“AZƏRBAYCANDA FETÖ-yə ÇOX ADAM BULAŞIB” - Etimad İsmayılov

Etimad ISM

“FETÖ MKİ, MOSSAD, dolayısıyla İsrail, ABŞ, Vatikan deməkdir”

“Azərbaycanda FETÖ-yə çox adam bulaşıb. Dövlətin ən müxtəlif orqanlarından tutmuş SOCAR-a qədər çox adamın adı FETÖ ilə əlaqədə hallandırılır. Onların arasında millət vəkilləri də, media patronları da var. İqtisadi, siyasi, ideoloji tellərlə Gülən camaatı Azərbaycanın bir çox nüfuzlu şəxslərini özünə bağlayıb”. Moderator.az xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov deyib.

Partiya yetkilisinin sözlərinə görə, bu və ya digər şəkildə FETÖ ilə əlaqəli şəxslər hazırda səmimiyyət imtahanı qarşısındadırlar: “Mümkündür ki, kimsə bu zamana qədər FETÖ-nün gerçək simasından xəbərsiz idi. İndisə onun içüzü ortaya çıxıb. Bundan sonra həmin insanlar gerçəkləri görüb öz yollarından ayrılmalıdırlar. Amma israrla bu yola davam etmək istəyənlər varsa, deməli, FETÖ-nün cinayətlərinin məsuliyyətini də paylaşırlar”.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzeti Ankaranın Azərbaycan-FETÖ əlaqələrinə dair məlumatları Bakıya göndərdiyini və hakimiyyətdən bu təşkilata qarşı aktiv mübarizə aparmağı gözlədiyini yazmışdı.

Bəs, görəsən rəsmi Bakı bu gözləntiləri yerinə yetirəcəkmi?

Azərbaycan hakimiyyətinin həmin agentura şəbəkəsiylə mübarizəsinin asan olmayacağına inanan Etimad İsmayılov FETÖ-nun beynəlxalq bağlantıları barədə də danışıb: “FETÖ öz-özünə formalaşmış qurum deyil. O, Mərkəzi Kəşfiyyat İdarəsi, MOSSAD, dolayısıyla İsrail, ABŞ, Vatikan deməkdir. Bu təşkilata dirsək göstərəndə onun arxasında dayanan qüvvələri də qarşına alırsan”.
Həmsöhbətimiz bütün bu amillərə görə də hakimiyyətin FETÖ-yə qarşı adekvat mübarizə aparacağına inanmır.

 






Fikirlər