Milli Məclisin sabiq sədri: “Məngələnata yüksəkliyini azad etməyimiz Füzulini, həmçinin digər rayonları işğaldan qurtardı”
Aprelin 2-də Qarabağ cəbhəsində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və bir neçə günlük genişmiqyaslı hərbi əməliyyatların aparılması, Azərbaycan ordusunun müəyyən qədər irəliləməsi, yüksəklikləri azad etməsi cəmiyyətimizdə ciddi bir ruh yüksəkliyi yaratdı. 20 ildən artıq idi məğlubiyyət sindromunu yaşayan bir cəmiyyət sanki yenidən doğuldu, qələbəyə inam yarandı.
Düz 23 il öncə - 1993-cü ilin aprelində də Azərbaycan ordusu Kəlbəcərin ermənilər tərəfindən işğalının cəmiyyətə gətirdiyi ruh düşkünlüyünü Füzuli rayonu ərazisində uğurlu hərbi əməliyyatla aradan qaldıra bilmişdi. Ordumuz o vaxt strateji önəm daşıyan Məngələnata yüksəkliyini azad edib, Füzuli də daxil olmaqla, ətraf rayonların işğalının qarşını almışdı.
Həmin hərbi əməliyyatlara Milli Məclisin o vaxtkı sədri İsa Qəmbər Füzuliyə gedərək şəxsən rəhbərlik etmişdi. İsa Qəmbərlə yanaşı ölkənin siyasi rəhbərliyinə daxil olan bir sıra şəxslər də Füzulinin müdafiəsində birbaşa iştirak eləmişdilər.
1993-cü ilin aprelindəki müharibə ilə 2016-cı ilin aprelindəki müharibənin şərtləri, şəraiti, Azərbaycanın hərbi, siyasi imkanlarının müqayisəsi üçün İsa Qəmbərlə söhbət etdik. İ.Qəmbər “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müharibə elə bir ciddi məsələdir ona dövlət səviyyəsində yanaşılmalıdır: “Bir neçə gün əvvəl facebook səhifəmdə tanınmış Çin hərbi strateqi Sun Tzu’nun 2500 il əvvəl yazılmış ”Hərb sənəti" kitabından bir sitat yaymışdım. Orada deyilirdi: “Savaş sənəti bir dövlət və millət üçün həyatidir. Ölüm və dirim arasında qalmaqdır. Mütləq yaxşı bilinməli və yaxşı gerçəkləşdirilməlidir. Heç bir səbəb onun yaxşı hazırlanmamasına, yaxşı gerçəkləşdirilməməsinə bəhanə və bəraət ola bilməz”. Savaş məcburi bir işdir. Normal, ağlı başında olan bütün insanlar sülh tərəfdarıdır, amma hücuma məruz qalan dövlət əlbəttə özünü müdafiə etməyi bacarmalıdır, torpaqlarını işğaldan azad etmək üçün hər şeyə hazır olmalıdır. Bu, şəksiz, şübhəsizdir.
“Müharibədə ən önəmli məkan yüksəkliklərdir, yaşayış məntəqələrindən öncə yüksəklikləri azad etmək, yüksəklikləri tutmaq vacibdir”
|
Təbii ki, bu məsələlərə dövlət səviyyəsində yanaşılmalıdır. 1993-cü ilin aprelində Füzuli demək olar ki, 3 tərəfdən mühasirəyə alınmışdı. Rayonun işğalı təhlükəsi qonşu rayonlar üçün də təhlükə yaradırdı. O zaman Füzuliyə getməyimiz və qəhrəman əsgərlərimizin, Milli Qvardiyamızın və xüsusi təyinatlı dəstələrin fədakarlığı sayəsində Məngələnata yüksəkliyini azad etməyimiz Füzulini, həmçinin digər rayonları işğaldan qurtardı. Bu, o zamanın bir faktı idi. Professional hərbçilər gözəl bilirlər ki, müharibədə ən önəmli məkan yüksəkliklərdir. Yaşayış məntəqələrindən öncə yüksəklikləri azad etmək, yüksəklikləri tutmaq vacibdir. Yüksəkliklər kimdədirsə, ərazi də, strateji üstünlük də həmin tərəfdə olur".
