Bakı meri növbəti atəşfəşanlığa HAZIRLAŞIR
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Novruz bayramını - “İlaxır çərşənbə” gününü təntənəli şəkildə təşkil edəcək. Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib. N.Məmmədova qeyd edib ki, tədbir iştirakçıları martın 14-də saat 09.30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşacaq: “Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük bayram karvan Suraxanı “Atəşgahı”na yola düşəcək. Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu”stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək. Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələrək Bayram Tonqalı alovlandırılacaq”. Qurum rəsmisi qeyd edib ki, Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq. AzerTaym.az