“Günəşli” faciəsi: MƏSULİYYƏTSİZLİK, yoxsa... – Ekspert danışır

Faciə baş verən “Günəşli” yatağında gündəlik hasilat 13,5 min tondur”. 

Bunu AzNews.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Onun fikrincə, həmin platformanın payı isə 900 tondur: “Bu hasilatın yenidən bərpası üçün hardasa 10-15 gün vaxt lazım olacaq”. 

İ.Şabanın sözlərinə görə, platformaya gələn qaz boru kəmərində sızma baş verib: “Yanğın da bu sızma nəticəsində baş verib və sonradan neft quyularına keçib. Boru kəməri işlək vəziyyətdə platformaya gəlir. Təbii fəlakət zamanı isə orada sizma yaranıb. İnsan faktoru hardan bilə-bilərdi ki, saatda 43 km əsən külək həmin o boru kəmərini, yaxud da o cür dalğalar onu sıradan çıxarda bilər. Bu günə kimi Xəzərdə belə hadisə 6 saat davam edib. Amma bu hadisə 27 saat davam edib. Bu günə kimi belə bir şey olmayıb”. 

Mərkəz rəhbəri deyir ki, baş verən yanğın hadisəsi araşdırılmadan kimisə ittiham etmək əsassızdır: “Baş verən yanğın məsuliyyətsizlikdirmi? İlk öncə bunu sübut etmək lazımdır. Bu barədə ancaq dövlət komissiyasının apardığı araşdırmadan sonra, məsuliyyətsizlik faktoru haqqında nəsə demək olar. Mən demirəm ki, məsuliyyətsilzik faktoru yoxdur. Araşdırılmalıdır ki, qaz boru kəməri sonuncu dəfə nə vaxt təmir edilib? Ümumiyyətlə, onun hər 5 ildən bir təmir olunması nəzərdə tutulub? Əgər layihədə bu nəzərdə tutulubsa, boru kəməri necə, təmir olunubmu? Bütün bunlar baş nazirin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən araşdırıb və bunun nəticəsində bir rəyə gəlinməlidir. O rəy sonradan açıqlanmalıdır”.    

 
 






Fikirlər