“Azercell”in qaranlıq fiqurunun şok gizlinləri açıldı
Azərbaycanın ən iri mobil rabitə operatoru, İsveç telekommunikasiya nəhəngi “TeliaSonera”nın törəmə şirkəti olan “Azercell”də aparılan yoxlamalar şok korrupsiya və maxinasiya faktlarını üzə çıxarıb.
Bu yoxlamalar nəticəsində şirkətin marketinq departamentinin şöbə rəhbəri olan Samit Həmidov işdən qovulub. İctimaiyyətdən gizli saxlanılan bu faktı aparılan özəl araşdırmalar üzə çıxarıb.
“Röyter”in xəbərində nə deyilirdi?
Araşdırmaya keçməzdən əvvəl onu xatırladaq ki,dekabrın 17-də nüfuzlu “Röyter” agentliyinə istinadən “TeliaSonera” şirkətinin Azərbaycana məsul olan Avrasiya divizionunun rəhbərinin korrupsiya araşdırmalarının nəticəsi olaraq işdən çıxarıldığını haqda xəbərlər yayılmışdı.
Xəbərdə bildirilirdi ki, İsveç prokurorluğu ötən il “TeliaSonera”nın Özbəkistandakı törəmə şirkəti “Ucell”in 3G lisenziyası alması üçün bu ölkənin prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi barədə iddialara dair araşdırmaların nəticəsi olaraq şirkət 2013-cü ilin noyabr ayında dörd yüksək vəzifəli əməkdaşını, o cümlədən maliyyə direktorunu işdən azad edib.
“TeliaSonera”nın sifarişi ilə “Norton Rose Fulbright” hüquq firması şirkətin Avrasiya regionundakı fəaliyyətinə dair geniş aparşdırma aparıb və məlum olub ki, şirkətin Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepaldakı fəaliyyəti “ədalətli kommersiya praktikası prinsiplərinə uyğun olmayıb”.
“TeliaSonera” dekabrın 16-da bəyan edib ki, şirkətin beynəlxalq əməliyyatlar üzrə rəhbəri Erik Hallberg Avrasiya divizionunun rəhbəri Veysel Aralı əvəz edəcək. Veysel Aral bu vəzifəyə bu ilin fevralında təyin olunmuşdu.
Divizionun əvvəlki rəhbəri Tero Kivisiari Özbəkistandakı korrupsiya qalmaqalına görə işdən azad edilmiş və başqa vəzifəyə keçirilmişdi. Şirkətdəki mənbə bildirib ki, T.Kivisiari ötən ay “TeliaSonera” sistemindən qovulan dörd əməkdaşdan biridir.Veysel Aral isə “TeliaSonera”nın Avrasiya divizionunun rəhbəri olmazdan əvvəl Qazaxıstanın mobil rabitə operatoru, İsveç şirkətinin törəmə müəsisəsi “K-Cell” şirkətinin rəhbəri idi.
“TeliaSonera” Veysel Aralın işdən çıxarılması ilə bağlı şərh verməyib. Şirkətdən yalnız onu bildiriblər ki, hüquq firmasına sifariş verilən araşdırma təkcə Özbəkistandakı fəaliyyəti əhatə etmir. “TeliaSonera” gözləyir ki, firma təhqiqatlarını 2014-cü ilin birinci kvartalında yekunlaşdıracaq.
Erim Taylanların təkzibi...
“Röyter”ə istinadən bu məlumat açıqlandıqdan sonra “TeliaSonera” şirkətinin Avrasiya diviziyonunun korporativ ünsiyyət üzrə vitse-prezidenti Erim Taylanların adından təkzib məktubu yayıldı.
Təkzib məktubunda deyilirdi ki, “TeliaSonera” özünün Avrasiya divizionunun (biznes sahəsinin) rəhbərini hər hansı korrupsiya araşdırmasının nəticəsi olaraq dəyişdirməyib və Erik Hallberg bu vəzifəyə “şirkətdə aparılan struktur dəyişikliyinin nəticəsi” olaraq təyin edilib.
Eyni zamanda bildirilirdi ki, “TeliaSonera”nın Azərbaycandakı törəmə şirkəti “Azercell”də heç bir hüquq firması tərəfindən araşdırma aparılmır.
Lakin xəbərin birinci mənbəyi olan “Röyter” agentliyi hər hansı təkzib yaymadı.
“Röyter”dən olan həmkarlarımızın köməyi ilə bu informasiyanı bir daha dəqiqləşdirdik və məlum oldu ki, agentlik heç də boş yerə “TeliaSonera” şirkətinin Azərbaycandakı törəmə şirkətinin fəaliyyətində “ədalətli kommersiya praktikası prinsiplərinin” pozulduğunu öz xəbərində əks etdirməyib. Şirkətdə doğrudan da ciddi korrupsiya və maxinasiyalarla məşğul olan məsul şəxs olub və həmin şəxs artıq işdən qovulub.
“Azercell”in ən qaranlıq və nüfuzlu adamı kimdir?
Bakıdakı qaynaqlarla apardığımız araşdırmadan sonra nəhayət ki, həmin şəxsin kimliyini dəqiqləşdirə bildik: Samit Beytulla oğlu Həmidov (əslən Masallı rayonundandır-red.).
