Əhməd Davudoğlunun AZƏRBAYCANIN önəmi barədə açıqlamasının pərdəarxası

Əhməd Davudoğlunun Azərbaycanın önəmi barədə açıqlamasının pərdəarxası

Politoloq: “Azərbaycan-Türkiyə-Rusiya alyansının yaradılması hər üç dövlət üçün mühüm əhəmiyyət kəsb edə bilər”

 

“Türkiyənin Azərbaycan və Qazaxıstanla məsləhətləşmələri Rusiya ilə münasibətlərin normallaşmasına öz töhfəsini verdi”. "Trend"in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib. 
 
Beləcə, Türkiyə hökumətinin sabiq rəhbəri Azərbaycanın yarım ildən çox davam edən Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin ortadan qaldırılmasında oynadığı mühüm rolu bir daha dilə gətirmiş oldu. Qeyd edək ki, Ə.Davudoğlu münasibətlərin pozulmasına yol açmış hadisə - Rusiyaya məxsus “Su-24" təyyarəsinin vurulması mövzusundan bəhs edərkən bir daha ”vur" qərarının özü tərəfindən verildiyini təsdiqləyib. Ə. Davudoğlu qeyd edib ki, böhrandan sonra Rusiya-Türkiyə əlaqələrinin necə inkişaf etməsindən asılı olmayaraq, Ankara ölkənin hava məkanının pozulması halında qanun çərçivəsində hərəkət edib. Türkiyənin keçmiş baş naziri təyyarə olayından sonra Azərbaycanda olmuşdu və ölkəmizin əhəmiyyəti barədə mühüm bəyanatlar vermişdi. Bugünlərdə artıq hökumətdə yer tutmadığı halda onun Azərbaycanın Qazaxıstanla birgə Türkiyə-Rusiya münasibətlərinin tənzimlənməsində oynadığı pozitiv rolu vurğulaması ölkəmizin önəminin Türkiyədə də vurğulanmasının növbəti nümunəsidir. 
Qeyd edək ki, bundan əvvəl Türkiyənin bir sıra rəsmi şəxsləri Ankara-Moskva münasibətlərinin əvvəlki məcraya qayıtmasında göstərdiyi fəallığa görə rəsmi Bakıya, ilk növbədə Azərbaycan prezidentinə təşəkkür edib. Barışıqdan sonra Rusiyanın Soçi şəhərində səfərdə olan və az öncə rus həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici  işlər naziri Mövlud Çavuşoğlu  Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşdırılmasında etdiyi köməyə görə prezident İlham Əliyevə təşəkkür etmişdi.  Daha sonra nazir “Türkiyə-Azərbaycan-Qazaxıstan, Türkiyə-Azərbaycan-Rusiya formatında görüşlərin olmasını istəyirik. Bu görüşlər bölgənin rifahına xidmət edəcək” məzmunlu açıqlamalar vermişdi.
Ondan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım da İlham Əliyevə təşəkkür etmişdi: “Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq. Rusiya ilə münasibətlərdə önəmli addımlar atılıb. Bir müddətdir davam edən təmaslar nəticə verir. Vəziyyətin bu yerə gəlməsində bir xeyli əmək var. Özəlliklə qardaşlarımız olan Azərbaycan və Qazaxıstana, region ölkələrinin liderlərinə səyləri üçün təşəkkürlərimizi çatdırırıq”.
Qeyd edək ki, “Yeni Müsavat” Bakının Ankara-Moskva münasibətlərində vasitəçi ola biləcəyi barədə mötəbər mənbələrimizə istinadən manşet yazısı yazmışdı və bir müddət sonra yazdıqlarımız təsdiqləndi. 
Görünən budur ki, Azərbaycan təkcə enerji ehtiyatları, strateji məkanda yerləşməsi və dəhliz rolu oynamaqla deyil, həm də bölgədə sülhməramlı missiya ilə çıxış etməsi ilə də önəmli dövlətdir. Hətta belə bir yanaşma var ki, Azərbaycan -Türkiyə-Rusiya birliyi yarana bilər. Bu müttəfiqlik bölgə və ölkəmiz üçün nə vəd edir? Azərbaycanın bu mövqeyi gələcək üçün nə vəd edir? Ə.Davudoğlunun Azərbaycanın önəmi barədə açıqlamasının pərdəarxası nədir?
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, burada əsas amil kimi Azərbaycanın məhz Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi istiqamətində oynadığı rolu, bir vasitəçi statusunda çıxış etməsini qeyd etmək lazımdır: “Məhz Azərbaycanın hər iki tərəflə normal xarici və daxili siyasət aparması belə bir münaqişənin sülh yolu ilə həllinə gətirib çıxardı. Ümumiyyətlə, Azərbaycan bu gün Rusiya üçün də çox mühüm əhəmiyyət kəsb edir. Bu, istər iqtisadi layihələrlə bağlı, o cümlədən İranla iqtisadi layihələrin həyata keçməsində mühüm proseslərin iştirakçısı olmasıdır. Burada Azərbaycan həm də dəhliz rolunu oynayır. Bundan başqa, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir vaxtda Azərbaycanın regional layihələrdə iştirakına şərait yarada bilər. Təbii ki, Rusiyada müsəlman inanclı bir çox federasiya subyektləri Azərbaycanla mühüm ikitərəfli əlaqələrə malikdirlər və bu da Rusiya üçün təhlükəsizlik və digər baxımdan əhəmiyyət kəsb edir”. 
A.Nağıyev Bakı-Ankara-Moskva alyansının yaranmasını da faydalı sayır: “Azərbaycan -Türkiyə-Rusiya alyansının yaradılması da hər üç dövlət üçün mühüm əhəmiyyət kəsb edə bilər. Yuxarıda qeyd edilənlərlə birlikdə əsas məsələ təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyü məsələsidir”.






Fikirlər