Quba Təhsil Şöbəsində 1 MİLYON manatlıq yeyinti
Loğman Müslümov dövlətin ayırdığı pulları necə mənimsəyir? Ölkədə fəaliyyət göstərən təhsillə bağlı dövlət orqanlarındakı vəziyyətdən uzun-uzadı danışmağa ehtiyac yoxdur. Əksər sahələrdə olduğu kimi burda da yeyinti və rüşvətxorluq pik həddə çatıb. Təəssüf ki, təhsilə və təhsil müəssisələrinə birbaşa cavabdeh olan Təhsil Nazirliyi bunun qarşısını almaq üçün əməli addımlar atmır. Əksinə, nazirlik neqativ halların daha geniş vüsət almasına şərait yaradır, təhsil müəssisələrinin rəhbərlərinə qanunsuzluqlar etmək üçün daha geniş imkanlar verir. Acınacaqlı vəziyyətin hökm sürdüyü təhsil müəssisələrindən biri də Quba Təhsil Şöbəsidir. MilliYol.az xəbər verir ki, bu dövlət qurumunun müdiri Loğman Müslümov 1 milyon manat dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur. Bir sözlə, dövlətin təhsil üçün ayırdığı vəsait bir məmur tərəfindən talan edilib. Loğman Müslümovun ən böyük gəlir mənbələrindən biri tikinti sahəsidir. Quba Təhsil şöbəsində baş verənlərlə bağlı məlumat verən mənbə bildirir ki, şöbə müdiri indiyədək bu yolla 190 min manat mənimsəyib. Əvvəlcə təmir işlərinə 100 min, sonra isə əsaslı təmir işlərinə 90 min manat vəsait ayırtdıran Loğman Müslümov bu pulu təyinatı üzrə xərcləməyib. Şöbə müdiri inventarların alınması üçün ayrılan pulları da cibinə doldurub. İlk mərhələdə bərk inventarların satın alınması üçün 120 min, ikinci mərhələdə 113 min manat ayrılmasına sərəncamı verilib. Sonuncu mərhələdə isə bu rəqəm 118 min manat təşkil edib. Ümumilikdə 351 min manat ayırılsa da, bu pulların hara xərcləndiyi məlum deyil. Hər halda, məktəblərə sərf olunmadığı dəqiqdir. Quba məktəblərinin mövcud durumuna nəzər yetirən hər kəs 351 min manatın kimlərinsə cibinə axmasının canlı şahidi ola bilər. Loğman Müslümovun daha bir qazanc mənbəyi orta məktəblər üçün kompyuter avadanlıqlarının alınması prosesi olub. Bildirilir ki, bu məqsədlə Təhsil Şöbəsinə 119 min manat ayrılıb. Amma vəsaitin böyük hissəsi mənimsənilir. Belə ki, şöbə müdiri kompyuterlərin alınması üçün təxminən 20 min manat xərcləyib. 100 min manata yaxın vəsait isə "yoxa çıxıb". Alınan kompyuterlər isə köhnə model və işlənmiş olub ki, onların əksəriyyəti istifadə üçün yararsızdır. Loğman Müslümov digər maşın, avadanlıq və inventarların alınması üçün əlavə 235 min manat vəsaitin ayrılmasına nail olub. Amma bu işlərin görülməsinə 97 min manat xərclənib. Qalan 138 min manat ortada yoxdur. Bildirilir ki, Quba Təhsil Şöbəsinə yuxarıda sadalananlardan başqa da təxminən 200 min manat vəsait ayrılıb. Amma həmin pullar da aidiyyatı üzrə xərclənməyib. Məlumatlara görə, Təhsil Şöbəsindəki mənimsəmələr aidiyyatı qurumların da diqqətini çəkib. Hətta məsələyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də qarışıb. Amma vəziyyət hələ də düzəlməyib. Loğman Müslümov hələ də iş başındadır və talançılıq fəaliyyətini davam etdirir. .