ZALUJNI MÜƏMMASI – Zelenskinin sözçüsü inkar edir, Baş komandan susur, mətbuat isə...

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnının istefaya göndərilməsi barədə dünən yayılan qeyri-rəsmi xəbərlərə dərhal və hamıdan çox sevinən Rusiya tərəfi oldu. Artıq Kremlə yaxın KİV-lər bu hadisənin Ukraynada hərbi çevrilişə gətirib çıxaracağına dair iddialarla çıxış etməyə başladılar. Lakin nəinki hərbi çevrilişdən əsər-əlamət yoxdur, ümumiyyətlə, Zalujnının istefaya göndərilməsi xəbəri də rəsmən təkzib olunur.

Xatırladaq ki, ötən gün axşam Ukrayna mətbuatı Zalujnının tutduğu vəzifədən uzaqlaşdırıldığını bildirib. “İnterfaks-Ukrayna”, “Senzor.net”, “Ukrainskaya Pravda” kimi tanınmış və mötəbər hesab edilən nəşrlər, jurnalist Roman Tsımbalyuk, Ali Radanın deputatları Artyom Dmitruk və Aleksey Qonçarenko, həmçinin keçmiş deputat Boris Bereza bununla bağlı xəbərlər paylaşıblar. Təbii ki, ilk olaraq eyni zamanda bir neçə kifayət qədər ciddi sayılan mənbələrdən yayılan bu məlumatın həqiqiliyinə dair təsəvvür yarandı.

Lakin çox keçmədi ki, Ukrayna Müdafiə Nazirliyi bu xəbəri rəsmən təkzib etdi. Ardınca, əvvəl Zalujnının istefaya göndərildiyini əminliklə xəbər verən deputat Qonçarenko sonradan yazdı: "Zalujnının istefası barədə məlumat verilib, lakin hələ ki, heç bir rəsmi sərəncam yoxdur. Ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif olunub. Ancaq o, bundan imtina edib"

Daha sonra tanınmış jurnalist Roman Tsımbalyuk yazıb ki, Zalujnının istefası və onun yerinə Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanovun təyin edilməsilə bağlı əvvəlki paylaşımını silir: “Sərəncam yoxdursa, istefa da yoxdur”.

Qeyd edək ki, bundan əvvəl “İnterfaks-Ukrayna” öz mənbələrinə istinadla yazıb ki, Zalujnının istefası Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə razılaşdırılıb. R.Tsımbalyuk və “Senzor.net” saytı isə bildirmişdi ki, Baş Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsinə təyin edilib.

Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir: “Hörmətli jurnalistlər, biz dərhal hamıya cavab veririk: yox, bu, doğru deyil”.

Nəhayət, Zelenskinin mətbuat katibi Sergey Nikiforov “Ukrainskaya pravda”ya açıqlamasında deyib ki, Prezident Zalujnını işdən çıxarmayıb. Zelenskinin özü isə gündəlik müraciətində ümumiyyətlə, bu mövzuya toxunmayıb.

Bütün bunlarla Zalujnı ətrafındakı müəmma sona çatdımı? 

Bu sual hələ ki, açıq qalır. Burada “od olmayan yerdən tüstü” çıxmaz yanaşması aktual görünür. Çünki bu məlumatı yayanları Rusiyanın informasiya təxribatlarına xidmət edən şəxslər, orqanlar kimi təsəvvür etmək mümkün deyil. Bunlar uzun illər Ukraynaya sədaqətlərini dəfələrlə təsdiqləmiş ciddi mənbələrdir. O zaman doğrudan da Prezidentlə Baş komandan arasında hansısa gərgin görüşün olduğuna, yaxud Zalujnıya istefa təklifinin edildiyinə dair qənaət yaranır. 

Təsadüfi deyil ki, bir çox müşahidəçilərin qənaətinə görə, böyük ehtimalla Zalujnıya könüllü istefa verməsi və hansısa ölkəyə səfir getməsi barədə təklif edildiyi, lakin onun bununla razılaşmadığı barədə iddialar həqiqətə yaxın görünür. Belə çıxır ki, Zalujnının ukraynalılar arasındakı yüksək reytinqi Zelenskini qəti qərar verməkdən çəkindirir.

Zelenski ilə Zalujnı arasında fikir ayrılıqları barədə ilk məlumatlar hələ 2022-ci ilin yayında görünməyə başladı. 2023-cü ildə onların arasındakı münasibətlər xüsusilə Ukraynanın yay əks-hücum əməliyyatı zamanı baş verən uğursuzluqlar səbəbindən daha da kəskinləşdi. 

Payızda isə Zalujnı “The Economist”ə müsahibə verərək, müharibənin dalana dirəndiyini bildirdi. Təbii ki, güclü düşmənlə savaş aparan dövlətin hərbi və siyasi rəhbərliyi arasında hansısa ziddiyyətlərin, narazılıqların olması mümkündür. Ancaq o da nəzərə alınmalıdır ki, ordu rəhbərliyini təyin etmək və istefaya göndərmək Ali Baş Komandanın, yəni Prezidentin müstəsna hüququdur. Xüsusilə də müharibə aparan ölkədə hər şeyə görə birbaşa cavabdeh olan, məsuliyyət daşıyan Prezidentin qərarlarını mübahisələndirmək, bunu mətbuata çıxarmaq, xarici mətbuatda vahid siyasi-hərbi xəttə uyğun olmayan müsahibələrlə çıxış etmək və s. ölkədə daxili siyasi mübarizə və ikihakimiyyətlilik təsəvvürü yaradır ki, bu da indiki ağır dövrdə qətiyyən Ukraynanın milli maraqlarına uyğun deyil.  “AzPolitika.info”

 

 






Fikirlər