Parlament müzakirə və ETİRAZLARA SƏBƏB olan qanunu QƏBUL ETDİ

Hökumətə bir həftə vaxt verildi; şəhid ailələrinin məsələsi növbəti dəfə plenar iclasda müzakirə olundu: “Xahiş edirəm, cənab nazirə deyin, bir-bir bu insanları qəbul eləsin, birdəfəlik desin ki, bu insanlara qanpulu düşür, ya düşmür”

Noyabrın 15-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin plenar iclası keçirildi. Gündəliyin bir hissəsi 2019-cu il dövlət büdcəsi ilə bağlı məsələlərdən ibarət idi.

“Azərbaycan Respublikası Milli Məclisinin xərclər smetası haqqında” qanun layihəsi barədə Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev məlumat verdi. Bildirdi ki, Milli Məclisin və onun Aparatının xərcləri üçün 2019-ci ilin dövlət büdcəsində 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Bu vəsaitin isə 67 faizini əmək haqqı fondu və əmək haqqı ilə bağlı ayırmalar təşkil edir. F.Hacıyev maliyyə naziri Samir Şərifova müraciətlə 2019-cu il xərclər smetasında vəsaitin çatışmazlığını nəzərə alaraq əlavə vəsait ayrılmasını xahiş etdi.

Qeyd edək ki, iclas başlamazdan öncə şəhid ailələrinin bir qrupu Milli Məclisin binası qarşısına toplaşmışdı. Onlar deputatlara yaxınlaşaraq prezident fərmanı ilə ayrılan sığorta haqqını ala bilmədiklərindən şikayətlənirdilər.

Deputat Qüdrət Həsənquliyev şəhid ailələri ilə görüşərək onları dinləyib və səbrli olmağa çağırdı. Bildirdi ki, onların məsələsini diqqətdə saxlayır və müsbət həll olunacağına ümid edir. Elə müzakirələr zamanı da bir sıra deputatlar şəhid ailələrinin məsələsini qaldırdılar və hökumətə səsləndilər.

Deputat Vahid Əhmədov bu mövzuya diqqət çəkdi: “Oqtay müəllim, şəhid ailələri yenə Milli Məclisin qarşısına yığışıb. Onlar deputatların qarşısını kəsib xahiş edirlər ki, məsələləri həll olunsun. Xahiş edirəm, cənab nazirə deyin, bir-bir bu insanları qəbul eləsin, birdəfəlik desin ki, bu insanlara qanpulu düşür, ya düşmür. Bəlkə nazirin vaxtı yoxdur. Lazımdırsa, biz burda bir komissiya yaradaq, bununla məşğul olaq”.

Deputat Qənirə Paşayeva da şəhid ailələrini narahat edən məsələyə sədarətin və hökumət üzvlərinin diqqətini cəlb etməyə çağırdı. Xanım deputat sədrə müraciətlə bildirdi: “Hörmətli sədr, təqribən 40 dəqiqədir şəhid ailələri Milli Məclisin binası qarşısında toplaşıblar və xahiş edirlər ki, onların problemləri həll olunsun. Onlar cənab prezidentdən çox razılıq edirlər. Lakin bu gün onların istədikləri budur: biz də bu vəsaiti almaq istəyirik. Bəziləri deyir almışıq, amma çox cüzi vəsait idi, amma bu gün bu vəsaitə çox böyük ehtiyacları var”.

Q.Paşayeva şəhid ailələrinin parlament qarşısında olmasından bəzi xarici qüvvələrin istifadə edə biləcəyindən də bəhs etdi: “Orda bəzi çəkilişlər də var idi, onların kimliyi də bəlli deyildi. Bəzi xarici güclər var ki, bəlkə də bu məsələdən istifadə etmək istəyir. Odur ki, bu məsələyə diqqətin artırılmasını xahiş edirəm. Cənab prezident belə bir gözəl jest edib, şəhid ailələrinə qayğı göstərib. Onlar xahiş edirlər ki, hökumət üzvlərinə təkrar müraciət edək və hökumət bu məsələni müsbət həll etsin”.

Spiker Oqtay Əsədov bu məsələ ilə bağlı nazirlə danışdığını bildirdi və məsələnin nəzarətdə olduğunu dedi.

Deputat Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin maaşının artırılması və onlar üçün mənzil tikintisinin bərpa olunması təklifi ilə çıxış etdi. O, həmçinin deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını zəruri saydı: “Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. İndi də mərhum prezidentimiz Heydər Əliyevi rəhmətlə anıram. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. O baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.

Q.Həsənquliyev bəzi media mənsublarının onun ötən iclaslarda səsləndirdiyi fikirlərini təhrif etdiyini söylədi. O bildirdi ki, onun fikirləri təhrif olunduqdan sonra bəzi ünsürlər ona qarşı hücuma keçib. Deputat onun fikirlərini təhrif etdiyi üçün bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini istədi. Q.Həsənquliyev qeyd etdi ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib: “Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər. Mən bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının status haqqında” qanun layihəsi müzakirə olunarkən  deputat Çingiz Qənizadə bəzi həmkarlarını qınadı: “Kimsə burada Milli Məclisin işçisinə, yaxud fotoqrafa arxayın olub gedib öz şəxsi işi ilə məşğul olmaq istəyirsə, birdəfəlik gedib şəxsi işi ilə məşğul olmalıdır. Üstəlik, biz özümüzə, öz statusumuza hörmət əlaməti olaraq bu qanunu müdafiə etməliyik. Kim istəmirsə, getsin, özünün başqa sahədəki fəaliyyətləri ilə məşğul olsun və biz onlara uğurlar arzulayırıq”. Deputat günün ikinci yarısında iclaslara qatılmayanların cəzalandırılmasını nəzərdə tutan məqamlara münasibət bildirdi: “Burada parlamentin iclasında iştirak etməməkdən söhbət gedir. Kifayət qədər imkan verilib. Üzrsüz səbəbdən ardıcıl 4 dəfə və ya bir ayda 6 dəfə iştirak etməmək laqeydlikdir. Biz ən azı burdan əməkhaqqı alırıq və bu işə normal gəlib-getməliyik. Kim bunu istəmirsə, getsin öz işinə”.