İ.Qəmbər vurğuladı ki, bu baxımdan müharibənin indiki - 2 aprel mərhələsində baş verən hadisələr də diqqətlə öyrənilməli, araşdırılmalıdır: “Baş verən hadisələr haqqında müxtəlif rəylər var. Bəziləri çox yüksək qiymətləndirirlər, bəziləri bunun dəyərini, miqyasını azaltmağa çalışır. Amma bütün ciddi ekspertlər qeyd edirlər ki, Azərbaycan ordusu müəyyən irəliləyiş əldə edib, bəzi yüksəklikləri nəzarətə götürüb. Təbii ki, bu, önəmli bir hadisədir. Bu üstünlükdən istifadə olunmalıdır. Eyni zamanda məncə 2 aprel əməliyyatını bütövlükdə Ermənistanı sülhə məcburetmə əməliyyatı adlandırmaq daha düzgün olardı. Çünki Ermənistanın nəzarəti altında olan, Ermənistan vasitəsilə Rusiyanın nəzarətində olan Dağlıq Qarabağ və işğaldakı ətraf rayonlarda 20 ildən artıqdır istehkamlar yaradılıb, müdafiə xətti qurulub, ərazi minalanıb və sair. Ermənistan və Rusiya hərbçiləri, həm də bəzi başqaları belə bir rəy yaratmağa çalışırdılar ki, bu, keçilməz istehkamlardır. Savaşın 2 aprel mərhələsində qəhrəman Azərbaycan əsgərləri və zabitləri sübut etdilər ki, onlar üçün keçilməyən heç bir hərbi istehkam yoxdur. Bu, hesab edirəm ki, ciddi bir hadisədir. Sadəcə olaraq indi Azərbaycan dövləti, Ermənistan tərəfi ədalətli sülhə razı olmağa doğru addımlar atmalıdır. Bunun üçün müəyyən şərait yetişib və bu şəraiti ciddi dəyərləndirmək lazımdır. Hesab edirəm ki, bu mərhələdə Azərbaycanın müasir silahlarının olması, Azərbaycan ordusunun qəhrəmanlığa və fədakarlığa hazır olması və cəmiyyətdəki yekdillik kifayət qədər ciddi faktorlardır. Əgər Azərbaycan hakimiyyəti bu faktorlardan istifadə etməyəcəksə, təbii ki, ciddi bir zaman itkisinə, daha ciddi itkilərə gətirib çıxara bilər”.
İ.Qəmbər qeyd etdi ki, Elçibəy hakimiyyəti ilə indiki hakimiyyətin müqayisəsi isə geniş bir mövzudur:“Elçibəy hakimiyyəti bir tərəfdən gerçək savaş aparırdı, gerçək bir şəkildə torpaqlarımızı işğaldan azad edirdi, bəllidir ki, bizim hakimiyyət dönəmində işğal olunmuş torpaqların üçdən ikisinə qədəri işğaldan azad edilmişdi. Eyni zamanda bizim hakimiyyət ciddi diplomatik iş aparırdı. Həmin diplomatik işin sayəsində BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması haqqında qətnamələr qəbul etməyə başladı. Həmin diplomatik işin sayəsində 1993-cü ilin iyununda ABŞ, Türkiyə və Rusiyanın birgə təşəbbüsləri oldu və savaşın bitməsi, ədalətli sülhə nail olunması istiqamətində addımlar atılmağa başladı. Yəni hərbi komponentlərlə siyasi və diplomatik komponentlər bir yerdə hərəkətə gətirilməlidir. Bir yerdə bütün faktorlardan, amillərdən dövlətin, xalqın mənafeyi naminə istifadə olunmalıdır. Elçibəy hakimiyyəti buna qadir idi. İndiki hakimiyyət buna qadirdirmi, zaman göstərəcək”.
