İKİ YAŞI VƏ 100 MANAT NİZAMNAMƏ KAPİTALI VAR - Təhsil Nazirliyi 25 milyonluq tenderi kimə verib?

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən 3 iri tender müsabiqəsinin qalibləri məlum olub.

“AzPolitika.info” Dövlət satınalamalarının vahid internet portalına istinadla xəbər verir ki, bunlar “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC-dir. Həmin şirkətlərə müvafiq olaraq, 4 milyon 894 min, 6 milyon 483 min və 13 milyon 99 min manat ödəniləcək.

Göründüyü kimi, ən böyük tender “Element YT” MMC-yə nəsib olub. Nəticələrdən belə məlum olur ki, 13 milyon manatdan artıq pul yanğından mühafizə sistemlərinin alınıb-quraşdırılmasına xərclənəcək. Maraqlıdır ki, nazirlik ötən il də eyni adla həmin şirkətə 12.4 milyon manat ödəyib. 

Deməli, iki ildə nazirlik tərəfindən yanğından mühafizəyə 25 milyon manatdan artıq pul xərclənib və hər iki müsabiqəni eyni şirkət udub. 

Onu da qeyd edək ki, cəmi 100 manat nizamnamə kapitalı olan bu şirkət 2019-cu ildə qeydiyyata alınıb və necə olubsa, dərhal da ard-arda iki il hər biri 10 milyon manatı aşan tenderlər qazanıb. 

Hansı ki, qanunda xüsusilə də belə iri tenderlərlə bağlı qalib şirkətin çoxillik təcrübəsi də daxil olmaqla, çoxsaylı tələblər var. Ancaq Azərbaycan reallığında buna bənzər nümunələr kifayət qədər çoxdur və yəqin ki, burada təəccüblənəcək bir şey yoxdur...

Digər maraqlı məqam nazirliyin 6.5 milyon manatlıq tenderini qazanan “Simplex” QSC ilə bağlıdır. Belə ki, hal-hazırda bu şirkətin dövlətə 130 min 200 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinə görə isə vergi borcu olan şirkət ümumiyyətlə, tenderdə iştirak edə bilməz...

 






Fikirlər