isə həssas və açıq olan Azərbaycan böyük sınaq qarşısındadır. Zaman bizdən, xüsusən də siyasi iqtidardan və onun rəhbərindən vaxt itirmədən hərəkətə keçməyi, qəti addımlar atmağı tələb edir. Çünki bir millət və dövlət olaraq yaranmış vəziyyətdən mümkün olan ən qısa müddətdə və ən az itki ilə çıxmamız üçün mövcud olan resurslar əsasən hakimiyyətin, xüsusən də prezidentin əlində cəmləşib. Əks təqdirdə, başda siyasi hakimiyyət olmaqla, hamımız bütün Azərbaycanın uduzması təhlükəsi ilə üzbəüz qalmağa və itirməyə hazır olmalıyıq”.
Azərbaycanın müasir tarixində təlatümlər yaşanıb və ölkədəki durumdan xarici qüvvələrin öz mənfəəti üçün yararlanmağa çalışdığı barədə faktlar kifayət qədərdir. Ona görə də ekspertlər şübhə etmirlər ki, ölkədəki mövcud problemlər xarici qüvvələrə də əl-qol açmaq imkanı verir. Azərbaycanda “beşinci kolon”un kifayət qədər dayaqlara malik olması barədə indiyədək çoxsaylı fikirlər səslənib. Narahatlıqla vurğulanıb ki, Azərbaycanı hansısa xarici qüvvənin boyunduruğuna keçirmək qəsdində olanlar bunun üçün fürsət gözləyir və ölkənin iqtisadi böhranla üz-üz qalması fürsətcillərin işinə yarayır. S.Əkbərin əminliklə söylədiyi məlumatlar isə artıq belə qüvvələrin hərəkətə keçdiyindən xəbər verir.
Azərbaycanın istiqlalçı-deputatı Vahid Əhmədov “Yeni Müsavat”ın müxbirinə ölkənin müstəqilliyinin qorunmasını vacib saydığını deyərək qeyd etdi ki, Azərbaycan sərbəst siyasət aparır deyə, bu, bir çox dövlətlərin xoşuna gəlmir: “Ona görə də hamı istəyir ki, Azərbaycanda öz mövqeyini gücləndirsin. Sülhəddin Əkbərin dediklərində müəyyən həqiqətlər də ola bilər”. Bununla belə, deputat bildirdi ki, hökumət bir sıra problemlərin həlli istiqamətində addımlar atır və unun, çörəyin qiymətinin aşağı salınmasından sonra digər tədbirlərin həyata keçirilməsi istiqamətində də tədbirlər gözlənilir: “Amma yerli icra hakimiyyəti orqanları camaatla da işləməlidir. İnsanlara demək lazımdır ki, müvəqqəti çətinlikdir, belə problemlər dünyanın əksər ölkələrində var”.
V.Əhmədov qeyd etdi ki, Azərbaycanda gərgin vəziyyət yaranarsa, bundan xarici qüvvələrin istifadə etməsi də tam mümkündür: “Hər şey ola bilər. Azərbaycan dünya üçün, xüsusilə də qonşu dövlətlər üçün maraqlı ölkədir. Onlar hər bir situasiyadan öz maraqları üçün istifadə edə bilərlər. Ona görə də biz kifayət qədər ayıq olmalıyıq”.
AVP sədri, deputat Fəzail Ağamalı da təsdiqlədi ki, baş verən xoşagəlməz hadisələr un və un məhsullarının qiymətinin kəskin artması ilə bağlı oldu: “Təbii ki, məsələlərə daha radikal yanaşanların emosiyalarından istifadə edənlər də tapıldı. Çalışdılar ki, etirazları kütləviləşdirsinlər, narazı adamların ətrafında daha çox adamlar yığsınlar. Hər halda Siyəzəndə, başqa yerlərdə 300-500 nəfərin iştirakı ilə aksiyalar keçirildi. Hətta "Molotov" kokteylindən istifadə olunması, binaların, polisin daşa basılması cəhdləri də oldu. Bu, artıq dinc aksiya deyildi. Üstəlik, burada daha çox radikalizmin, əvvəlcədən düşünülmüş aksiyanın elementləri var idi. Təbii ki, bunun arxasında həm də xaricdə olan anti-Azərbaycan qüvvələrin maraqları var və onlar sabitliyin pozulması üçün ən müxtəlif cəhdlər edirlər. Bunu konkret olaraq qonşu ölkələrlə əlaqələndirmək haqqında məndə məlumat yoxdur və mən bu məlumata çox ehtiyatla yanaşıram. Çünki Azərbaycanda vəziyyətin gərginləşməsi qonşu ölkələrin maraqları çərçivəsində olmalı deyil. Ölkəmizdə sabitliyin pozulması, qarşıdurmanın genişlənməsi həmin ölkələrə də sıçraya, bu, regional vəziyyəti gərginləşdirə bilər. Məncə, ağlı başında olan ölkə başçısı heç zaman istəməz ki, qonşusunda buna bənzər vəziyyət yaransın. Əgər nəzərə alsaq ki, Azərbaycan qonşu ölkələr üçün heç bir problem yaratmır. Yəni Azərbaycan iqtidarının nə Rusiya, nə də İranla ciddi problemləri yoxdur. Lakin bu ölkələrdən kənarda müəyyən qüvvələr var ki, onlar Azərbaycanla sabitliyi pozmağa çalışırlar".
