DİN Mehman Hüseynovdan, bloqqer isə polislərdən ŞİKAYƏTÇİDİR

Картинки по запросу Mehman Hüseynovdan

Mehman Hüseynov: “Məhkəmədə lütlənib, hakimə göstərdim ki...”; Ehsan Zahidov: “Bizim də, onun da müraciətləri araşdırılacaq və lazımi hüquqi qiymət veriləcək” 

 

Daxili İşlər Nazirliyi (DİN) Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət qaldırıb.
Nazirliyin mətbuat xidmətindən mediaya verilən məlumata görə, bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər.
Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub.
Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Mehman Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ona qarşı vəsatət qaldırılması səbəbsiz deyil. Müsahibimiz bunu qarşı tərəfin qabaqlayıcı tədbiri adlandırdı: “Çünki Nəsimi rayon Məhkəməsində mən və vəkillərim vəsatət qaldırdıq ki, mənə qarşı zorakılıq faktları olub. Hətta vəziyyət o dərəcəyə çatdı ki, mən lütlənib, məhkəmədə cinsiyyət orqanımı hakimə göstərdim ki, görün mənə bölmədə nələr ediblər. 
 
Image result for Mehman Hüseynov
Hətta hakim də şoka düşmüşdü ki, bu nə edir. Vəkillərim məhkəmədə bir neçə vəsatət qaldırmışdı. Amma hakim onlardan cəmi birini qəbul etdi. O da bundan ibarət idi ki, mənə qarşı işgəncələrlə bağlı hakimin özü Bakı şəhər Prokurorluğuna müraciət edib. Bu, Azərbaycan məhkəmələrində ilk belə hal idi ki, hakim vətəndaşa qarşı hansısa qanunsuzluqla bağlı şikayətin araşdırılması üçün özü təşəbbüs göstərib, müraciət edir. Hakim işi göndərib. Dünən mənə Bakı şəhər Prokurorluğundan zəng ediblər. İşi araşdırmaq istəyirlər, tibbi ekspertizadan keçirirlər məni. Qan olmuş köynəyimi ekspertizaya göndərdilər. Bütün bədənim müayinə olundu. O hadisə ilə bağlı araşdırmaya başlanıb. Mən tələb etmişdim ki, mənə qarşı qanunsuzluq edən polislər cəzalandırılsın və mənə dəyən ziyana görə kompensasiya tələb etmişdim. Hakim işi araşdırmağa başlayıb. Ayağımın ortasından qarnıma qədər o damar pis vəziyyətdədir. Vəsiqəm yoxdur deyə həkimə gedib müalicə də oluna bilmirəm”.
Image result for Ehsan zahidov
Müsahibimiz bildirdi ki, onun yalan danışması ilə bağlı DİN rəsmiləri tərəfindən yayılan açıqlamalar da həqiqəti əks etdirmir.
DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu hadisə ilə bağlı dəfələrlə təmsil etdiyi qurum səviyyəsində açıqlamalar verilib və buna görə də bu haqda çox danışmağa ehtiyac görmür. Müsahibimiz M.Hüseynovun polis zorakılığına məruz qalması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməsinə də münasibət bildirdi: “O da onun hüququdur. Bu, hər bir Azərbaycan vətəndaşının müstəsna hüququdur. Bütün hallarda bizim də, onun da müraciətləri araşdırılacaq və lazımi hüquqi qiymət veriləcək”.






Fikirlər