SDU-da Elmi Şuranın cari tədris ilində sonuncu iclası keçirildi ...

İyulun 6-da Sumqayıt Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində yekun iclası keçirildi.
Rektor professor Elxan Hüseynov Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini salamladı, 2021-2022-ci tədris ilinin ümumi yekunları haqqında çıxış edərək  əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etdi. 
Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirildi ki,İclasda 2021/2022- ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov Elmi Şura üzvlərinə geniş məlumat verdilər, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatları diqqətə çatdırdılar. Bildirdilər ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının  keçirilməsi Təhsil nazirinin 19.05.2022- ci il tarixli F-282 nömrəli əmrini və Sumqayıt Dövlət Universiteti  üzrə rektorun 19.05.2022-ci il tarixli R-24/1 nömrəli əmrini rəhbər tutaraq həyata  keçirilmişdir. Qeyd olundu ki, imtahan sessiyası mütəşəkkil formada keçirilmiş, imtahanlara nəzarət edən koordinatorlar əvvəlcədən məlumatlandırılmış, imtahanların gedişi universitet rəhbərliyinin və fakültə dekanlarının daimi nəzarətində olmuşdur, imtahan sessiyası dövründə Apellyasiya komissiyası və “İmtahan qərargahı” fəaliyyət göstərmişdir.
SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecin direktoru  dosent Mətanət Pirquliyeva kollec üzrə imtahanların təşkili barədə məlumat verərək bildirdi ki, yaz semestrinin imtahanları müvafiq təlimatlara uyğun həyata keçirilib.
SDU-nun nümayəndə heyətinin Ufa Dövlət Neft Texniki Universitetinə ezamiyyətinin nəticələri barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev məlumat verdi. O, bildirdi ki, SDU-nun nümayəndə heyəti UDNTU-da keçirilən “Qaz-Neft-Texnologiyalar” 30-cu Yubiley Sərgi Forumunda iştirak edərək digər ölkələrin universitetlərindən (Qazaxıstan, Tatarıstan və s.)  gələn nümayəndə heyətləri ilə əlaqələrin qurulması və Ufada yaşayan azərbaycanlı soydaşlarımızla məlumatlandırma sessiyasının keçirilməsi, əcnəbi vətəndaşların SDU-ya qəbul qaydaları ilə tanış edilməsi,  həmçinin UDNTU-da keçirilən fənn olimpiadasında SDU nümayəndələrinin münsif qismində iştirakı və Salavat İnstitutunda təcrübə mübadiləsi keçməsi, Ufa şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri tədbirində fəal iştirak etmişdir. 
Ufa Dövlət Aviasiya Texniki Universitetindən (UDATU) təklif olaraq SDU ilə ikitərəfli əməkdaşlıq müqaviləsinin detallarının müzakirəsi qismən aparılmış və əməkdaşlıq müqaviləsinin yekun variantının hazırlanması və təsdiqi üçün UDATU nümayəndə heyətinin növbəti semestrdə SDU-ya ezam olunması qərara alınmışdır.  
Dosent Q.Atayev onu da vurğuladı ki, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində SDU əməkdaşlarının Rusiyanın qabaqcıl universitetləri ilə əlaqələri ikitərəfli və çoxtərəfli formatda genişləndirilərək bu istiqamətdə işlər davam etdirilir. Prorektor SDU-nun professor-müəllim heyətinin Türkiyənin, Rusiyanın və digər xarici ölkələrin universitetlərində təcrübə mübadiləsində iştirakı, məharət mühazirələri oxumaları və birgə elmi-tədqiqat işlərində fəal iştirak etmələrini müsbət qiymətləndirdi.
Sonra SDU-nun 60 illik yubileyi ilə əlaqədar bölgələrdə  silsilə görüşlərin keçirilməsi haqqında universitetin HİK-nin sədri, dosent Nemət İbayev geniş  məlumat verdi. Bildirdi ki, iyulun 5-də universitetin bir qrup əməkdaşı - Karyera mərkəzinin müdiri  Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov, Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu Quba şəhərinə səfər edərək Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə baş tutan görüşdə Quba-Xaçmaz Regional Təhsil idarəsinin əməkdaşları, Quba ziyalıları,  SDU-nun müxtəlif  illərdə məzunu olmuş rayon təhsil işçiləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşmüşlər.
İclasda 2022/2023-cü tədris ili üçün əlavə edilmiş yeni ixtisasların tədris planlarının təsdiqi, Elmi Şuranın qərarlarının yerinə yetirilməsi, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi.
Biznesin təşkili və menecment kafedrasının dosenti Təranə Əhmədovaya, İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyevaya, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Böyükxanım Eminliyə, həmin kafedranın dosenti Günel Paşayevaya elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması ilə əlaqədar rektorun adına ərizə ilə müraciət edilmiş və rektorun dərkənarı ilə sənədlər Elmi Şuraya təqdim olunmuşdur.
Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən həmin əməkdaşların dosent elmi adı alması üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı. 
Bununla da, Elmi Şuranın iclası yekunlaşdı.
 

 






Fikirlər