“250 min verməsən, səni “podvala” göndərəcəyik” – Elşad Abdullayevin adı “MTN işi”ndə
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib. İclas Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin binasında keçirilir. Proses başlamazdan əvvəl jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müdafiə etdiyi şəxs ötən proses zalda olan jurnalistə irad bildirib: “Həmin adam da dedi ki, zərərçəkmiş şəxsin nümayəndəsiyəm. Bu zaman Çovdarov dedi ki, həmin şəxs məhkəmədə olanları qərəzli yazır. Ona görə digər jurnalistlər də zala buraxılsın. Bizim də ötən proseslərdə bununla bağlı vəsatətlərimiz olub. Hakim Həbib Həsənov isə bildirib ki, jurnalistlərin zala buraxılmamasına heç bir məhdudiyyət yoxdur”. Proses başlayanda vəkillər jurnalistlərin yenə də zala buraxılması ilə bağlı Həbib Həsənova müraciət edib. Hakim isə bildirib ki, nəzarətçilərə elə bir göstəriş verilməyib. Proses haqqında jurnalistlərə Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib. O bildirib ki, prosesdə Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin kiçik inspektoru olmuş Neyman Kərimov sərbəst ifadə verib. Onun məhkəmədə verdiyi ifadə ilə istintaqa ifadəsi arasında ziddiyyət olub. Belə ki, şahid istintaqda Akif Çovdarovu tanımadığını desə də, məhkəmədə Çovdarovu tanıdığını və hətta görüşdüyünü bildirib. İstintaqa zərərçəkmiş şəxs qismində dindirilən Kərimov Neman Süleyman oğlu ifadəsində göstərib ki, 2009-cu ilin avqust-dekabr aylarında, axşam saat 11-12 radələrində dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib orada istirahət ediblər: “Səhəri gün saat 11-12 radələrində Elvinlə birlikdə qaldığımız otelin qapısı döyüldü, qapını açdıq. Daha sonra bir neçə nəfər şəxs otağa daxil oldu. Onlardan biri – hündür boylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirdi və nazirliyə getməli olduğumuzu dedi. Bizi nazirlyə gətirdilər. Səlim Məmmədov və Elçin Çıraqov oraya gəldilər. Elçin Çıraqovu və Səlim Məmmədovu görən kimi dərhal tanıdım. Belə ki, Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanış olmuşdum. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşürdük. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında tanış olmuşam”. Zərərçəkən şəxs istintaqa ifadəsində bildirib ki, onun saxlanmasının başqa səbəbi olub: “Səlim içəridə mənə “Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz” dedi. Səlimdən bu sözün mənasını soruşdum, lakin o, gülərək “mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim” dedi. Bundan sonra Səlim mənə “barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30 min manat borc pul almısan, qaytarmamısan”. Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyırdım. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayırdı. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış etmişdi. Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturub əylənmişik. Elçin sonradan Sevinci Səlim Məmmədovla tanış edib. Həqiqətən də Sevincdən borc olaraq 30 min manat pul almışam. Həmin pulu Sevincdən nə səbəbə borc aldığımı isə xatırlamıram”. Neyman Kərimov ifadəsində göstərib ki, 2009-cu ilin iyun-iyul aylarında Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb: “Həmin vaxt orada Sevinc Məmmədovanı gördüm. Sevinc mənim barəmdə şifahi şikayət etdi. Mirələkbər Seyidov isə öz otağında mənin yanımda Sevincə 10 min manat pul verdi ki, məndən şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20 min manat borcum qaldı. Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov «Sevinc səndən şikayət edib ki, sən ondan 30.000 manat borc pul almısan» dedi. Sidiyimi test elətdirdi. Bundan sonra Səlim belindən «Makarov» tipli silahı çıxarıb mənə verdi və «bir dəqiqə bunu saxla» dedi. Lakin əlimi silaha vurmadım. Səlim və Elçin mənə «250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib «podval»a göndərəcəyik» dedilər. Bir qədər sonra Sevinci otağa gətirdilər və o, mənim üzümə qarşı 30 min manat pulu borc aldığımı təsdiq etdi. Səlim və Elçinlə uzun alverdən sonra 80 min manata razılaşdıq. Dedilər ki, 30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə onlara. Başqa çıxış yolum olmadığımı görüb dayım oğlu Zakir Mövsümova zəng elədim. Dayımoğlu pulu gətirdi. Pulu Səlimə və Elçinə verdim” (lent.az).