Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi TÜRKSOY-da qeyd edilib
22 dekabr tarixində Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi TÜRKSOY-un İqamətgahında qeyd edilib. TÜRKSOY-un sərgi zalında Milli Kitabxananın nəşrlərindən ibarət kitab sərgisinin açılışı baş tutub. TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin Ankarada qeyd olunmasını çox yüksək qiymətləndirib. O, illərdir ki, Milli Kitabxana ilə bərabər çox böyük işlərə imza atıldığını qeyd edib. Natiq Azərbaycan Milli Kitabxanasının yüksək səviyyədə inkişaf tarixi keçdiyini, türk dünyasının ən mühüm tədbirlərindən birində iştirak etdiyini bildirib. Sultan Rayev çıxışının sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib. Milli Kitabxananın direktoru Kərim Tahirov qeyd edib ki, çox gözəl təsadüfdür ki, Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyi eyni zamana təsadüf edir. O, həmçinin, 30 il ərzində TÜRKSOY-un Türk dünyasının mədəniyyətinin inkişafında çox böyük işlər gördüyünü və gələcəkdə də birgə layihələrə imza atılacağını söyləyib. Tədbirdə iştirak edən Bişkek Şəhər Kitabxanasının direktoru Gülsayra Candıbayeva Azərbaycan Milli Kitabxanasını 100 illik yubiley münasibətilə təbrik edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyini bir daha təbrik edib və TÜRKSOY-un əvəzsiz dostluğunu qeyd edib. O, Azərbaycan Milli Kitabxanasını görkəmli şəxsiyyətləri yetişdirən müqəddəs bir elm ocağı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin mətbuat katibi Aygün Qocayeva, şair və yazıçı Yasəmən Meydan çıxışlarında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyində iştirak etməyin çox qürurverici hiss olduğu söyləyib, Azərbaycan Milli Kitabxanasının çox önəmli bilik mərkəzlərindən olduğunu vurğulayıb Sonda TÜRKSOY-un baş katibi Sultan Rayev tərəfindən Kərim Tahirov və Milli Kitabxananın kollektivinə təşəkkürnamə verilib. AzerTaym.az