Xatırladaq ki, 1993-cü ildə Qarabağda kəskin müharibənin gedişi zamanı İsa Qəmbərin prezident Əbülfəz Elçibəyə onu müdafiə naziri təyin etməsi üçün təklif etdiyi, ancaq prezidentin bu təklifi qəbul etmədiyi barədə açıqlamalar verilib. Bu barədə ilk dəfə AXC iqtidarının baş naziri Pənah Hüseyn vaxtı ilə “7 gün” qəzetinə müsahibəsində demişdi. P.Hüseyndən sitat: “Bu, İsa bəyin öz təklifi idi. Həmin dövrdə vəziyyət olduqca ağırlaşmışdı. Kəlbəcər rayonunun işğal olunması və Füzuli ətrafında ağır döyüşlər zamanı İsa bəy təklif etdi ki, o Ali Sovetin sədri vəzifəsindən getməyə hazırdır. Belə hesab edirdi ki, dövlətin bütün qüvvələrinin müharibəyə səfərbərliyi üçün yüksək nüfuza malik şəxsin Müdafiə Nazirliyinə başçılıq etməsi vəziyyətdən çıxış olardı. Lakin Elçibəy belə hesab etdi ki, İsa Qəmbərin Ali Sovetin sədri kimi qalıb işləməsi daha vacibdir”.
“Savaşın 2 aprel mərhələsində qəhrəman Azərbaycan əsgərləri və zabitləri sübut etdilər ki, onlar üçün keçilməyən heç bir hərbi istehkam yoxdur”
|
Elçibəy hakimiyyəti zamanında Milli Qvardiyanın zabiti olmuş polkovnik Əzizağa Süleymanovun mediada 2014-cü ilin iyununda dərc olunan xatirələrində bildirilirdi ki, 1993-cü ilin aprelin əvvəlində Füzuli rayonu ermənilər tərəfindən işğal olunmaq üzrə idi və bu işğalın qarşısının alınmasında xüsusi xidmətlərinə görə ona və İsa Qəmbərə prezident Elçibəy Milli Qəhrəman adı veribmiş: “Milli Qəhrəmanı adı mənə 9 aprel 1993-cü ildə Füzuli rayonuna döyüş bölgəsinə gələn ölkə prezidenti Əbülfəz Elçibəy tərəfindən verilmişdi.
Təqdimatın yazılması XDMX-nin rəisi general Vaqif Axundovun, Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirovun yanında MQ-nın elə həmin gün komandanı təyin edilmiş polkovnik-leytenant Tahir Məmmədova tapşırılmışdı. Milli Qəhrəman təqdimatının yazılmasını alay komandiri Elmar Hüseynova tapşırılmışdı. Tam arxayın idim ki, bu barədə prezidentin fərmanı olacaq. Amma Gəncə şəhərində Surət Hüseynovla əlaqədar siyasi vəziyyət elə bir həddə çatmışdı ki, heç təqdimat yada düşmürdü. Sonrakı illərdə Elçibəy tərəfindən mənə verilmiş Milli Qəhrəman adının mətbuatda rəsmi elan edilməməsinin səbəbi mənə bəlli olmuşdu. Sən demə, Milli Qəhrəman adı eyni vaxtda mənə və Füzuli döyüş bölgəsinə gəlib müdafiə şəraitini yaradan İsa Qəmbərə verilibmiş. İsa Qəmbər təvazökarlıq edərək öz adını fərmandan çıxartdırmaq istəyib. Buna görə də Elçibəy tərəfindən verilmiş fərmanın mətbuatda elan edilməsi ləngidilmişdi. Sonra isə iyun qiyamı baş verdi və hakimiyyət dəyişdi”.
Ə.Süleymanovun bundan əvvəlki xatirələrinin birində isə bildirilirdi ki, Füzulidə İsa Qəmbər hərbçilərə “Ya hamımız burada şəhid olacağıq, ya da rayonun işğalının qarşısını alacağıq” deyib. Nəticədə Məngələnata azad edilib və Füzulinin o zaman işğalının qarşısı alınıb.
Etibar SEYİDAĞA