"REUTERS": Rusiya bu əraziyə topçu batareyaları yığır
Rusiyanın Suriyaya getdikcə daha çox hərbi güc topladığını iddia edən ABŞ, Cenevrədəki sülh danışıqlarının gərginləşdiyi bir dövrdə Moskvanın Bəşər Əsədə hərbi dəstəyini artırmasını narahatlıq verici bir vəziyyət kimi xarakterizə edib. Ancaq Qərb ölkələri Suriyada həddindən çox yayılan rus silahlarının atəşkəsin pozulması halında münaqişələri ciddi şəkildə artıracağı qənaətindədirlər.
Müxaliflər MANPAD istəyir Əsəd ordusunun Rusiya silahları ilə güclənməsindən sonra müxalif qruplar Qərb dəstəkçilərindən öncəliklə istiliyə həssas portativ hava hücumundan müdafiə silahları (MANPAD) ilə təmin edilmələrini tələb ediblər.
Ölkə.Az xəbər verir ki, bu barədə "Reuters"a danışan Vaşinqton rəsmisi, Rusiyanın Suriyanın şimalındakı artilleriya batareyalarını yeni mövqelərə yerləşdirdiyini bildirib.
Rusiyanın bu addımının Hələbə qarşı yeni bir Suriya ordusu hərəkatına dəstək məqsədli olduğu güman edilir.
Ötən həftə İsveçrənin Cenevrə şəhərində davam edən görüşlərdən çəkilən müxaliflər Suriya ordusunun və Rusiyanın atəşkəs razılaşmalarına baxmayaraq hücumlarını artırdığını və qarşıdurmaların davam etdiyi bir şəraitdə müzakirələrin davam etməyəcəyini ifadə etmişdi.
Xatırladaq ki, Cenevrədəki Suriya danışıqları indiyə qədər hər hansı bir nəticə verməyib. Müxalifət nümayəndə heyətinin danışıqlardan çəkilməsindən sonra BMT gələn həftə danışıqların yenidən bərpa edilməsi üçün çağırış edib.
Səudiyyə Ərəbistanı və Türkiyə dəstəkli Ali Müzakirə Şurası ilə Suriya hökuməti nümayəndələri arasında BMT vasitəçiliyində davam edən görüşmələrdə ortaya çıxan ən böyük anlaşmazlıq Suriyadakı siyasi keçid prosesində Bəşər Əsədin olacağı yaxud olmayacağı müzakirəsi olmuşdu.
Müxaliflərin masadan qalxmasını şərh edən ABŞ diplomatı "Bu görüşmələrin davam etdirilməyəcəyini öncədən sezirdik. Çünki, Əsəd rejimi hücumları davam edir və bir çox yaşayış yerlərində aclıq hökm sürür. Rejim qüvvələrini dəstəkləyənlər artıq vicdanlarını da dinləməlidirlər", - deyib.
Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi də öz növbəsində Cenevrədəki sülh müzakirələrinin tıxanmaq üzrə olmasını narahatlıq verici olaraq şərh edib.
Ötən həftə "Wall Street Jourtnal"da yer alan xəbərə görə ABŞ-ın "B" planında seçilmiş bəzi qruplara məhdud sayda MANPAD verməyi düşündüyü bildirilmişdi.
MANPAD tipli hava hücumundan müdafiə silahlarının radikal qrupların əlinə keçməsi isə mülki təyyarələr üzərində istifadə riskini artırır.
Ancaq bu silahların Suriyalı müxaliflərə verilməsi hazırki vəziyyətində Suriya ordusunun müxaliflərə qarşı ən əhəmiyyətli üstünlüyünün bitəcəyi anlamına gəlir.