Bakını bürümüş “Kontakt Home” KƏLƏYİ – FAKTLAR

Bakını bürümüş “Kontakt Home” kələyi – FAKTLAR

"Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər kütləviləşib. Bu günlərdə kreditlə "Hoffman” markalı televizor alan müştərinin hüquqları pozulub.

Müştərinin kreditlə almaq istədiyi televizoru göstərməzdən əvvəl müqavilə sənədi və kredit cədvəli tərtib olunub.
Üstəlik, mağazanın daxilində tərtib olunan və heç bir hüquqi qüvvəsi olmayan formal bir kağızda aylıq kredit cədvəli öz əksini tapıb.
Müştəriyə bildirilib ki, mağazada antena yoxdur və yerli kanallardan heç birini göstərmək imkanı yoxdur. Bu biabırçılıq və istehlakçı hüquqlarının tapdanması faktıdır.
Müştəri sual edib ki, televizorun ekranının keyfiyyətcə necə göstərdiyinə əmin olmadan məhsulu necə ala bilər.
Mağaza əməkdaşları isə onlarda antena olmadığını söyləyiblər. XXI əsrdə elektron avadanlıqlar satan mağazanın antenasının olmamağı analoqsuz hadisədir.
► Yenə televizor zay çıxdı, iş nazirlikdə…
"Kontakt Home” tərəfindən növbəti hüquqları tapdanan şəxs Ruslan Qafarovdur. Bu günlərdə Qaynar.info-ya daxil olan şikayətdə bildirir ki, 14.05.2017-ci il tarixində mağazadan 1399 manat 99 qəpiyə televizor alıb.
Lakin 2 ay sonra televizorun ekranın qırmızı xətt yaranır. "Kontakt Home”un texniki servis işçiləri yoxladıqdan sonra televizoru təmir etmək məqsədilə aparır və 2 həftə sonra geri gətirirlər. Lakin 2 ay sonra problem təkrar olunur.
Yenidən evə çağırılan ustalar televizoru aparır və 2 həftə sonra geri gətirirlər. Lakin bir neçə ay sonra televizorun başqa problemi yaranır.
Televizor bu qaydada müxtəlif problemlərlə 4-cü dəfə texniki servisə aparılır və geri gətirilmir.
Alıcı mağaza səlahiyyətliləri ilə danışıb ya pulunun, ya malının geri qaytarılmasını tələb etsə də, nəticə əldə edə bilmir.
Hətta "Kontakt Home” əlavə ödəniş etməklə müştəriyə yeni televizor vermək təklifini də ləğv edir. Zərərçəkmiş indi ya pulunun, ya da televizorunun qaytarılmasını tələb edir.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyub Hüseynov problemi araşdırmağa çalışıb. Amma heç bir nəticə olmayıb: "Şikayəti araşdırmaq üçün rəhbərliklə heç cür əlaqə qurmaq mümkün deyil.
Nəzərinizə çatdırım ki, bu şikayəti də məcbur olub iqtisadiyyat naziri Şahin Mustafayevə yönəltdik.
Doğrusu, nazirliyin də bir iş görəcəyinə ümid yoxdur. Onlar hamını məhkəməyə yönəldir”.
► Tozsoran fırıldağı…
Badamdar qəsəbəsi 3-cü massiv ünvanında yaşayan Hüseynova Səkinə də 15.10.2016 "Kontakt Home” dükanlar şəbəkəsindən kredit yolu ilə dəyəri 360 AZN olan "Fakir” markalı tozsoran alıb.
12 aylıq krediti 3 ay ərzində ödəyib. Lakin aldığı məhsul təqdim olunan keyfiyyətə uyğun gəlməyərək tez bir zamanda sıradan çıxıb:
"Müqavilə bağlamadan öncə, malı seçərkən satıcıdan tozsoranın yaxşı sorma qabiliyyəti olmasının soruşduqda dedi ki, bu təmiz alman malıdır və yüksək keyfiyyətlidir.
Satıcının sözlərinə inanıb müqaviləni imzalayıb 2 il zəmanət talonunu, tozsoranı və sənədləri götürüb getdim.
Evdə işlək tozsoranım olduğu üçün, 1 aydan çox ondan istifadə etmədim. İlk istifadə zamanı tozsoranın son dərəcə zəif olduğu və tozu çox zəif sorduğunu görüb satıcının tərifinə ümid edərək yaxşı işləyəcəyini güman etdim.
Tozsorandan 8 dəfə istifadə etdim və heç bir yenilik olmadı. Bundan sonra 05.12.2016 tarixdə dükana gedib, satıcıya etirazımı bildirdim.
Tozsoranın təzəsi daha keyfiyyətlisi ilə dəyişdirilməsini və ya ödədiyim məbləğin qaytarılmasını xahiş etdim.
Satıcı yenə tozsoranı təriflədi və qeyd etdi ki, arxadakı (filteri) süzgəci təmizləsəniz yaxşı işləyəcək.
Satıcının sözünə inanıb süzgəci təmizləsəm də tozsarının keyfiyyətində dəyişiklik olmadı. Yenidən dükana gedib vəziyyəti danışdım.
Əvvəlki xahişimi yenidən etdim. Satıcı mənim tələbimə məhəl qoymadan mənimlə kobud rəftar edərək malı servisə aparmağımı bildirdi”.
Servisdə tozsoranın çox zəif işlədiyini görüb təmir üçün qəbul edirlər və tezliklə təmir edəcəklərinə söz verirlər:
"Tozsoran elə həmin vəziyyətdə idi. Yenidən Kontakt Home zəmanət kartındakı əlaqə nömrəsinə yığdım. Orda mənə kobud çəkildə biz bu işlərə baxmırıq dedilər”.
Ümumiyyətlə, təqdim etdiyimiz şikayətlər son bir ay ərzində üzə çıxan faktlardır.
Sözügedən mağazalar şəbəkəsinin özbaşınalıqları ilə üzləşən yüzlərlə belə istehlakçı var.İnternet mediasında və sosial şəbəkələrdə şikayətçilərin sayı hesabı yoxdur.
Bu şirkət illərdir ki, istehlakçıları cəlbedici kredit təklifləri ilə aldadaraq fəaliyyət göstərməkdədir. Dəfələrlə vətəndaşlar şikayət etsələr də, pulları batıb.
Maraqlıdır ki, iqtisadiyyat naziri Şahin Mustafayev "Kontakt Home”dan şikayətlərin heç biri barəsində ciddi araşdırma aparmayıb.

 

Mövzu ilə bağlı "Kontakt Home”la əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq….






Fikirlər