F.Ağamalı eyni zamanda qeyd etdi ki, bəzi anti-Azərbaycan qüvvələr mövcuddur: “Məsələn, İranda müəyyən dairələr var ki, onlar Azərbaycanda vəziyyəti hər zaman qarışdırmağa çalışırlar. Bu yaxınlarda Nardaran hadisəsi baş verəndə vaxtilə Azərbaycan torpaqlarında müəyyən rol oynayan Həqiqətpur təhdid dolu fikirlər səsləndirdi. İranda bu cür insanlar var. Ola bilsin, Rusiyanın özündə də ermənilərin təsiri altında olan müəyyən adamlar var və onlar Azərbaycanda gərginliyin mövcudluğunda maraqlıdırlar. Təbii ki, Ermənistan düşmən ölkədir, bu ölkə, eyni zamanda erməni lobbisi bütün potensialı ilə Azərbaycandakı vəziyyəti gərginləşdirməyə çalışır. Ermənilərin təsiri altında olan qüvvələr də Azərbaycanı Suriyaya, Yəmənə çevirmək üçün bütün imkanlarını ortalığa qoyublar”.
Artıq durum elə təhlükəli həddədir ki, sənət adamları da müstəqilliyimizə yönəlik təhdidlərdən narahatdırlar.
“Azərbaycana kənardan ziyan vermək istəyən çox sayda düşmənlərimiz var. Çox ehtiyatlı olmalıyıq. Azərbaycana əllər uzanıb. Ölkəyə hərc-mərclik salmaq niyyətindədirlər.
Azərbaycanı Yəmənə, İraqa döndərmək istəyirlər. Bizə təkcə Rusiya düşmən deyil. İndi də İranın əlini, qolunu açıblar və artıq İran bizə şığıyır”. Bu sözləri cebhe.info-ya xalq artisti Flora Kərimova deyib. Böyük sənətkar hər kəsi ehtiyatlı olmağa çağırıb: “Sözümüzdə və addımımızda son dərəcə diqqətli olmalı, sözümüzün ağası olmalıyıq. Tələsik qərar verməklə bu ölkəni bəlaya sala bilərik. İnsanlarımızı qıcıqlandırmaq olmaz. Yanlış bir hərəkət olsa, Azərbaycan məhv olacaq. İlk növbədə bunu düşünmək lazımdır”.
Adının çəkilməsini istəməyən iqtidar mənsublarından biri isə sabiq MTN zabitinin dediklərini təsdiqləyərək təhlükənin reallığına diqqət çəkdi: “Əgər ölkədə sabitlik pozularsa, təbii ki, bundan bütün marağı olan qüvvələr istifadə edəcəklər. Yəni tədbirlər görülməsə, qarışıqlıq olan kimi müxtəlif dövlətlərin maraqlarına xidmət edən qüvvələr vəziyyətdən istifadə etməyə cəhd göstərəcəklər. Ona görə də maksimum ehtiyatlı olmalıyıq!”
Yeri gəlmişkən, ötən ilin aprelində Bakıda keçirilən beynəlxalq tədbirlərin birində Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “SOS” xəbərdarlığı ilə çıxış etmişdi. Dövlət rəsmisi “Azərbaycandan Liviya, Suriyaya çevirmək istəyirlər. Amma bu mümkün olmayacaq”, - demişdi.
S.Əkbər “düymə basılıb” deyərkən yəqin elə bu ssenarini nəzərdə tutub...