Şübhəsiz ki, bu ad və soyad geniş ictimaiyyətə heç nə deməyəcək. Həm də ona görə ki, Samit Həmidov “Azercell”də birinci, yaxud ikinci şəxs deyildi, şirkətin geniş media reklam kampaniyalarında gözə dəyməyib və ictimaiyyətə açıq fiqur olmayıb. Lakin o, şirkətdə kifayət qədər böyük nüfuz və əlaqə sahibi, “Azercell”in hakimiyyət orqanları ilə işlərini “yoluna qoyan” bir nömrəli şəxs olub.
S.Həmidov “Azercell”in Marketinq Departamentinin şöbə rəisi işləyib. Həmidovun xüsusi şöbəsi “Azercell”in hökumət strukturları ilə əlaqələri ilə məşğul idi. Amma onun şöbəsində özündən başqa heç kim işləməyib. Yəni şöbə və şirkətdə tutduğu vəzifə S.Həmidov üçün formal xarakter daşıyıb.
Konturların topdansatışı, 211-lə başlayan nömrə biznesi, Dubayda, Türkiyədə şirkətlər...
S.Həmidovun işi isə faktiki olaraq kifayət qədər geniş sahələri əhatə edib. “Azercell”in yerlərdə antennalarının quraşdırılması işini o həll edib. Bu məqsədlə icra hakimiyyəti başçıları ilə danışıqları aparan, antennalar üçün yer ayrılmasını “haqqını ödəməklə” həll edən də Həmidov idi.
S.Həmidovun biznesinə həmçinin nazirlər və digər yüksək vəzifəli məmurlar, onların ailə üzvləri və yaxınları, habelə imkanlı biznesmenlər üçün 211-lə başlayan “hökumət” telefon nömrələrini satmaq da daxil olub (belə nömrələrin qiymətləri minlərlə manatla ölçülür-red.).
Mənbə bildirir ki, S.Həmidovun biznesinə 90-cı illərin ortalarından başlayaraq Azərbaycanda mobil telefon aparatlarının satışı biznesi də daxildir. Mənbənin məlumatına görə, mobil telefon bazarında əhəmiyyətli paya malik “World Telecom” şirkətini yaradanlardan və ortaqlarından biri də S.Həmidovdur.
Həmçinin adıçəkilən şəxs təxminən 5 il əvvəl bir şəriki ilə birlikdə Xırdalanda SİM-kartlar istehsal edən müəssisə də açıb və “Azercell”i SİM-kartlarla təmin etməyə başlayıb. Həmin vaxtadək “Azercell” SİM-kartları xaricdən alırdı. Mənbə müəssisənin 20 faizlik payının S.Həmidova məxsus olduğunu bildirir.
İddialara görə, S.Həmidov vəzifəli şəxslərin və digər nüfuzlu müştərilərinin sifarişi ilə onları maraqlandıran şəxsin telefon danışıqlarını və SMS yazışmalarını “Azercell”dən qanunsuz olaraq çıxarırmış. O cümlədən SİM-kartların topdansatışı biznesi də Həmidovun nəzarətində olub.
Biznesini genişləndirən S.Həmidov Anar Həbibli (əslən Lənkərandandır-red.) ilə birgə Dubayda offşor şirkət açıb. Həmçinin “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un Dubayda tikdirdiyi dəbdəbəli yaşayış binasından özünə mənzil alıb. S.Həmidov qardaşı Əfqan Həmidovla birlikdə İstanbulda iki ətriyyat fabriki açıb, onun Türkiyədə də villaları, şirkətləri olduğu haqda məlumatlar var
Kiril Qaburiç şübhələnir...
Mənbənin bildirdiyinə görə, S.Həmidov “Azercell”in bundan əvvəlki rəhbəri Əli Ağanla yaxşı anlaşırmış, çünki Ə.Ağan şirkətin dövlət strukturları ilə məsələlərini Həmidov işə qarışmadan yoluna qoya bilməzdi.
Ancaq “Azercell”in yeni prezidenti, moldovalı gənc menecer Kiril Qaburiç S.Həmidovun fəaliyyətindən şübhələnib və onun telefonlarının dinlənilməsinə göstəriş verib. Nəticədə Həmidovun kifayət qədər geniş biznes şəbəkəsi və şübhəli əlaqələri ortaya çıxıb. Onu dərhal işdən azad ediblər. Mənbə bildirir ki, hazırda Həmidov hökumətdəki güclü əlaqələrindən istifadə edərək ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, ya da Prezident Administrasiyasında vəzifəyə düzəlməyə səy göstərir.
S.Həmidovun işdən azad edilmə tarixini təxmini də olsa dəqiqləşdirə bildik. Məlum oldu ki, həmin şəxs “Röyter”də sözügedən xəbərin yayılmasından təxminən iki-üç həftə əvvəl işdən çıxarılıb...
Bütün bunlar hələ son deyil. S.Həmidov barədə araşdırmalarımız davam edir və onun barəsində çoxsaylı əlavə məlumatlar da gəlməkdədir.
Biz də öz növbəmizdə bu məlumatları araşdırıb dəqiqləşdirməyə və təqdim etməyə çalışacaq.