“Bu cür “jurnalistlər” vəzifəli şəxslərə böhtan atmaqdan ÇƏKİNMİR”
“Hər bir jurnalistin əsas vəzifəsi insanları doğru, düzgün informasiya ilə təmin etmək, maarifləndirməkdir. Təəssüf ki, bəzi “jurnalistlər” bu çərçivəni aşaraq özlərini “ədalət carçısı”, “hakim” rolunda görür, insanları “mühakimə” edir, günahlandırır, hətta “hökm” verirlər. Bəzən isə “maddi maraqlar” bu cür “jurnalistləri” daha aqressiv olmağa sövq edir. Onlar ayrı-ayrı vətəndaşlara, vəzifəli şəxslərə şər-böhtan atmaqdan çəkinmir, “istədiklərini” alana kimi hər yola əl atırlar. Artıq bu mərhələdə jurnalistika yox, “reketçilik” fəaliyyəti ön plana keçir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan prezidenti hər zaman jurnalistikanın inkişafı ilə bağlı mühüm addımlar atır, jurnalistlərə öz diqqət və qayğısını göstərir. Lakin təəssüflə vurğulayıb ki, bu gün media məkanında jurnalistikanın ali dəyərlərinə xəyanət edənlərə də rast gəlmək olur: "Bir müddətdir ki, “maddi maraqlarının” qurbanı olan “Realliq.info” və digər “reket” informasiya saytlarının müəllifi İkram Rəhimov da belələrindəndir. Bu günlərdə o, tabeçiliyində olan şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasıbarədə Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub. Nəticədə İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Hesab edirəm ki, belə faktlar “reketçilik sevdasına” düşənlərə dərs olmalıdır”. “İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, “reket” jurnalistikaya qarşı ictimaiyyət də ciddi, barışmaz mübarizə aparır, eyni zamanda, Mətbuat Şurası media məkanında bu cür neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görür: “Bu gün Mətbuat Şurasında “Reket” jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Komissiyaya ayrı-ayrı vətədaşlardan, dövlət qurumlarından şikayətlər daxil olur. Bu şikayətlərə baxılır, şəffaf və obyektiv şəkildə araşdırılır, tərəflər dəvət olunur, müzakirələr aparılır. “Reketçiliklə” məşğul olanlara əvvəlcə xəbərdarlıq edilir, əgər onlar bu əməllərindən əl çəkmirlərsə, adları Mətbuat Şurasının “qara sıyahı”sına salınır. Belə çirkin əməllərlə məşğul olan İkram Rafiq oğlu Rəhimov və onun qrupu hansı cinayət əməlini törətdiklərini dərk etmirlərmi? Görünür yox. Əgər dərk etsəydilər bu və digər əməllərdən əl çəkərdilər”.