Qətər səfiri Mətbuat Şurasında olub - Müzakirə + FOTO

Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai Azərbaycan Mətbuat Şurasında olub.

 Mətbuat Şurasından verilən məlumata görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum dünyanın, o cümlədən İslam aləminin media təşkilatları ilə ölkəmizin kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığının qurulmasına dəstək göstərir.
 "Bu baxımdan Türkiyə və İran, habelə postsovet məkanındakı İslam ölkələrinin jurnalistləri ilə qarşılıqlı təmasları vurğulamaq mümkündür. "Qətər müsəlman dünyasında qabaqcıl media ənənələrinə və strukturuna malik dövlətdir. Bu mənada yalnız "Əl-Cəzirə” telekanalının fəaliyyətin vurğulamaq da yetərlidir. Hesab edirəm ki, bu telekanalın deyil, ümumən Qətər mediasının təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var”, - deyə o vurğulayıb.
 Ə.Amaşov son vaxtlar Qətər dövləti ilə bağlı beynəlxalq siyasi arenada gedən proseslərə də diqqəti çəkib. O, baş verənlərin Azərbaycan mediasının da gündəmində olduğunu vurğulayıb. Deputat həmçinin bildirib ki, ölkəmizin jurnalistləri ümumən Yaxın Şərqdə yaşanan proseslərin işıqlandırılmasında ədalətli mövqe tutub və bu mövqenin dəyişməz qalacağına əmindir.
 Səfir Yusif bin Həsən əl-Sai isə təmsil etdiyi ölkədə media orqanlarının fəaliyyət xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin Azərbaycandakı kütləvi informasiya vasitələrini mütəmadi şəkildə izlədiyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan mediası dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərə kifayət qədər həssaslıqla yanaşır.
 Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Qətər mediası arasında əməkdaşlığın mümkün perspektiv variantları müzakirə olunub.
 Qeyd edək ki, görüşdə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və MŞ İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib. AzerTaym.az






Fikirlər