SDU-da İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti istiqamətində işlər davam etdirilir

SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf  Planında universitetin nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması üçün  nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.Bu istiqamətdə işlərin davamı olaraq  iyulun 25-də “Qartal” Tikinti firmasının ofisində Sumqayıt Dövlət Universiteti və Türkiyə Milli Eğitim Bakanlığının nümayəndə heyətləri arasında görüş keçirildi. 
Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirildi ki,öncə “Qartal” Tikinti firmasının direktoru Şahin Məmmədov şirkət haqqında qonaqlara məlumat verdi. Daha sonra Türkiyə Respublikasının Milli Eğitim Bakanlığının nümayəndəsi, beynəlxalq mentor Hakan Özkaynak çıxış edərək səmimi qəbula görə  təşəkkürünü bildirdi və Türkiyədə fəaliyyət göstərən Texnoparklar haqqında geniş məlumat verdi. 
Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək SDU-da da yaradıcılıq mərkəzinin fəaliyyətə başlamasının vacibliyini qeyd etdi  və bildirdi ki, bununla əlaqədar olaraq, universitetin bir qrup əməkdaşı Türkiyədə səfərdə olmuş, orada fəaliyyət göstərən mərkəzlərlə tanış olmuşlar. 
Sonra “Qartal” Tikinti firmasının direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt bölməsinin rəhbəri  Şahin Məmmədov rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi layihələrdən ətraflı bəhs etdi. Diqqətə çatdırdı ki, “Qartal” Tikinti firması tərəfindən istedadlı gənclərə hər zaman maddi və mənəvi dəstək göstərilir, onların şirkətdə işlə təmin olunmaları üçün müvafiq şərait yaradılır.  
Çıxışlardan sonra “Qartal” Tikinti firmasının fəaliyyətindən bəhs edən təqdimat nümayiş olundu və görüş  diskussiya şəklində davam etdirildi.
İyulun 26-da SDU-nun nümayəndə heyətinin  “Azərenerji” ASC-yə məxsus “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("AzET və LAEİ" MMC) direktoru vəzifəsini icra edən dosent Aytək Babayeva, direktor müavini dosent Valeh Nəsibov, elmi katib dosent Ülviyyə Nəsibova, baş mütəxəssis Afaq Səlimova və  Tədris Mərkəzinin direktoru Hikmət Əliyevlə görüşü keçirildi.
Görüşdə türkiyəli mütəxəssis dosent Hakan Özkaynak və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini dosent Valeh Nəsibov universitetlərdə  innovasiya yaradıcılıq mərkəzlərinin yaradılmasının əhəmiyyətindən və vacibliyindən bəhs etdilər.
Görüşün davamı olaraq SDU-nun nümayəndə heyəti  SOCAR-ın Karbamid zavodunda olaraq məsul şəxs və mütəxəssislərlə görüşdülər. Sumqayıt Dövlət Universitetində İnnovasiya və Yaradıcılıq Mərkəzinin yaradılması layihəsini dəstəklədiklərini bildirən zavod nümayəndəliyi  SOCAR-ın Karbamid zavodunun hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olduğunu diqqətə çatdırdılar. 
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti isqamətində görüşlər STP və SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində davam etdiriləcək. 
ti 






Fikirlər