Baş həkim istefa ərizəsi yazıb rayondan qaçdı - İcra başçısıyla NAZİR ÜZ-ÜZƏ

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rövşən Pənahov istefa verib.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, o rəsmi olaraq işdən çıxarılmasa da, artıq 1 aya yaxındır ki, işə gəlmir. Bildirilir ki, onun işdən çıxmasına səbəb rayonun icra başçısı Mahir Quliyevlə arasında yaranmış problemdir. Problemə səbəb kimi isə başçının ondan rayonun bəzi xərcləri qarşılamasını istəməsi olub. Buna razı olmayan baş həkim isə ərizə yazaraq, işdən uzaqlaşmaq istəyib. Onun hətta rayondan qaçdığı barədə də informasiyalar dolaşır. 
Digər məlumata görə, M. Quliyev artıq xəstəxananın baş həkimi postunda görmək istədiyi 2 şəxslə bağlı nazirliyə təqdimat göndərib. Lakin nazirlik heç birini bu posta təsdiqləməyib. 
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Rövşən Pənahov işdən çıxması üçün ərizə yazdığını təsdiqləyib: "Aprel ayının 17-də Səhiyyə Nazirliyinə səhhətimlə əlaqədar olaraq işdən azad olunmağımla bağlı ərizə təqdim etmişəm. Başımda ağrılar var, ona görə də işdən çıxmaq qərarı almışam. Ərizəmi icra hakimiyyətinə də bu gün təqdim etmişəm. Yəqin ki, təsdiqləyəcəklər”.
59 yaşlı baş həkim icra başçısıyla arasında problem olmasıyla bağlı yayılan xəbərlərə belə cavab verib: "Heç bir problem yoxdur. Əksinə, icra başçısı məni işdə saxlamağa çalışdı. Amma səhhətim yol vermir. Başçıyla mənim nə problemim ola bilər ki?”
Rövşən Pənahov yerinə təyinat məsələsindən xəbərsiz olduğunu deyib.
 
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova isə əməkdaşımızın bu məsələ ilə bağlı sualına sərt reaksiya verib: "Ordan-burdan eşitdiyiniz xəbərə görə mənə zəng etmisiniz? Mən nə bilim ki, siz jurnalistsiz, jurnalist telefonla əlaqə saxlamaz. Bundan əlavə, peşəkar jurnalist bu mövzu ilə bağlı məni narahat etməli deyil. Şou-biznes deyil ey, sən icra hakimiyyətindən danışırsan. Bu elə məsələdir ki, mən sizi dinləyə bilmərəm, gələrsiniz icra hakimiyyətində danışarıq”.
 
Xatırladaq ki, Rövən Pənahov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. O, bu təyinata kimi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri olub.






Fikirlər