Sükan arxasında danışın, AMMA...
DYP rəsmilər jurnalistləri informasiya hazırlayanda diqqətli olmağa çağırdılar Sürücülərin sükan arxasında ikən diqqəti yayındıracaq söhbətdə iştirak etməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi açıqlama artıq 10 gündür ki, mətbuatın gündəmindən düşmür. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də bu barədə dəfələrlə mətbuata açıqlama versə də, bu cür cərimələrin tətbiq olunub-olunmayacağı məsələsinə nöqtə qoyulmayıb. “Yeni Müsavat” qəzeti olaraq hər iki polkovniklə danışıb, müzakirələrə son qoymağa çalışdıq. DYP-nin şöbə rəisi, polkovnik Kamran Əliyev qəzetimizə açıqlamasında əksər fikirlərin mətbuatda təhrif olunduğunu vurğuladı: “Vaqif müəllimin fikirləri mətbuatda təhrif olunaraq verilib. Su içmək, pəncərəni endirib musiqinin səsini vermək və sair tövsiyə xarakterli müraciətlər olub. Sadəcə, jurnalist təxəyyülünün məhsuludur ki, onu hansısa formada qanunvericilik kimi qələmə verib və buna görə cərimənin olmasını bildirib. Qanunvericilikdə nəqliyyat vasitələrinin istismar qaydalarında göstərilir ki, sürücü nəqliyyat vasitəsini idarə edərkən diqqətin yayınmasına səbəb olan söhbətdə iştirak etməməlidir. Burada ən çox müzakirəyə çıxarılan odur ki, yol polisi bunu necə müəyyən edəcək? Bu məsələlər bir qədər şişirdilir, bir az da sosial şəbəkələrdə hər kəs bir fikir söyləyir. Hamı onun üzərində dayanır ki, danışmaq olmaz. Burada söhbət diqqətin yayınmasından gedir. Qəzaların 60-70 faizi diqqətin yayınması səbəbindən baş verir. Bu qanunun həyatda tətbiq edilməsi yalnız yol-nəqliyyat hadisəsi zamanı mümkündür. Maddi zərərlə nəticələnən bir yol qəzası baş verirsə, sürücü öz ifadəsində bildirir ki, söhbət edirdim, diqqətim yayınmışdı və ya maşının arxa oturacağından nə isə götürəndə diqqətim yayındı və gedib qabaqdakı və ya yandakı maşına çırpıldım. Bu halda həmin maddə tətbiq oluna bilər”. K.Əliyevin sözlərinə görə, bunu sükan arxasında danışmağın qadağan olunması kimi təqdim etmək yalnışdır: “Heç bir qanunvericilikdə belə bir hal yoxdur ki, ya sürücüləri, ya da sərnişinləri konkret olaraq danışmağa görə məsuliyyətə cəlb eləsinlər. Hər kəs qanunu açıb baxa bilər. Bu məqam ”İnzibati Xətalar haqqında" Qanunda da var, “Yol Hərəkəti Qaydaları haqqında” Qanunda da var. Hər kəs rahatlıqla internet resurslarından istifadə edib dəqiqliyi ilə qanunu oxuya bilər". Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə “Yeni Müsavat” açıqlamasında 10 gündür davam edən müzakirələrin səbəbindən danışdı: “Bu söhbət oktyabrın 16-dan bu yana davam edir, hər dəfə də bu söhbətə ya ekspert, ya da hörmətli polkovnik Kamran Əliyev və ya mənim tərəfindən nöqtə qoyulur, lakin hələ də bu söhbət davam edir. Oktyabrın 6-da bir xanım jurnalist zəng edib, sükan arxasında ikən Nizami rayonunda, Bəhruz Nuriyev küçəsində yol polisi tərəfindən saxlanıldığını və bununla əlaqədar cəzalandırıldığını söylədi. Eyni zamanda bunun qanunvericilikdə olub-olmaması sualını verdi. Mən də dedim ki, bəli, sükan arxasında ikən idarəetmədən diqqətin yayınması inzibati xəta tərkibi yaradır və bunu edənlər cəzalandırılır. Bu açıqlamam mətbuatda gedəndən sonra adəti üzrə başqa jurnalistlər də öz saytlarında bunu yerləşdirdilər. Daha sonra sual ortaya çıxır ki, bəs diqqətin yayınmasını yol polisi necə təyin edir? Mən də cavab vermişəm ki, bu, vizual baxışla aşkarlanır. Lakin vizual baxışla aşkarlansa da, sübutedici faktlar olmalıdır ki, sürücüyə protokol yazılsın. Bu günə qədər praktikada bu ölkədə heç bir sürücüyə və ya sərnişinə bu maddə ilə inzibati protokol yazılmayıb. Bu sözümdən sonra artıq bir çox saytlar müxtəlif başlıqlarla materiallar yaymağa başladılar. Mən 15 ildir ki, sizin aranızdayam, özüm də polkovnikəm, necə ola bilər ki, mən belə bir səhvə yola verirəm?” V.Əsədovun sözlərinə görə, bu, artıq dördüncü belə faktdır ki, mətbuatda sensasiya yaranır: “Birincisi, sürücünün ayağında çəkələklə avtomobili idarə etməsi idi. Biz tövsiyə etmişdik ki, buna yol verməyin, sensasiya yarandı. İkincisi, azyaşlı uşaqların nəqliyyat vasitələrində daşınarkən xüsusi oturacaqlardan istifadə etməsi... Biz dedik ki, ön oturacaqda ondan istifadə mütləqdir, arxa oturacaqda isə olması tövsiyə olunur. Bunu da sensasiyaya çevirdilər. Üçüncüsü, xüsusi komplektləşdirilmiş dərman qutusunun və yanğınsöndürən balonların nəqliyyat vasitəsində olmasının zəruriliyindən danışmışdım. Qanunda bu tələb edilirdi. Onu da yozdular ki, kimsə dərman qutusu idxal edib və ya yanğınsöndürən balon idxal edib, onu satmağa çalışırlar. Dördüncüsü, sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsinin vacibliyindən danışdıq ki, bunu etməyəni 30 manat cərimə gözləyir. Bunu da sosial şəbəkələrdə qalmaqal mövzusuna çevirdilər. Bu beşinci faktdır ki, həm mətbuatımızın güclü olmasını göstərir. Həm də senzura olmadan hər kəsin öz bildiyi kimi informasiya verməsinin şahidi olduq. Media və sosial şəbəkələrdən düzgün, məqsədyönlü istifadə edilməlidir. Təəssüf ki, sərbəstlik olduğundan bəzilərinin məqsədli, qərəzli, və ya bilmədən informasiya yaymaq istəyi şayiələrin yayılmasına gətirib çıxardı. Medianın mövzu qıtlığı olduğundan bunu ortaya atıb iki polkovniki üz-üzə qoyurlar”.