Dünyanın diqqəti Tehranda - FOTOLAR - VİDEO - YENİLƏNDİ
Türkiyə və İran prezidentləri təkbətək görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar. Həsən Ruhani İran və Türkiyənin regionda sabitlik üçün vacib ölkələr olduğunu bildirib. “Türkiyə prezidenti ilə görüşdə çox əhəmiyyətli qərarlar qəbul etdik. Bölgəmizlə bağlı həssas məsələləri müzakirə etdik. Bizim əsas məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır. Məzhəb ayrı-seçkiliyi xaricilərin planıdır. Biz İraq və Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq”, - Ruhani deyib. Şimali İraq kürd muxtariyyətində keçirilən referenduma toxunan İran prezidenti Ərbilin öz səhvini düzəltməli olduğunu qeyd edib. Türkiyə prezidenti kürd muxtariyyətində keçirilən referendumun görüşdə əsas müzakirə mövzusu olduğunu vurğulayıb. “Qeyri-qanuni referendumu tanımadığımızı bildiririk. İsraildən başqa referendumu tanıyan heç bir ölkə yoxdur. MOSSAD-la oturaraq verilən bir qərar legitim ola bilməz. İran və Türkiyə olaraq bu məsələdə qərarlılığımız bəllidir. İran, Türkiyə və İraqın mərkəzi hökuməti olaraq bəzi addımlar atmışıq. Bundan sonra daha ağır addımlar atılacaq”, - Ərdogan söyləyib. *** Tehrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə görüşü başlanıb. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək. Ərdoğanı Baş qərargah başçısı general Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkci, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülənt Tüfənkçi, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, müdafiə naziri Nurəddin Canikli və MİT başçısı Hakan Fidan müşayiət edir. Şimali İraq kürd muxtariyyətində keçirilən referendumun Türkiyə prezidentinin səfərindən əsas müzakirə mövzusu olacağı gözlənilir.