Ç.Qənizadə daha sonra maraqlı fikirlər söylədi: “Saat 12-də qeydiyyatdan çıxıb, saat 4-də gedib Şəmkirdə, ya Gəncədə yeyib-içən millət vəkilləri bilməlidir ki, yox, saat 4-də yenə bura qayıtmalıdır və burada səsvermədən keçməlidir. Ona görə də burda düzəlişlərə heç bir ehtiyac görmürəm. Özü də çox maraqlıdır ki, intizamlı deputatlar daha çox bundan narahat olurlar. Hansılar ki, həmişə burda olurlar, səsvermədə iştirak edirlər”.

Deputat dedi ki, bu qanunda hər hansı faciə axtarmağa dəyməz: “Ona görə də mən qanun layihələrini dəstəkləyirəm. Bu, bizim özümüzün də məsuliyyətimizi artıracaq və Milli Məclisə hörmət gətirəcək”.

Qeyd edək ki, Milli Məclis 2019-cu il büdcə zərfinin müzakirəsini ilk oxunuşda başa çatdırdı. Spiker Oqtay Əsədov bildirdi ki, ikinci oxunuş noyabrın 23-də keçiriləcək. “Noyabrın 23-dək büdcə sənədi ilə bağlı hökumətə vaxt veririk. Büdcə ilə bağlı növbəti iclasımız noyabrın 23-də, daha sonra isə noyabrın 30-da keçiriləcək”-spiker bildirdi.

Deputat Tahir Kərimli isə dedi ki, parlamentin televiziyası olmalıdır: “Belə olan halda, burada baş verənlər daha dolğun şəkildə cəmiyyətə çatdırılar. Bir müddət öncə himnlə bağlı çıxış  etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var. Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...”

T.Kərimli qeyd etdi ki, çıxışından sonra saytlarda tənqid və təhdid olunub: “Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq, ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın arasına necə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”.

Bundan sonra deputatlar uzun müddətdir müzakirələrə və etirazlara səbəb olan sənədi - “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsini müzakirəyə başladılar.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov dedi ki,  qanun layihəsinin 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz: “Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək "Korrupsiya haqqında" qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq". Ə.Amaşov bildirdi ki, maraqların toqquşmasının qarşısının alınması məsələsi çox vacibdir: “Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etsə, onu çox ağır cəza gözləyir”.

Ə.Amaşov deputatların gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsini də təklif etdi: “Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.

Müzakirələrdən sonra deputatların etik davranış qaydaları haqqında qanun ikinci oxunuşda qəbul edildi.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov plenar iclasların ikinci hissəsində iştirak etməyən deputatlara irad bildirdi. Dedi ki, Milli Məclisin hörməti onun nizam və intizamı ilə bağlıdır: “Milli Məclisdə müzakirələr günün birinci və ikinci hissəsində aparılır. Məgər günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır, yoxsa hüquqi dərəcəsi azdır? Bunların hər biri eynidir. Kimsə harasa iclasa gedirsə, yazılı və şifahi şəkildə parlament sədrinə müraciət edir və xahişi nəzərə alınır”.

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S.Novruzov dedi ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib: “Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və onların 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdırlar. Qalan insanları buna məcbur etmək olmaz”.

S.Novruzov deputatların hədiyyə almaq məsələsinə gəlincə, söylədi ki, bu, ABŞ-da və digər ölkələrdə də mövcuddur: “Burada söhbət hansısa nümayəndənin verdiyi hədiyyədən gedir. ABŞ-da deputat 300 dollardan aşağı verilən hədiyyəni evinə apara bilər. Əgər 300 dollardan yuxarıdırsa, o parlamentdə qalmalıdır. Biz bunu müəyyənləşdirəndə o zaman manatla avro eyni idi. Həmin dövrdə 50 manat 70 avro idi. Amma bu gün 35 avrodur. Daxili səbəblərimizdən asılı olmayaraq, bu 1 avro da ola bilər. O baxımdan qanuna düzəliş edilməlidir”.

Spiker Oqtay Əsədov isə deputatın dillə bağlı fikirlərini qəbul etmədi: “Hər kəs Azərbaycan dilini bilməyə borcludur. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycan dilində danışsın. Deyirsiniz ki, nə vaxtsa burada ermənilər təmsil oluna bilər. Mən burada erməni, ya da başqa dildə tərcüməçi əyləşdirməli deyiləm ki? Azərbaycanda olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.

O.Əsədov deputatların intizamı məsələsinə də toxundu: “Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı”. Spiker qeyd etdi ki, hər bir deputat iclasda iştirak etməlidir: “Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticəsi olmur... Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.






Fikirlər