NAZİRLİK binaların qarşısını hasarlayanlarla bağlı HƏRƏKƏTƏ KEÇDİ
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən AzerTaym.az-a bildirilib ki, daxil olan məlumat Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu məlum olub. Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.