Paytaxtın əmlak bazarında ekstremal vəziyyət

Paytaxtın əmlak bazarında ekstremal vəziyyətOliqarxlar və onların yaxın çevrəsinə aid məmurlar paytaxtdakı və ətraf qəsəbələrdəki villalarını kütləvi surətdə satışa çıxarıblar

Bu günlərdə ölkənin daşınmaz əmlak bazarında qiymətlərin sürətlə aşağı düşməsi prosesi gedir. Buna səbəb daşınmaz əmlak satışı ilə məşğul olan sosial şəbəkələrdə alıcılara təklif edilən bahalı mülklərin və villaların sayının gözlənilmədən kəskin şəkildə artmasıdır. Satış üzrə tanınmış menecerlərin bildirdiyinə görə, hələ indiyədək bu sahədə bu qədər düşük qiymətlər qeydə alınmamışdı.

Diqqətçəkən məqam ondan ibarətdir ki, satışa çıxarılan mülklərin real dəyəri onlara qoyulan qiymətlərdən qat-qat yüksəkdir. Abşeron rayonunun Saray, Novxanı, Goradil, paytaxtın Badamdar, Buzovna, Pirşağı, Maştağa və digər qəsəbələrində vaxtilə 5-15 milyona qiymətləndirilən bu cür villaları kifayət qədər ucuz qiymətlərə əldə etmək mümkündür. Əmlak bazarında yaşanan ekstremal situasiyaya səbəb nədir? Əməkdaşımızın araşdırmalarına görə, oliqarx və onların yaxın çevrəsinə aid məmurların əmlakının qeydə alınması prosesinə start verilməsi nəticəsində belə bir vəziyyət yaranıb.Vəzifəli şəxslərin şəxsi mülkiyyətində olmayan, lakin onlara aid olduğu təsdiqlənmiş daşınmaz əmlakın siyahıya alınmasında hansı məqsədin əsas götürüldüyü məlum olmasa da, bu tədbir çoxlarının yuxusunu artıq ərşə çıxarıb. Əlbəttə, əlaqədar dövlət strukturlarında hansı məmurun hansı əmlaka malik olduğu çoxdan bəllidir.

Məlumata görə, xüsusi göstəriş verilib ki, cəmiyyətdəki mövqeyindən və nüfuz dairəsinin miqyasından asılı olmayaraq heç bir dövlət məmuru bu yoxlamalardan kənarda qala bilməz. Qeyd edək ki, əmlakını hərraca çıxarmış oliqarxlardan Ziya Məmmədovun adı daha çox hallanır. Nəqliyyat nazirinin adının son zamanlar qohumları ilə bağlı qanlı olaylardan sonra "qara" siyahıya salındığı deyilir. Maraqlıdır ki, onun mülklərini satışa çıxaranların çoxu da çevrəsindəki dövlət məmurlardır. Paralel olaraq bu məmurlar da əl-ayağa düşərək öz mülklərini dəyər-dəyməzinə satmaq üçün ciddi şəkildə fəaliyyət göstərməkdədirlər. Bildirilir ki, satışda nəqliyyat nazirinin qardaşlarına və yaxın qohumlarına aid villalar da az deyil.

Qeyd etdiyimiz kimi, dövlət məmurlarından heç birinin adı villaların rəsmi sahibləri kimi hallanmır. Buna baxmayaraq, çox ciddi araşdırmalar nəticəsində villaların həqiqi sahiblərinin tapılması mümkün olur. Əslinə qalsa, burda sən deyən çətin bir problem yoxdur. Çünki, rayonların icra başçıları, eynən də Bakı meri hansı məmura hansı ərazidən hansı qiymətə torpaq sahəsi ayrıldığını çox yaxşı bilirlər. Villaları hərraca çıxarılan tanınmışlar arasında gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov kimi oliqarxlarla yanaşı Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da var. Təəssüflə qeyd etməliyik ki, sosial-iqtisadi inkişafımıza paralel olaraq paytaxtımıza və regionlara ayrılmış milyardlarla manat büdcə pullarının qanunsuz mənimsəmələrində də ciddi artımlar var.

Mənimsəmələrin paytaxtdakı villa bumu ilə birbaşa əlaqəsini isə ayrı-ayrı məmurların fəaliyyətinin ciddi araşdırılması nəticəsində üzə çıxarmaq mümkündür.Bu məsələ yəqin ki, ölkənin büdcə və maliyyə nəzarəti strukturlarının işidir. Lakin uzun illər ərzində eyni vəzifədə oturuşmuş yüksək vəzifəli məmurlar arasında formalaşmış çox dayanıqlı tellərin büdcə maxinasiyalarında oynadığı əhəmiyyətli rolu da unutmamalıyıq.Bunun nəticəsidir ki, bir sıra icra başçıları qorxu-hürküsüz və açıq-aşkar şəxsi bizneslə məşğul olmaqdadır.Hədsiz var-dövlət və sərvət toplamağa müvəffəq olmuş bu vəzifəlilər sirr deyil ki, son zamanlar əməllərinin hesabatını vermək kimi ciddi problemlə üzləşəcəklərini yəqin ediblər.Yaranmış situasiyadan ən az ziyanla yaxa qurtarmağa çalışırlar.Oliqarxlar arasında gündən-günə genişlənməkdə olan bu qalmaqallı ajiotaj zəncirvari çox ağır nəticələrə gətirib çıxara bilər.

Ümumiyyətlə, belə qənaətə gəlmək olar ki, ölkədə oliqarxlara qarşı ciddi savaş açılıb. Hansı oliqarxın bu savaşdan problemsiz çıxacağı isə hələ ki, heç kəsə bəlli deyil... (Gündelikbakı.com)






Fikirlər