Hərbi komissarlıqların qabağı qazan kimi QAYNAYIR...

Hərbi komissarlıqların qabağı qazan kimi qaynayır...

Dədə-babadan bizə aid olan bu coğrafiyada Babəkin dövründə yüz minlərlə insan yaşayıb. Aradan 1200 ilə yaxın vaxt keçməsinə baxmayaraq, iki ad yaddaşımıza əbədi həkk olub; biri Babəkdir, o biri Səhl ibn Sumbatdır. Babək qəhrəman kimi tarixdə qalıb, Səhl ibn Sumbat isə satqın kimi xatırlanır. Tarix qəhrəmanları da, satqınları da unutmur…

Azərbaycan qəhrəmanlar diyarıdır. Qeyrətli analarımız öz bətnlərindən həmişə igid oğullar doğublar. İndi 1200 il əvvələ qayıtmağa ehtiyac yoxdur. Mübariz İbrahimov cəmi 10 il əvvəl göstərdiyi misilsiz şücaətin sayəsində adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdı.

Cəmi 22 yaşı vardı. Hələ bir qızın telinin qoxusunu ciyərlərinə çəkməmişdi. Vətən torpağının müqəddəs ətrini ciyərlərinə çəkib, şəhadətə qovuşdu…

Raquf Orucov, Vüqar Yusifov, Murad Mirzəyev, Ruhin Qəhrəmanov… Sayı 100-ə yaxınlaşan Aprel şəhidləri Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını çox yaxın keçmişdə sübut etdilər. Onların qanı hesabına işğaldan azad olan torpaqlarda indi lalələr göz oxşayır…

Polad Həşimov, İlqar Mirzəyev, Vüqar Sadıqov, Elşad Məmmədov… İyul şəhidlərimiz… Adlarını Tovuzun adsız yüksəkliklərinə yazdıran bu igidlərimizin torpağı hələ soyumayıb. “N” saylı hərbi hissədə hələ neçə qəhrəman döyüşə atılacağı anı gözləyir. Azərbaycan xalqı qısır deyil. Bu xalq öz kişi bətnindən hələ çox VÜQARlı POLADlar doğacaq…

Ölkə yenə dəniz kimi dalğalanır. Düşmənə qarşı yenə elliklə səfərbər olmuşuq. Yetmiş yaşlı kişidən tutmuş 17 yaşlı yeniyetməyə kimi hamı ermənilərlə döyüşməyə hazırdır. Hərbi komissarlıqların qabağı qazan kimi qaynayır. Təkcə kişilər deyil, həm də qadınlar ermənilərlə döyüşməyə hazır olduqlarını bildirirlər. Mən bu sətirləri klaviaturada döyəcləyəndə, hələ günorta olmamışdı. Amma müxbirimiz 3 tanınmış sənətçi xanımın könüllü şəkildə ordu sıralarına yazıldığına dair xəbər hazırlamışdı. Nura Suri adlı qadın müğənni belə deyib: “12 yaşlı oğlumla birlikdə döyüşə getməyə hazıram!”

Dünən qeydiyyatdan keçmək üçün Cəbrayıl rayon Hərbi Komissarlığına gedəndə, 8-ci sinif şagirdi olan qızım qabağımı kəsdi: “Ata, məni də özünlə cəbhəyə apar”.

Fərdi təşəbbüsə, vətənpərvərliyə görə hər kəsə, xüsusilə ana və bacılarımıza təşəkkür düşür. Amma Polad kimi generalı olan xalqın qadınının, qızının döyüşə getməyinə ehtiyac yoxdur. Murad Mirzəyev, Vüqar Yusifov, Raquf Orucov, Polad Həşimov, İlqar Mirzəyev kimi oğullarımız sinələrini ona görə düşmən gülləsinə sipər etdilər ki, Nura Suinin 12, mənim 14, başqasının 15 yaşlı qızı gecələr rahat yatsın. 

Rahat olun, balalar! Düşmən qabağında Polad kimi möhkəm oğullar dayanıb…

Seymur VERDİZADƏ






Fikirlər