Neft niyə ucuzlaşır və bu, nə qədər davam edəcək?

Son iki sutkada dünya bazarında neftin qiymətində kəskin azalmalar müşahidə edilir. Son məlumata görə, "Azeri Light" (CIF) markalı neftin qiyməti də azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,25 ABŞ dolları və ya 3,5% azalaraq, 89,85 dollar təşkil edib.
Hərraclarda "Brent” markalı neftin yanvar fyuçersləri 89,78 ABŞ dollarına satılıb. Halbuki, iki gün öncə neftin qiyməti 100 dollara yaxın idi. 
Neftin qiymətində bu kəskin azalmaya səbəb nədir?
Qaynarinfo-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban neftin qiymətinin düşməsini Çin bazarında istehlakın azalmasında görür:
"Neftin həftəsonu iki hərracda ucuzlaşmasının yeganə səbəbi Çin bazarında istehlakın azalması ilə bağlıdır. Bu da ona görə baş verib ki, Pekin bir neçə şəhərdə COVID-19-la əlaqədar əlavə məhdudiyyətlər qoyub. Nəticədə bu ölkədə istehlak azalıb. Çin isə dünyada aparıcı ölkə olduğundan baş verən olay neftin qiymətinin kəskin düşməsilə nəticələnib”. 
Ekspert qiymət enişinin qısa müddətli və müvəqqəti xarakter daşıdığını düşünür:
"Bu tendensiya müvəqqəti xarakter daşıyacaq. Qısa zamandan sonra qiymətdə yenidən artım özünü göstərməyə başlayacaq”.






Fikirlər