Yevda Abramov mətbuata HİRSLƏNDİ: “ƏL ÇƏKİN məndən!”
Milli Məclisin 53 saylı Quba-Qusar seçki dairəsindən deputatı, milliyətcə yəhudi Yevda Abramovun səhhətində ciddi problem yarandığı barədə xəbər vermişdik. Deputat ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Bəzi KİV-lər yenidən deputatın səhhəti haqda yazıb, onun vəziyyətinin düzəlmədiyini qeyd ediblər. Yevda Abramovun özü isə səhhəti ilə bağlı Modern.az-a danışıb. Yevda Abramov bildirib ki, hazırda onun sağlıq durumu normaldır. “Hazırda sağlıq durumum normaldır. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə də bütün xanımları təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzu edirəm”. Deputat mətbuatda onun səhhəti ilə bağlı yazılan yazılara sərt münasibət bildirib. “Mən bütün yazıları oxumuşam. Mətbuatda yazıblar ki, Yevda Abramov dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Vicdanınız olsun! Belə adamlarla danışmağa adamın meyli belə yoxdur. Əl çəkin də məndən! Qutarın!”.